Məhbusların qaçmasında təqsirləndirilən Fədayə Laçın və digərilərinin cinayət işi yekunlaşdı


Kriminal 28 İyn 2018 14:34:00 376 0

Məhbusların qaçmasında təqsirləndirilən Fədayə Laçın və digərilərinin cinayət işi yekunlaşdı

Bakıda məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək həbs edilən müğənni Fədayə Laçın, Penitensiar Xidmətin qaroul rəisi Ceyhun Səmədov və digər 11 nəfərin işi üzrə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Son.az bildirir ki, bu barədə Trend-ə C.Səmədovun vəkili Vilayət Nadirov məlumat verib.

Vəkil bildirib ki, bu gün işi aparan müstəntiq təcridxanada təqsirləndirilən şəxslərlə görüşüb və cinayət işinin istintaqının yekunlaşdığını elan edib: "Müstəntiq cinayət işinin istintaqının yekunlaşdığını elan etdi. Yaxın günlərdə cinayət işi tanış olmaq üçün təqsirləndirilən şəxslərə təqdim ediləcək, daha sonra isə iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək".

Qeyd edək ki, 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Ədliyyə Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda qeyd olunub ki, bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən dərhal Əməliyyat Qərargahı yaradılaraq həbsdən qaçmış şəxslərin digər hüquq-mühafizə orqanları ilə əlaqəli surətdə axtarışı və yaxalanması üzrə bütün zəruri tədbirlər görülüb. Hadisənin baş verməsini yaradan şərait və səbəblərin araşdırılması üçün hərtərəfli prinsipial xidməti yoxlama aparılıb.

Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar. Bundan əlavə, həbs edilmiş şəxslərin vaqonda müşayiətini bilavasitə təmin edən qarovul rəisi Ceyhun Səmədov və digər 7 əməkdaş ədliyyə orqanlarından xaric edilib, Penitensiar xidmətin bir çox digər aidiyyəti məsul işçiləri ciddi intizam məsuliyyətinə cəlb olunublar.