"Silahlı Qüvvələrimiz hər an öz möhtəşəm döyüş qabiliyyəti ilə istənilən təxribatların, hücumların qarşısını ala bilər"


Siyasət 26 İyn 2018 13:22:00 315 0

"Silahlı Qüvvələrimiz hər an öz möhtəşəm döyüş qabiliyyəti ilə istənilən təxribatların, hücumların qarşısını ala bilər"

İlk növbədə, fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqını Ordu Günümüzün 100 illiyi və keçirilmiş möhtəşəm hərbi parad münasibəti ilə təbrik edirəm.

Son.az xəbər verir ki, bu fikirləri SİA-ya ekspert Bəhruz Quliyev bildirib. Onun sözlərinə görə, son illər ərzində məhz Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan hərbi potensialını xeyli artırıb, ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Eyni zamanda, maddi-texniki təchizat və döyüş qabiliyyəti artırılıb, Silahlı Qüvvələrimiz Cənubi Qafqazın ən güclü ordusu sırasında yer almaqla yanaşı, dünya orduları sırasında 50-ci yerdə qərarlaşıb: "Cənab İlham Əliyev hərbi paraddakı çıxışında bu və digər əhəmiyyətli nüanslara toxunaraq vurğuladı ki, Ordumuz müasir maddi-texniki təchizat baxımından dünyanın ən nadir ölkələrindən biridir və Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti yüksək səviyyədədir, hərbi sənayemiz ən müasir qaydalara uyğun olaraq inkişaf edir. Bəli, məhz bu mühüm faktorlar hər bir azərbaycanlıda iftixar və qürur hissləri oyadır".

Bəhruz Quliyev onu da bildirib ki, təkcə 2016-cı ilin aprel müharibəsində, eləcə də bu ilin mayında Naxçıvanda əldə edilən möhtəşəm hərbi zəfərlərimiz Ordumuzun gücünü və qabiliyyətini nümayiş etdirdi: "İşğal altında olmuş torpaqlarımızın düşmən tapdağından azad edilməsi mərhələsi ölkə rəhbərimizin də qeyd etdiyi kimi davam edəcək və bu parad Azərbaycan Ordusunun gücünü düşmənə və bütün dünyaya nümayiş etdirəcəkdir. Belə ki, cəbhədə əldə edilən qələbələr, xüsusilə aprel döyüşləri Ermənistanın öz ordusu ilə bağlı yaydığı mifi darmadağın etdi. Habelə, Naxçıvan əməliyyatı da göstərdi ki, Azərbaycan Ordusu güclü Ordudur vəistənilən vəzifəni yerinə yetirə bilər. Möhtərəm Ali Baş Komandanımız bu faktora da toxunaraq vurğuladı ki, Ermənistan Azərbaycanla rəqabət apara bilmir və heç vaxt buna nail ola bilməyəcək. O cümlədən, Azərbaycan heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcək. Əlbəttə, biz bu reallıqları öz gözlərimizlə görür və şahidi oluruq ki, Silahlı Qüvvələrimiz hər an öz möhtəşəm döyüş qabiliyyəti ilə istənilən təxribatların, hücumların qarşısını ala bilər".

Ekspertin sözlərinə görə, hektarlarla ərazilərimizdən geri atılan düşmən tərəfi də artıq bu gerçəkliyi anlayır. Çünki vaxtilə onların tapdağı altında olan ərazilərimizdə müqəddəs üçrəngli bayrağımız dalğalanmaqdadır: "Diqqət yetirin, dövlət başımız da bu məsələni önə çəkərək vurğuladı ki, bu gün hərbçilərimiz ermənilərin ərazimizdə qazdıqları səngərlərdə xidmət göstərirlər. Şanlı Ordumuz bunu əməli şəkildə bütün dünyaya sübut etdi. Söz yox ki, cənab Prezidentimizin də dediyi kimi, gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayrağı "Azadlıq" meydanına gətiriləcək və hərbi paradda nümayiş etdiriləcək. Biz, dövlətimizi sevən, onun uğrunda hər an canımızdan keçməyə hazır olan vətəndaşlar olaraq, məhz bu gerçəkliyə inanır, Ali Baş Komandanımızın ətrafında birləşərək, Onun əmrini gözləyirik. Ordu günümüz mübarək!"