Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib FOTO


Kriminal 14 İyl 2018 18:55:27 288 0

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib  FOTO

İyulun 14-də Daxili İşlər Nazirliyində 2018-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

İclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təklifi ilə iyulun 10-da radikal dini yönümlü bir qrup ekstremistin Gəncə şəhərində ictimai asayişin kobud şəkildə pozulması cəhdinin qarşısı alınan zaman xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş polis zabitləri İlqar Balakişiyevin və Səməd Abbasovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nazir əvvəlki dövrlərdə əldə olunmuş müsbət nəticələrin bu ilin altı ayında daha da inkişaf etdirildiyini, kriminogen durumun nəzarətdə saxlanıldığını, ölkəmizdə keçirilmiş prezident seçkiləri dövründə, eləcə də "2018 Formula 1 Azərbaycan Qran Prisi" zamanı ictimai asayişin və təhlükəsizliyin təmini vəzifələrinin və qarşıya qoyulmuş tapşırıqların layiqincə yerinə yetirildiyini bildirib, 100 illik yubileyi münasibətilə şəxsi heyətə ünvanladığı təbrikdə ölkə rəhbərimizin cinayətkarlıqla mübarizədə, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin edilməsində polisin rolunu yüksək qiymətləndirdiyini nəmnunluqla xatırladıb.

Eyni zamanda, iyulun 3-də Mingəçevirdəki "Azərbaycan" İstilik Elektrik Stansiyasında baş vermiş qəzanın fəsadlarının aradan qaldırılması və ictimai təhlükəsizliyin təmini istiqamətində daxili işlər orqanlarının fəaliyyətinin möhtərəm dövlət başçımız tərəfindən yüksək qiymətləndirildiyi xüsusi qeyd olunub.

Sonra geniş məruzə ilə çıxış edən daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 12.844 cinayətin qeydə alındığını, bu cinayətlərin 93,8 faizinin daxili işlər və prokurorluq orqanları tərəfindən istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olduğunu, onların 89,4 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10,6 faizininin ağır və xüsusilə ağır növlər təşkil etdiyini bildirib.

Qeyd olunub ki, profilaktik işin gücləndirilməsinin, kriminogen durumun fasiləsiz izlənilməsinin nəticəsi olaraq, cinayətkarlığın dinamikasında mövcud olan müsbət təmayüllər ötən 6 ayda daha da yaxşılaşıb. Belə ki, cinayətlərin sayı 3,4 faiz, o cümlədən ağır və xüsusilə ağır növlər 28,6, qəsdən sağlamlığa ağır zərər vurmalar 2,9, mülkiyyət əleyhinə olan cinayətlər 14, onlardan oğurluqlar 7,1, quldurluqlar 12,7, yol-nəqliyyat hadisələri 5, qəzalarda həlak olanların sayı isə 1,3, xəsarət alanların sayı isə 8,3 faiz azalıb.

Kriminal qəsdlərin qurbanlarının pozulmuş hüquqlarının bərpası istiqamətində peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə hesabat dövründə cinayətlərin açılması yaxşılaşaraq 86,4 faiz təşkil edib. O cümlədən, 2017-ci ilin 6 ayı ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlərin açılması 2,1, şəxsiyyət əleyhinə olanların açılması 0,6, adam öldürməyə cəhdlərin açılması 1,8, mənzillərdən edilən oğurluqların açılması 2,6, avtonəqliyyatın qaçırılması cinayətlərinin açılması 12,8 faiz artıb. Prokurorluq orqanları ilə birgə davam etdirilən istintaq hərəkətləri və əməliyyat tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış 188 cinayət açılıb.

Hüquqazidd əməllərin profilaktikasında və cinayətkarlıqla mübarizədə informasiya texnologiyalarının tətbiqinin əhəmiyyətindən danışan nazirin birinci müavini bildirib ki, "102" Zəng mərkəzinə daxil olan məlumatlar üzrə görülən operativ tədbirlər və əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 967 cinayət "isti izlər"lə açılıb, 5.153 hüquqazidd əməlin qarşısı alınıb, 1993 cinayət işi başlanılıb. Həmçinin "Təhlükəsiz şəhər" xidmətinin imkanları ilə 248 cinayət açılıb, 9413 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 246 hadisə aşkarlanıb, axtarışda olan 52 avtomobil saxlanılıb.

Cinayətə görə məsuliyyətin labüdlüyünün təmini işi də nəzarətdə saxlanılıb, bütövlükdə, axtarış işinin nəticələri 2 faiz yaxşılaşaraq 57,4 faiz təşkil edib.

Məruzəçi bildirib ki, 6 ayda mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 441, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 47 qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 82 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı mübarizə tədbirləri səmərəli olmaqla bu sahədə müəyyən edilmiş 1708, o cümlədən satışı ilə bağlı olan 525 fakt üzrə cinayətkarlardan 734,4 kiloqram narkotik vasitə götürülüb ki, bu da ötən ilin 6 ayı ilə müqayisədə 131 kiloqram çoxdur. Xüsusi plan əsasında cari ilin may ayında başlanılmış tədbirlərlə qanunsuz kultivasiya edilən və yabanı halda bitən 78,8 ton çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

İnsan alverinə qarşı mübarizədə müvafiq qanunvericilik aktları və Milli Fəaliyyət Planı əsasında görülən işlərin ardıcıl davam etdirildiyi, 105 insan alveri cinayətinin müəyyən edildiyi, 18 nəfərdən ibarət 8 cinayətkar qrupun zərərsizləşdirildiyi, bu faktlar üzrə başlanılmış cinayət işlərinin istintaqı çərçivəsində 17 nəfərin məhkəmə məsuliyyətinə cəlb olunduğu, habelə insan alverinin qurbanı olmuş 66 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edildiyi diqqətə çatdırılıb.

Polis general-leytenantı V.Eyvazov daha sonra deyib ki, istintaq zamanı dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi 14,6 faiz yaxşılaşaraq 88,3 faiz təşkil edib.


Xəbərə aid fotolar