Sofio Katsarava: “Azərbaycan, Gürcüstan və Türkiyə parlamentləri arasında əməkdaşlığın gücləndirilməsi olduqca vacibdir"


Siyasət 15 May 2018 02:22:16 290 0

Sofio Katsarava: “Azərbaycan, Gürcüstan və Türkiyə parlamentləri arasında əməkdaşlığın gücləndirilməsi olduqca vacibdir"

"Azərbaycan, Gürcüstan və Türkiyənin xarici əlaqələr komitələri arasında memorandumun imzalanması parlament əməkdaşlığına təkan verəcək"

“Azərbaycan, Gürcüstan və Türkiyə parlamentləri arasında üçtərəfli əməkdaşlığın gücləndirilməsi olduqca vacibdir. Bu formatda əməkdaşlıq bizim üçün çox faydalıdır. Bu ilin əvvəlində Ankarada keçirilən ilk üçtərəfli görüşdə, iki və üçtərəfli əməkdaşlıq, sabitlik və regional təhlükəsizlik məsələləri diqqət mərkəzində olub. Bizim üçün regionda sabitliyin əldə olunması xüsusilə vacibdir. Məqsədimiz hər üç ölkənin parlamentlərinin xarici əlaqələr komitələri arasında üçtərəfli əməkdaşlığa dair memorandum imzalamaqdır. Bu sənəd parlament əməkdaşlığının daha da dərinləşməsinə kömək göstərəcək”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirlər Tbilisidə səfərdə olan Azərbaycan Milli Məclisinin deputatlarının Gürcüstan parlamentinin beynəlxalq münasibətlər komitəsinin sədri Sofio Katsarava ilə görüşdə səslənib.

Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov səfərin məqsədi barədə məlumat verib, Azərbaycanın Gürcüstan ilə bütün sahələrdə, o cümlədən parlamentlər arasında əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Görüşdə qeyd olunub ki, dostluq, tərəfdaşlıq və strateji əməkdaşlığın inkişafının gücləndirilməsi həm iki tərəfli, həm də üçtərəfli formatda müzakirə olunmalıdır.

Söhbət zamanı iqtisadi-ticarət, energetika sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri diqqət mərkəzində olub.

Sofio Katsarava deyib ki, Azərbaycan ilə uzunmüddətli münasibətlərimizin əsasında dostluq, tərəfdaşlıqvə strateji əməkdaşlıq dayanır.

“Sabitlik hər iki ölkənin siyasətində əsas prioritetdir. Regional təhlükəsizlik bizim ölkələrimizin inkişafının əsas təminatçısıdır”, - deyə Katsarava vurğulayıb.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov iştirak edib.