"Bilmədən onu bıçaqla vurdum"


Kriminal 30 İyn 2018 15:59:03 276 0

"Bilmədən onu bıçaqla vurdum"

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Sənan Əzimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report.az-a istinadən bildirir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə S.Əzizov özünü qismən təqsirli bildiyini deyib.

O, cinayəti tamah niyyəti ilə törətmədiyini söyləyib: "Rüfət mənim uşaqlıq dostum olub. Düzdür, ona borcum olub, amma Rüfəti öldürmək niyyətim olmayıb. İş qurmaq üçün ondan 6 min manat borc aldım. Yanımda işlədi, ona 1500 manat qaytardım. Yanımda işlədiyinə görə ona əlavə aylıq pul da verirdim. Sonra məndən pul istədi, söz verdim ki, qaytaracağam. Məni çağırdı görüşə, ondan spirtli içki iyi gəlirdi. Söhbət zamanı mənə əl atdı. Bir neçə dəfə onu sakitləşdirdim. Amma gözləmədiyim anda onu yumruqla vurdum. Sonra onu yerdən qaldırdım. Dedi ki, gedək dostlarımı çağırıb söhbət edək. Razılaşmadım, bildirdim ki, "sənin yaxın dostun mənəm". Mənə zəng gəldi, danışan zaman yerdən nəsə götürüb üstümə gəldi. Bu zaman geri çəkildim, bilmədən onu bıçaqla vurdum. Həmin bıçağı da mağazadan almışdım".

S.Əzizov qeyd edib ki, hadisədən əvvəl mərhum Rüfət Palejniyin beynini kimsə doldurub, onun üzərinə göndərib.

O, əməlindən peşman olduğunu söyləyib. Bildirib ki, mərhumdan aldığı borcu onun yaxınlarına qaytaracaq.