Ombudsman Aparatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib


Siyasət 22 May 2018 11:42:44 610 0

Ombudsman Aparatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib

Deputat: "Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətini öyrəndikdə görmək olur ki, onlar mümkün olmayanı ediblər"

Ombudsman Aparatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirilib.

"Report" xəbər verir ki, konfransda Ombudsman Elmira Süleymanova, AMEA-nım Tarix İnstitutunun direktoru, deputat Yaqub Mahmudov, deputat Elman Nəsirov, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Elmira Süleymanova bildirib ki, xalq gərək daim öz tarixini yadda saxlasın və öyrənsin: "Azərbaycan dövləti tarixini öyrənmək məsələsində nümunə dövlətlərdəndir. Məsələn, Xalq Cümhuriyyəti dövrü daim öyrənilir, araşdırılır. O dövrlə bağlı tədbirlər keçirilir. Regionlarımızda da bu proses davam edir. 2018-ci il Xalq Cümhuriyyəti ili elan olundu və bu il başlayandan davamlı tədbirlər keçirilir".

Yaqub Mahmudov deyib ki, son 200 ildə Azərbaycan tarixinin ən faciəli hadisələri baş verib: "Azərbaycan torpaqları dəfələrlə parçalanıb".

O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir: "Biz bütün Şərq üçün nümunə göstərdik. Cümhuriyyət irqi, milli, dini və sinfi bərabərsizliyi ləğv edərək, bütün vətəndaşların hüquq bərabərliyini təmin edib. Cümhuriyyətimiz dünyaya göstərdi ki, biz keçmişlə yaşamırıq, gələcəklə yaşayırıq, humanist dövlətik və xalqlara bir ovuc cəllada görə münasibət bəsləmirik".

Y.Mahmudov qeyd edib ki, Sovet dövründə Azərbaycan Xalq Cümhuriyyətinin adı belə çəkilmirdi, indi isə həmin dövrün həqiqi tarix dərindən öyrənilir və təqdim olunur.

Y.Mahmudovun sözlərinə görə, Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb: "Böyük dövlətlərin və Osmanlı imperiyasının bəzi siyasi dairələrinin təzyiqi ilə Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 29-da qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı 9 min kvadrat kilometrlik ərazi ilə birlikdə ermənilərə güzəştə gedib".

Deputat Elman Nəsirov Cümhuriyyət dövrü ilə bağlı müxtəlif məqamlara toxunub. Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətini öyrəndikdə görmək olur ki, onlar mümkün olmayanı ediblər.