Bakıda yarım milyonluq seyfi aparmış oğrunun özünü oğurladılar...


Kriminal 13 May 2018 13:49:45 283 0

Bakıda yarım milyonluq seyfi aparmış oğrunun özünü oğurladılar...

"Oğrudan oğruya halaldır" deyib seyfdən 500 min manata yaxın pul oğurlayan dəstə üzvlərindən birinin özünü oğurlayıblar. Üç gün əl-qolu bağlı vəziyyətdə girov saxlayıblar. İndi hər iki tərəf həbsdədir - seyfi aparan da, seyfi aparanı oğurlayanlar da...

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda ittiham olunan Abşeron rayonu, Hökməli qəsəbə sakinləri - 37 yaşlı Turab Nağıyev, 38 yaşlı Şahmar Nağıyev və 30 yaşlı Altay Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Mlli.Az-ın virtualaz.org-a istinadən xəbərinə görə, adıçəkilən şəxslər Pərviz Quliyevin öz dostları ilə birgə "Odlar Yurdu" Universitetinin prorektoru M.Vəliyevin iş otağından külli miqdarda pul oğurladığını öyrəniblər. Həmin pulları ələ keçirmək məqsədilə Pərviz Quliyevə (Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib - red.) zəng vuraraq, prorektorun seyfininin yağmalanmasından xəbərdar olduqlarını bildiriblər. Əgər onların payını çatdırmazsa, pulları bölməzsə, bu haqda polisə məlumat verəcəkləri ilə hədələyiblər. P.Quliyev tələbləri rədd etdikdə isə bir neçə dəfə onun yaşadığı evə gedərək ailə üzvlərinə "Pərvizə deyin, yanıma gəlsin, yoxsa evinizi yandıracağam, sizi yaşamağa qoymayacağam" deməklə hədələyiblər.

Ötən il martın 13-də Nağıyev qardaşları Pərvizin Novxanı qəsəbəsindəki "Qızılqum" kafesində olduğunu öyrənib oraya yollanıblar. Kafedən çıxan Pərvizin qarşısını kəsib onu zorla Altay Əliyevin idarə etdiyi avtomobilə oturdublar, Hökməli qəsəbəsinə aparıb orada döyüblər, əldə etdiyi pulu onlarla bölməsini tələb ediblər. Üç gün qəsəbədə saxlayıblar, nəhayət, P.Quliyevdən 18 min manat qopara biliblər.

Təqsirləndirilən Şahmar Nağıyev ona elan olunmuş ittihamlarla razılaşmayıb. O, ifadəsində Pərvizlə əvvəllər qonşu olduqlarını, aralarında ədavət, düşmənçilik olmadığını göstərib: "Məhəlləyə gələn polislərdən Pərvizin bacısı oğlu Həzrətin (Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib - red.) bir neçə nəfərlə birgə Nərimanov ərazisində oğurluq etdiklərini eşitmişdim. Amma nə qədər pul oğurladıqlarını, Pərvizin harada olmasını və Turabla aralarındakı söhbətlərdən xəbərim olmayıb. Pərvizi döyməmişəm, ona xəsarət yetirməmişəm, pul tələb etməmişəm. Turabla Altayın onu döymələrindən, pul tələb etmələrindən xəbərim olmayıb, görməmişəm".

Təqsirləndirilən Altay Əliyev ona qarşı irəli sürülən ittihamlarla özünü təqsirli bilməyib. O, ifadəsində Pərvizin bir neçə ildir ki, Hökməli qəsəbəsinə köçdüyünü, aralarında normal münasibət olduğunu göstərib:"Şahmar Nağıyev bacımın həyat yoldaşıdır. Pərvizgilin oğurluqları haqda eşitmişsəm də, harada olduğunu bilməmişəm. Pərvizi oğurlamamışam, döyməmişəm, heç bir söhbətdən xəbərim yoxdur".

Təqsirləndirilən Turab Nağıyev də eyni məzmunlu ifadə verib və Pərvizi oğrlanmasında və yaxud döyülməsində əli olmadığını göstərib.