Şərin kökü: qəflətə salınmış sayıqlıq bəxş edilmiş imkan


Siyasət 30 Apr 2018 17:41:00 307 0

Şərin kökü: qəflətə salınmış sayıqlıq  bəxş edilmiş imkan

İlk növbədə, hər bir erməni təcavüzü dövründə Vətənin müdafiəsinə qalxan, canlarını fəda edən cəsur həmvətənlərimizin xatirəsi ehtiramla yad edilməlidir. Bəs insan təlafatı və torpaq itkisinə səbəb olan faciəvi tarixi hadisələr bizə hansı dərsi verib?

Azərbaycanlıların XX əsr boyu erməni təcavüzünə hazırlıqsızlığı nəzərə çarpan əsas faktdır. Qonşulara gözəl imkanlar bəxş etmiş olan hazırsızlıq.

Beləliklə, 1905-1907-ci illərin qırğınından başlayaq. Rusiyadakı iğtişaşların və Çar hökumətinə qarşı narazılıq dalğasının artmasından istifadə edən, yüksək rütbəli erməni və ermənipərəst məmurlarının köməyi ilə silahlanmış erməni dəstələri azərbaycanlıların üzərinə hücum ediblər. Bakı, İrəvan, Naxçıvan, Zəngəzur, Qarabağ və Gəncədə bu ərazilərin azərbaycanlılardan təmizlənməsi və ermənilərin say üstünlüyünün əldə edilməsi məqsədilə qırğınlar baş verib.

1905-1907-ci illərin qanlı hadisələrindən sonra növbəti təcavüzün qarşısını almaq üçün heç bir ciddi tədbir görülmədi və nəticədə 1918-ci ildə Şaumyanın başçılığı altında "Qnçak" və "Daşnaksütyun"dan olan silahlı birləşmələr mart soyqırımını törətdilər - 50,000 dinc əhali öldürüldü və şəhərlər dağıdıldı.

Sonra 1948-1953-cü illərdə Ermənistan SSR-dən guya "könüllülük prinsipi" əsasında 100 min azərbaycanlı deportasiya olundu, onların evləri isə xaricdən gələn ermənilərə verildi. Bu məsələ ilə də bağlı Azərbaycan SSR-i heç bir cavab tədbiri görmədi. Əksinə, hər növbəti qırğından sonra, əsasən, Azərbaycan tərəfinin təşəbbüsü ilə "barışıq" prosesi başlanırdı. Bu cür qanlı hadisələr silsiləsindən sonra da Azərbaycan xalqı sadəlövhcəsinə ermənilərə inanır və hər bir barışığı yeni dostluğun başlanğıcı hesab edirdi.

Və nahəyət, 1980-ci illərin sonlarında yeni daşnak nəsli Dağlıq Qarabağ münaqişəsinə başladı. Hətta 1988-ci ildə şiddətlənən Qarabağ hadisələri və Ermənistandan 250,000 azərbaycanlının qovulması fonunda belə Bakı Yerevana kömək əlini uzadır. Spitak zəlzələsinin fəsadlarını aradan qaldırmaq üçün ora xilasedicilər və humanitar yardımla yüklənmiş İL-76 təyyarəsini göndərir. Lakin "keçmiş dostlarımız" Azərbaycan xalqının humanizmini layiqincə dəyərləndirə bilmir və təyyarəni havada vururlar. Azərbaycan xalqı bu təcavüzə də hazır deyildi. Ermənistana isə, sonradan məlum olduğu kimi, Qorbaçov Azərbaycan torpaqları üçün əvvəlcədən öz "xeyir-duasını" vermişdi.

Əvvəlcə SSRİ Nazirlər Şurasının İqtisadi Bürosunun sədri Abel Aqanbekyan 1987-ci ildə "L'Humanite" qəzetinə verdiyi müsahibədə bildirir ki, Qarabağı Ermənistanın tərkibində görmək istəyir və bir iqtisadçı kimi Qarabağın daha çox Ermənistanla bağlı olduğunu hesab edir. Daha sonra 1988-ci ildə Katolikos Vazgen Eçmiədzindəki iqamətgahından verdiyi müsahibədə bildirir ki, Qarabağ məsələsinin Qarabağın erməni əhalisinin xeyrinə həll edilməsi üçün Qorbaçova xahiş teleqramı göndərib. Sonra Qarabağda "Krunk", Ermənistanda isə "Qarabağ" Komitəsi yaradılır. Daha sonra  "Miatsum" ("Birləşmə") ideyasının ətrafında birləşmək çağırışları səslənir. Bütün bunlar erməni əhalisinin illərlə öz ideoloqları tərəfindən informasiya və ideologiya hazırlığını göstərir. Dağlıq Qarabağ demoqrafik cəhətdən də alınmaya hazır idi: o zaman artıq əhalinin nisbəti ermənilərin xeyrinə olmaqla 80/20 idi.

