RusiyaAzərbaycan: münasibətlərin parlamentlərarası aspekti


Siyasət 26 İyn 2018 19:29:00 391 0

RusiyaAzərbaycan: münasibətlərin parlamentlərarası aspekti

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi parlament nümayəndə heyətinin Bakıya işgüzar səfəri başa çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, nümayəndə heyətinin üzvü, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev rusiyalı parlamentarilərin azərbaycanlı həmkarları ilə müzakirə etdikləri məsələlər, səfər çərçivəsində əldə olunmuş əsas razılaşmalar haqqında danışıb.

- Dmitri İvanoviç, uzun müddətdir ki, Rusiya ilə Azərbaycan arasında iki ölkənin prezidentləri səviyyəsində kifayət qədər intensiv əlaqələr mövcuddur. Parlamentlərarası səfərlər bu əlaqələrin inkişafına nə kimi töhfələr verir?

- Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyev Rusiya nümayəndə heyətinin rəhbəri Vyaçeslav Viktoroviç Volodin ilə söhbətində vurğulayıb ki, ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində parlamentlərarası əməkdaşlıq da böyük önəm daşıyır. Ölkələrimiz arasında münasibətlər konstruktiv və çoxşaxəli xarakterə malikdir. Təkcə dövlətlər və hökumətlər arasında yüzdən çox saziş imzalanıb. Bu sazişlər əməkdaşlığın iqtisadiyyat, ticarət, nəqliyyat və energetikadan tutmuş, mədəniyyət və təhsilədək ən geniş sahələrini əhatə edir. Təbii ki, təkcə prezidentlərin görüşləri səviyyəsində bu məsələləri təfsilatı ilə müzakirə etmək mümkün deyil: Vladimir Vladimiroviç Putin və İlham Heydər oğlu Əliyev ölkələrimiz arasında əməkdaşlığa dair strateji qərarlar qəbul edirlər, parlamentarilərin vəzifəsi isə onları qanunvericilik məzmunu ilə tamamlamaqdır. Rusiya və Azərbaycan parlamentləri arasında ümumi işin istiqamətlərini təshih edən bu cür görüşlər nə qədər tez-tez keçirilərsə, Rusiya-Azərbaycan qarşılıqlı fəaliyyəti də o qədər məhsuldar olar.

-Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ilə görüşündə hansı mühüm məsələlərə toxunulub?

- Rusiyalı və azərbaycanlı həmkarlar söhbət zamanı ölkələrimiz arasında ticari münasibətlərin təhlilindən dövlətlərarası əlaqələrimizdə rus dilinin əhəmiyyətinə qədər bir çox mühüm mövzulara toxunublar. Qeyd edilib ki, heç bir başqa ölkədə rus dilinə hörmət və onun məktəblərdə tədrisi Azərbaycanda olduğu qədər yüksək səviyyədə deyil. Bu, həmsöhbətlərə tərcüməçi olmadan ünsiyyət yaratmaq imkanı verir. Azərbaycanlı gənclər isə rus dilini bilmələri sayəsində Rusiyada təhsil ala və karyera qura bilərlər.

Bundan başqa, Vyaçeslav Volodin Oqtay Əsədova qarşılıqlı fəaliyyətimizin yeni effektiv formatını - Rusiya Dövlət Duması və Azərbaycan Milli Məclisi arasında parlamentlərarası komissiya yaradılmasını təklif edib. Bu komissiya çərçivəsində hər iki ölkənin vətəndaşlarını narahat edən konkret problemlər müzakirə ediləcək və operativ şəkildə həllini tapacaq. Xüsusi qeyd edim ki, Rusiya ilə Azərbaycan arasında beynəlxalq avtomobil daşımaları haqqında sazişə yenidən qayıtmaq olar. Əgər yükdaşımaların həyata keçirilməsində gömrük prosedurları sadələşdirilsə, onda ölkələrimiz arasında qarşılıqlı ticarəti stimullaşdıracaq yük axınını dəfələrlə artıra bilərik.

