"Qabağımıza nə çıxıb oğurlamışıq"


Kriminal 12 İyn 2018 17:06:00 218 0

"Qabağımıza nə çıxıb oğurlamışıq"

Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən Novxanı, Corat və Qurd dərəsi bağları massivlərində, fərdi evlərdən silsilə oğurluqlar edərək insanlara külli miqdarda ziyan vuran şəxslərin saxlanılması istiqamətində xüsusi əməliyyat həyata keçirilib. Son.az ARB TV-yə istinadən xəbər verir ki, aparılan axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakinləri - Rüfət Abasəliyev və Tasim Dadaşov saxlanılıb.  İlkin ifadələri zamanı dəstə üzvləri Sumqayıt şəhəri və ətraf ərazilərdə yerləşən 23 bağ evindən kondisionerlər, noutbuklar, elektrik naqilləri, metaldan hazırlanan müxtəlif növ məişət əşyaları, habelə təmir-tikinti alətləri oğurladıqlarını bildiriblər.  Dəstə üzvləri əsasən mütəmadi yaşayış olmayan evlərdən oğurluq ediblər.  Rüfət Abasəliyev - saxlanılan şəxs: "Getmişik bağlar tərəfə, qabağımıza nə çıxıb oğurlamışıq. Dəmir-dümür, alüminium. Bir-iki dənə samovar da oğurlamışıq". Tasim Dadaşov - saxlanılan şəxs: "Ən azı 17-18 bağa girmişik, ən çox apardığımız şey alüminium məftil, samovar, dəmir, alüminium qazanlar, kondisioner olub". Saxlanılan şəxslər oğurladıqları məişət əşyalarını Sumqayıt şəhəri ərazisində yerləşən müxtəlif metal qəbulu məntəqələrinə dəyər-dəyməzinə sataraq əldə edilən pulu aralarında bölüblər. Əməliyyat tədbirlərinin davamı olaraq həmin metal qəbulu məntəqələrinin də sahibləri müəyyən ediliblər. Onların obyektlərinə baxış zamanı oğurlanan əşyaların bir qismi aşkar edilərək maddi sübut kimi götürülüb.  Rüstəm Cəfərov - metal qəbulu məntəqəsinin sahibi: "Bir nəfər gəldi yaxınlaşdı, cavan oğlan, dedi samovarım var, aldım. Sonra polislər gəldi, bildim ki, oğurluq çıxıb, qaytardım. Sənədsiz almışdım". Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.  Saxlanılanların digər cinayətlərdə iştirakları da istisna olunmur. Onların əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102 - Zəng Mərkəzi" Xidmətinə və ya Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edə bilərlər.


Xəbərə aid fotolar