Əsaslı şəkildə işlənmiş planların həyata keçməsi nəticəsində, bildiyimiz kimi, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün oldu, Xocalının dinc əhalisi vəhşicəsinə öldürüldü, Azərbaycanın 20% ərazisi isə indiyədək Ermənistan işğalı altındadır.

Hazırda qüvvələr balansı Azərbaycanın xeyrinə dəyişib və 2016-cı ilin "aprel müharibəsi" bunu sübut etdi. Hərbi sahədən başqa, Ermənistan iqtisadi cəhətdən də geri qalır. Azərbaycan və Türkiyə tərəfindən yaradılan blokada ölkəni regional layihələrdən kənar qoyur. Əlbəttə ki, bu, Azərbaycana xal qazandırır. Bəs biz özümüz üçün hansı nəticəni çıxarmalıyıq?

Yerli xalqlar uzun əsrlər, yaxud da minilliklər boyunca yaşadıqları konkret əraziləri ayırmağa çalışırlar. Gəlin İspaniyada yaşayan katalonları və baskları nəzərdən keçirək. Bu xalqlar dəqiq müəyyənləşdirilmiş sərhədlər çərçivəsində separatizmə can atır və bu əraziləri müvafiq olaraq Kataloniya və Basklar ölkəsi adlandırırlar. Guya öz müqəddaratını həll etmək hüqüquna malik "Qarabağlılar" adlı xalq isə mövcud deyil və heç bir vaxt mövcud olmayıb. Bu, erməni tərəfinin dünya ictimaiyyəti qarşısında işğalçılıq siyasətini gizlətməkdən başqa bir şey deyil. Ermənilərin XVIII əsrdən XX əsrədək Azərbaycan torpaqlarında məskunlaşmış olan və tarixən türk torpaqlarında dövlət qurmuş bir xalq olduğu sirr deyil. Bu, yenə də bizim tərəfimizdən yaradılan imkanın nəticəsidir. Yaratdığımız hər bir imkan qonşumuzun daha böyük "tikəni yemək" iştahını artıracaq.

Dağlıq Qarabağla bağlı ərazi iddiasının dayandırılmasına qarşılıq olaraq 1918-ci ildə İrəvan və Zəngəzurun hədiyyə edilməsi buna tarixi misaldır. Bu günə olan vəziyyət necədir? Dağlıq Qarabağ Ermənistanın işğalı altındadır və ikinci "Qarabağın" yaranması istisna deyil. Demək olar ki, eyni ssenari Gürcüstanın Cavaxetiya regionunda həyata keçirilir. Beləliklə, olub keçənlər göstərir ki, bu gün yaşadığımız problemlərə səbəb öz yatızdırılmış sayıqlığımız olub.

Digər tərəfdən, bu qonşu dövlətlə tez ya gec münasibətlər normallaşacaq. Sözsüz ki, bu, yalnız Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edildikdən sonra mümkün olacaq. Tədricən dünyanın müxtəlif siyasi təşkilatları, institutları və platformaları işə başlayacaq və bunlara hər iki tərəfin siyasətçi, tarixçi, jurnalist və fəalları qoşulacaqlar. Xalqların barışığı, sözsüz ki, uzun müddət çəkən və xüsusilə də zərər çəkmiş Azərbaycan tərəfi ilə bağlı məsələlərdə maksimum ehtiyat tələb edən çox böyük və çətin işdir. Lakin son nəticə sülh olacaq.

Bu cür qonşularla necə olmalı? Məhz bu halda birbaşa tarixi yaddaşımızla bağlı olan milli özünüdərk hissi bizi tərk etməməlidir. XX əsrin səhvlərini təkrar etməmək üçün tarixi yaddaşımızın itilənməyə ehtiyacı var. Məsələ ilə milli institutlar, təhsil sistemi və peşəkar kadrlar məşgul olmalı və bu zaman özününkünə sevgini digərinə nifrətə çevirməmək üçün həddi aşmamalıdırlar. Düzgün formata əməl edilərsə Azərbaycan xalqı qonşularına nə öz ərazilərində, nə də xaricdəki informasiya fəaliyyəti sahəsində heç bir şans verməyərək vahid çoxmillətli cəmiyyət qazanacaq.

Cavid Məmmədzadə, siyasi analitik Son.az