Səfir: "İraqın Azərbaycanın investisiyalarına ehtiyacı var" - MÜSAHİBƏ


Siyasət 30 May 2018 12:19:23 344 0

Səfir: "İraqın Azərbaycanın investisiyalarına ehtiyacı var" - MÜSAHİBƏ

Fədhi Avad Cebur əl-Şuvayli: "Azərbaycan İŞİD-ə qarşı müharibədə İraqın yanında olan ölkələrdən biri olub"

İraqın Azərbaycandakı səfiri Fədhi Avad Cebur əl-Şuvaylinin "Report"a müsahibəsi:

- Ölkələr arasındakı ikitərəfli əlaqələri, o cümlədən siyasi və iqtisadi sahədəki münasibətləri ümumilikdə necə qiymətləndirirsiniz?

- Azərbaycan-İraq münasibətləri bir çox sahələrdə bir-birinə bağlıdır. Bu əlaqələr çox sayda iraqlı turisti Azərbaycana, eləcə də azərbaycanlı turistləri İraqa, xüsusən də Bağdad, Nəcəf və Kərbəladakı müqaəddəs yerlərə cəlb etməklə iqtisadi sahənin inkişafına töhfə verəcək. İki ölkə arasındakı ticarət dövriyyəsini artırmağa çalışırıq. Hər iki ölkənin neft istehsalçısı olduğunu nəzərə alsaq, bu istiqamətdə investisiyalar cəlb etmək üçün daha çox imkanlarımız var.

- İkitərəfli əməkdaşlığın hansı istiqamətləri daha perspektivlidir və hansıları investisiya üçün ən cəlbedicidir?

- İraq İŞİD-i məğlub etdikdən və ölkə ərazisi terrorçulardan təmizləndikdən sonra ölkədə təhlükəsizliklə bağlı vəziyyət sabitləşməyə başlayıb. Bu, öz növbəsində, böyük investisiyaların cəlb olunmasına kömək edir. Ümidvaram ki, sərmayə qoyulması sahəsi ikitərəfli əməkdaşlığın əsas elementlərindən biridir.

- İraqın Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinəki iştirakı nədən ibarətdir?

- İraq nəqliyyat xəttlərini, özü də həm dəmir yolu, həm də quru yol xətlərini ölkənin müxtəlif yerlərində inkişaf etdirməyi planlaşdırır. Bu, ölkənin regional nəqliyyat layihələrinə qoşulmasına yardım edəcək.

- İraq energetika sektorunda Azərbaycanla əməkdaşlıqda maraqlıdırmı, ümumiyyətlə, bu istiqamətdə işlər necədir?

- İraqın sabiq neft nazirinin Bakıya səfəri İraq hökumətinin bu sahədə Azərbaycanla əməkdaşlığa olan marağını nümayiş etdirir. Bundan əlavə, Azərbaycandakı səfirliyimiz Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgi-konfransında iştirak edir. Eyni zamanda, Azərbaycandan iki tərəf arasında neft-qaz və energetika sektorunda Anlaşma Memorandumunun imzalanma tarixini müəyyənləşdirmək üçün rəsmi təsdiq almışıq.

- İraq və Azərbaycan terrorizmə, xüsusən də İŞİD-ə qarşı mübarizədə necə əməkdaşlıq edir?

- Azərbaycan İŞİD-ə qarşı müharibədə İraqın yanında olan ölkələrdən biri olub. Ölkələr məlumat mübadiləsi və terrorizmlə mübarizə sahəsində məhsuldar əməkdaşlığa malikdirlər.

- Azərbaycanlı qadınların və uşaqların İraqdan qayıtması ilə bağlı vəziyyət necədir? Xarici KİV-lərin məlumatına görə, bir neçə azərbaycanlı qadın terror fəaliyyətinə görə ömürlük həbs cəzasına məhkum edilib. Hazırda neçə Azərbaycan vətəndaşının məhkum edilməsinə dair statistik məlumat var? Neçə azərbaycanlı uşaq artıq vətəninə geri göndərilib? Bu proses nə qədər davam edə bilər?

- Bu, İraqın hüquq-mühafizə orqanlarına aid olan çox həssas məsələdir. İŞİD üzərində qələbə qazanıldıqdan sonra terrorçular (bəziləri öldürülüb, bəziləri qaçaraq xilas olub) ailələrini tərk etdilər. İraq bu məsələni humanizm prinsiplərinə əsasən həll edir. Hansısa ailənin terror fəaliyyətində əli olmayıbsa, Azərbaycan tərəfi diplomatik kanallar vasitəsilə konkret hal üzrə sorğu göndərə bilər. Qeyd edim ki, bu yaxınlarda Abdulla adlı bir oğlan Azərbaycanın Bağdaddakı səfirliyinin vasitəsilə Azərbaycana - ailəsinin yanına göndərilib. Amma İraq həbsxanalarında neçə Azərbaycan vətəndaşının olduğuna dair statistikamız yoxdur.

- İraqın infrastrukturunun bərpa edilməsində Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

- İraq ölkənin yenidən qurulmasında iştirak etmək baxımından dost və dəstək verən dövlət kimi Azərbaycanın aktiv roluna ehtiyac duyur. Bu, İraq tarixi üçün belə mühüm mərhələdə kömək edə bilər. Söhbət həm bərpa işlərinə yardımdan, həm də investisiya yatırılmasından gedə bilər. Qeyd etmək yerinə düşər ki, Azərbaycan şirkətlərini bu layihələrə cəlb etmək üçün onları dəvət etmişik.

- Azərbaycan da terror təhlükəsi ilə üzləşib -Ermənistan Azərbaycanın ərazilərinin 20 faizini işğal edib və tarixi-mədəni irsimizi məhv edir. KİV tez-tez Azərbaycan tərəfindən idarə olunmayan işğal olunmuş torpaqlarda İraqdan olan terrorçuların olması barədə yazıb. Bu məsələni necə şərh edə bilərsiniz?

- İraq BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini və ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir. İraq gərginliyin artmaması üçün diplomatik kanallar vasitəsilə konstruktiv dialoqun və münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Qeyd edim ki, İraqdan heç bir terrorçu işğal və dağıtmaq məqsədi ilə ora getməyib. Mətbuatda olan məlumat etibarsızdır.