Sumqayıt sakini qapısına gələn "su pulu yığan"ı bıçaqlayıb


Kriminal 22 İyn 2018 22:40:00 281 0

Sumqayıt sakini qapısına gələn "su pulu yığan"ı bıçaqlayıb

Hadisəni törədən abonentin 609 manat borcu var

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə şəhərin 42-ci məhəlləsində olub.

Sumqayıt Su-kanal İdarəsində debitor üzrə nəzarətçi kimi fəaliyyət göstərən Adil Balayev iş başında olarkən bıçaqlanıb.

Hadisəylə bağlı Sumqayıt Su-kanal İdarəsindən bildiriblər ki, ötən gün 16:00-16:05 radələrində, xidməti vəzifəsini yerinə yetirən Adil Balayev həmin məhəllədəki evlərdən birinin qapısını döyüb və abonentə 609 AZN borcu olduğu haqqında məlumat verib:

"Cavab olaraq abonent işçiyə bildirib ki, sənə demişəm mənim qapımı döymə. A.Balayev razılaşaraq aşağı mərtəbəyə düşüb, amma ev sakini əlində bıçaqla gələrək eyni sözləri təkrarlayıb və nəzarətçini itələyərək yerdə ona üç bıçaq zərbəsi endirib".