Paşinyanın Gürcüstan səfərinin əsas məqsədi nədir?


Siyasət 30 May 2018 14:08:00 284 0

Paşinyanın Gürcüstan səfərinin əsas məqsədi nədir?

"Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstana yola düşüb. Bu, onun Baş nazir qismində ilk xarici səfəri sayıla bilər. O, baş nazir seçildikdən sonra ilk olaraq Dağlıq Qarabağa gəldi və separatçılara "ürək-dirək" verdi. Paşinyan daha sonra Soçiyə gedərək Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Ancaq bunu rəsmi səfər adlandırmaq çətindir. Çünki Paşinyan Avrasiya İqtisadi Birliyinin toplantısında iştirak etmək üçün Soçiyə getmişdi. Gürcüstana səfər isə rəsmi status daşıyır və iki gün çəkəcək".

Son.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Onun fikrincə, Nikol Paşinyanın Gürcüstana səfərinin və bu ölkə ilə əməkdaşlığa bu qədər önəm verməsinin əsas səbəbi Abxaziya üzərindən Ermənistana dəmir yolununu açılmasına Tiflisin icazəsinə nail olmaqdır: "Paşinyandan əvvəlki Ermənistan liderləri bunu çox arzulasalar da, Rusiya-Gürcüstan dəmiryolunun açılışına nail ola bilmədilər. Paşinyan bu yolun açılmasıyla xarici siyasətdə ilk uğurunu əldə etmək istəyir".

Lakin ekspertin sözlərinə görə, Paşinyanın Tiflisə səfərinin başqa məqsədi də var: "Cənubi Qafqaz ölkələrindən Avropa İttifaqı ilə ən sıx əlaqələri Gürcüstan qurub. Paşinyan Gürcüstanın bu təcrübəsini öyrənmək istəyir. Təsadüfi deyil ki, Nikol Paşinyan çıxışlarında Avropa İttifaqı ilə vizasız gediş-gəlişə nail olmaq istədiyini bildirib. Gürcüstan bu məqsədə daha tez nail olub".

Politoloq hesab edir ki, Ermənistanın dövlət başçısının Cavahetiya bölgəsinə səfəri də maraq doğurur: "Nikol Paşinyan Tiflisdən sonra ermənilərin yaşadığı Cavahetiya bölgəsinə də gedəcək. Bu da bir ilkdir. Ermənistanın müstəqil olduğu bu illərdə bu ölkənin heç bir prezidenti və ya baş naziri Cavahetiyaya getməyib və ya gedə bilməyib. Görəsən, Tiflis Paşinyana bu icazəni niyə verib? Tiflis qorxmur ki, Paşinyanın bu bölgəyə səfəri Gürcüstanda erməni separatizmini növbəti dalğasına yol aça bilər?"

Ümumiyyətlə E.Şahinoğlunun qənaətincə Tiflis odla oynayır: "Tiflis Paşinyanın istəyi əsasında Abxaziya üzərindən dəmiryolunun açılmasına icazə versə, bununla Bakıya xoş olmayan mesaj göndərəcək. Paşinyana Gürcüstanda yaşayan ermənilərlə görüşüb dərdləşməsi də bölgəyə və Gürcüstana yaxşı heç nə vəd etmir. Görünür, Tiflis bu yolla Paşinyanı Rusiyanın caynağından qoparacağını düşünür. Ancaq bu o zaman baş verəcək ki, Paşinyanın özü Rusiyadan qopmağı istəsin..."

İlkin İzzət Son.az