Avstraliya Senatında Azərbaycanın ərazi bütövlüyünə dəstək


Siyasət 06 İyn 2018 13:35:00 246 0

Avstraliya Senatında Azərbaycanın ərazi bütövlüyünə dəstək

Avstraliya Senatının (Avstraliya Parlamentinin Yuxarı palatası) Xarici işlər, müdafiə və ticarət komitəsində rəsmi Kanberranın xarici və müdafiə siyasətinə dair dinləmələr keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, dinləmələr zamanı bir sıra məsələlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Avstraliyanın tutduğu mövqe müzakirə edilib.

Dinləmələr zamanı Yaşıllar Partiyasının üzvü olan senator Li Riannon (Lee Rhiannon) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sual ünvanlayıb. Belə ki, xanım L.Riannon Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean regionu üzrə naziri xanım Konçetta Fierravanti-Velsin (Concetta Fierravanti-Wells) "Avstraliya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, o cümlədən Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini qəti şəkildə dəstəkləyir" bəyanatına istinad edərək, bunun Avstraliyanın dəstəklədiyi ATƏT-in Minsk prosesinin bütün təməl prinsiplərinə uyğunluğunu sorğu edib.

Sualı cavablandıran Avstraliya Xarici İşlər və Ticarət Departamentinin Avropa və Latın Amerikası İdarəsinin rəhbəri xanım Ketrin Reyper (Catherine Raper) Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinin, habelə Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmamasının Avstraliya hökumətinin uzunmüddətli siyasəti olduğunu bir daha təsdiq edib. Həmçinin, o bildirib ki, rəsmi Kanberra ATƏT-in Misnk qrupunun fəaliyyətini dəstəkləyir.

Qeyd edək ki, məsələ ilə bağlı Avstraliya Senatında verilən açıqlama Avstraliya Erməni Milli Komitəsinin ciddi narazılığına səbəb olub.