"Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı" mövzusunda konfrans keçirilib FOTO


Siyasət 07 May 2018 16:46:00 318 0

"Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı" mövzusunda konfrans keçirilib  FOTO

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşkilatçılığı ilə "Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı" mövzusunda konfrans keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Heydər Əliyev müasir Azərbaycanın memarıdır.

Şura sədrinin sözlərinə görə, Azərbaycanın ictimai-siyasi həyatındakı bütün uğurlar Heydər Əliyevin adı ilə bağlıdır: "Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə qayıdandan sonra ölkədə vətəndaş müharibəsi, xaosun qarşısını aldı, bizi müstəqilliyimizi itirməkdən qurtardı, sabitlik yaratdı. Daha sonra Heydər Əliyev ölkənin iqtisadi inkişafına başladı. Heydər Əliyev, həmçinin Azərbaycan mediasının inkişafına çalışdı. Bu gün Azərbaycanda söz azadlığı var və medianın qanunvericilik bazası kifayət qədər təkmilləşib".

Ə.Amaşov bildirib ki, Azərbaycan mediasının inkişafı da Heydər Əliyevin adı ilə bağlıdır: "Bu gün bu inkişaf Prezident İlham Əliyevin səyi nəticəsində davam etdirilir".

Tədbirdə çıxış edən Prezident Administrasiyasının sektor müdiri Vüqar Əliyev bildirib ki, bu gün Heydər Əliyevin 95 illik yubileyi Azərbaycanla yanaşı, ölkə hüdudlarından kənarda da təmtəraqla qeyd edilir:

"Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndə Azərbaycanın inkişafı üçün böyük işlər gördü. Ümummilli Lider ikinci dəfə hakimiyyətə xalqın tələbi ilə gəldi və xalqı acınacaqlı və təhlükəli vəziyyətdən xilas etdi. Müharibə şəraitində olan ölkədə atəşkəsə nail oldu, o vaxtkı hakimiyyətin səriştəsizliyi səbəbindən dağılmaq təhlükəsi yaşayan ölkəni xilas etdi. Heydər Əliyev sabitliyə nail olandan sonra tanınmış xarici şirkətləri Azərbaycana dəvət etdi və Xəzərdə neft yataqlarının işlənməsinə başlanıldı. Azərbaycanda iqtisadi inkişaf başlandı və 1993-2003-cü illərdə Azərbaycanın iqtisadi inkişafı formalaşdı".

Heydər Əliyevin Azərbaycan mediasının inkişafındakı xidmətindən danışan V.Əliyev deyib ki, Ümummilli Lider, həmçinin ilk olaraq Azərbaycanda söz azadlığının inkişafına mane olan amilləri aradan qaldırdı:

"1998-ci ildə ölkədə söz azadlığı təmin edildi, senzura ləğv olundu. 2003-cü ildə Azərbaycan Mətbuat Şurası yaradıldı. Bu gün bu qurum öz fəaliyyətini tənzimləyir. Bu gün Heydər Əliyevin formalaşdırdığı siyasi xətt Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də yüksək səviyyədə davam etdirilir. Bu gün Azərbaycanda Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyət göstərir və indiyə qədər fonda 4 milyon manat yardım edilib. Ümumilikdə isə bu vaxta qədər medianın inkişafına 60 milyon manat yardım göstərilib. Bu gün Prezidentin nəzarəti ilə jurnalistlərin əksəriyyətinə yeni mənzillər inşa edilərək hədiyyə verilib. Hazırda daha 255 ailənin mənzillə təmin edilməsi üçün bina inşa olunur. 2005, 2010 və 2015-ci illərdə yüzlərlə jurnalistə fəxri ad və yardımlar göstərilib. Hazırda ölkədə 5000-ə yaxın mətbuat orqanı qeydiyyatdan keçib və sərbəst fəaliyyət göstərir. Həmçinin ölkədə 50-yə yaxın jurnalist təşkilatı fəaliyyət göstərir".

Tədbirdə çıxış edən digər media qurumlarının rəhbərləri də Heydər Əliyevin xidmətlərindən danışıb.


Xəbərə aid fotolar