- Lakin parlamentarilərin görüşündə də qeyd edildiyi kimi, bunlar olmadan da Rusiya-Azərbaycan ticarət dövriyyəsi inamlı yüksəliş dövrünü yaşayır.

- Həqiqətən, ikitərəfli ticarətdə artım templəri yüksəkdir: 2017-ci ildə Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 22 faiz artaraq 2 milyard dollara çatıb, cari ilin beş ayı ərzində isə 23,5 faiz - 919,3 milyon dollaradək artıb. Rusiyanın Azərbaycana sərmayələrinin həcmi 4,2 milyard dollara yüksəlib, qarşı tərəfdən kapital qoyuluşu axını isə təkcə ötən ildə 1 milyard dolları keçib. Bu gün Azərbaycan artıq Rusiya Federasiyasının 78 ərazi vahidi ilə birbaşa regionlararası əlaqələr saxlayır və qanunvericilər arasında qarşılıqlı fəaliyyət bu əlaqələrin, sadəcə, daha effektiv olmasına yönəldilməlidir.

-Yəqin ki, bu səbəbdən parlament nümayəndə heyətinə Stavropol diyarının və Dağıstan Respublikasının regional qanunvericilik orqanlarının rəhbərləri daxil edilmişdi.

- Federasiyanın bu subyektləri Azərbaycanla ticarət əlaqələrini daha dinamik inkişaf etdirirlər. Stavropolun kənd təsərrüfatı müəssisələri hər il azərbaycanlı istehlakçılara milyon ton taxıl, 200 min ton günəbaxan və raps göndərirlər. Öz növbəsində, Azərbaycanın "Karat Holdinq" şirkətlər qrupu Kislovodskun "Akademiçeski" sanatoriyasında 450 yerlik müalicə ocağı yaratmaq üçün rekonstruksiya işlərinə 40 milyon dollar vəsait qoyur, "Qrin Tek" şirkəti isə Stavropol diyarında istixana inşa edir.

Dağıstan və Azərbaycan Dağıstan ərazisində bərk məişət tullantılarının emalı sahəsini birgə inkişaf etdirmək və orqanik tullantılar üzrə bioelektrik stansiyası tikmək niyyətindədirlər. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti sürətli elektrovozların hərəkət edəcəyi Azərbaycan-Dağıstan birbaşa reysini açmağı planlaşdırır. Bu dəmir yolu xətlərindən biri Şahdağ Milli Parkının ərazisində yerləşən dağ-xizəkçilik kurortuna salınacaq ki, bu da şübhəsiz, ölkələrimiz arasında turist mübadiləsinə əlavə təkan verəcək.

- Ötən il Rusiyadan Azərbaycana 850 mindən çox turist gəlib. Bu, 2016-cı illə müqayisədə 18 faiz çoxdur. Sizcə, rusiyalı turistlərin Azərbaycana axınını artıran səbəb nədir?

- Bu gün Azərbaycana gələn hər üç turistdən biri rusiyalıdır. Belə çıxır ki, cari ilin göstəriciləri daha yüksək olacaq: ilin əvvəlindən Azərbaycana ötən illə müqayisədə 6 faiz çox rusiyalı turist gəlib. Bizim vətəndaşlar "Odlar yurdu"nun görməli yerlərini Avropa ölkələrindən daha üstün tutmağa başlayır, çünki Azərbaycanda rahatlıq və təhlükəsizliklə yanaşı, azərbaycanlıların Rusiyadan gələn qonaqlara səmimi münasibəti də onları cəlb edir. Məhz burada biz işgüzar münasibətlərdən ən qiymətli sferaya - xalqlar arasında valyuta ilə ölçülməyən dostluğa keçirik. Bütün bunlar da dövlətlərarası strukturlar və nümayəndə heyətlərinin, o cümlədən Azərbaycana yenicə səfər etmiş rusiyalı parlamentarilərin gördükləri böyük işlərin tərkib hissələridir.