"Bizim aktyorların potensialı heç də dünyaşöhrətli aktyorlarınkından əskik deyil..."


Kriminal 27 Apr 2018 21:17:16 259 0

"Bizim aktyorların potensialı heç də dünyaşöhrətli aktyorlarınkından əskik deyil..."

Aktyor və rejissor Elvin Mirzəyevin Son.az-a müsahibəsi

Kiçik səhnənin böyük güvəni

- Yeri hələ də görünən teatrlarımızdan biri olan Bakı Kamera Teatrında baxdığım "Antropos və ya qılaflı adam" tamaşasından sonrakı fəaliyyətinizin müşahidəsi göstərir ki, böyük səhnədə özünüzü daha rahat, daha dolğun ifadə edirsiniz... Ümumiyyətlə, rejissor sənətində və konkret olaraq sizin üçün böyük səhnə və kiçik səhnə bölgüsü varmı?

- Kamera Teatrı son dərəcə gözəl məkan idi. Biz hamımız oranın yetirmələriyik. Əslində böyük və kiçik səhnə fərqi olmamalıdı. Hər hansı əsərə müraciət edəndə və ya müəyyən təklif alanda normal yaradıcı insan məkan, çərçivə haqqında düşünə bilməz. Əlbəttə, əgər belə bir çərçivə yaradıcı yanaşma zamanı tələb olunmursa... Təbii ki, böyük səhnə ilə kiçik səhnə arasında müəyyən fərqlər var. Böyük səhnənin amplitudası böyükdür. Böyük səhnədə əl-qol açmaq daha rahatdı. Yəni bu iki səhnənin özəllikləri var. Və belə də olmalıdır. Kamera teatrında biz özümüzü daha güvənli, daha arxalı hiss edirdiksə, hər an müdafiə oluna biləcəyimizə əmin idiksə böyük səhnədə belə hiss mümkün deyil...

- Burda yalnız özünüz özünüzə güvənə bilərsiniz...

- Bəli. Kamera Teatrı bizim evimiz, emalatxanamız idi. Mən özümü oranın yetirməsi hesab edirəm. Ustadlarımız həmişə bizə arxa-dayaq idilər. Ümumiyyətlə isə mən kamera atmosferini bütün təzahürlərində sevirəm. Yəqin ki, bu Kamera Teatrının yetirməsi olmağımdan irəli gəlir. Kütləvi yaradıcı layihəyə istənilən vaxt üz tutmaq olar. Kamera ab-havası, içdən, asta səslə danışmaq isə kifayət qədər çətindi. Belə səhnədə tamaşaçını aldatmaq mümkün deyil...

Həyatımı bir qadın dəyişdi...

- Musiqini teatrla əvəzləmək necə baş verib? Musiqiçi karyeranızı təsəvvür etmirdiniz? 

- Əksinə, özüm də bu karyeranı aydın təsəvvür edirdim, ətrafımdakı insanlar da. Hətta əgər 17-18 yaşım olanda kimsə mənə desəydi ki, sənin gələcəyin teatrla bağlı olacaq, mən o insana gülərdim. Bununla belə vaxtaşırı içimdə belə bir sual baş qaldırırdı: "Mən öz işimlə məşğulammı?" Elə bil nəsə məni narahat edirdi, nəyinsə çatmadığını duyurdum. Qəti çevriliş 19 yaşımda başladı. Müəllimim Həbib Həbibovla şübhələrimi, narahatlıqlarımı bölüşəndə deyirdi ki, buna heç bir əsasım yoxdu, gələcəyin peşəkar musiqiçisi kimi bütün keyfiyyətlərə malikəm. Və yalnız teatr aləminə düşəndə anladım ki, çatmayan nə imiş. Çünki teatr, kino və ya televiziya elə sahələrdir ki, orda birtərəfli olmaq mümkün deyil. 90-cı illərin məlum ab-havası hamı kimi mənə də çox sarsıntılar yaşatdı. Bir müddət restoran ifaçısı kimi çalışdım və anladım ki, ora mənim yerim deyil. Həyatımın 2 ili qara zolaqda keçdi. Yalnız bundan sonra özümü, öz yerimi tapdım. Teatr aləminə gəlməyimdə mağazada kassa növbəsində mənimlə yanaşı dayanmış bir qadının çox böyük rolu oldu. Söhbət əsnasında dedi ki, onda teatra, kinoya aid çox dəyərli kitablar var və onları mənə verə bilər, özü də tamamilə təmənnasız. Bax, o kitabları oxuyandan sonra dünyagörüşüm tamamilə dəyişdi, özümü kəşf etdim, içimdə sanki bir işıq, şam, alov alışdı. Əlbəttə, SSRİ xalq artisti Mehdi Məmmədov nənəmin qardaşı olduğu üçün bu sahə ilə təmasım uşaqlıqdan var idi. Şübhəsiz ki, ailədə teatr anlamının bu dərəcədə yüksək səviyyədə təmsilçisinin varlığı təsirsiz ötüşməmişdi. Onun sənətdəki, cəmiyyətdəki bir sənətkar, ictimai xadim kimi yeri nə qədər müstəsna idisə ailədəki nüfuzu da bir o qədər parlaq idi. Hər birimizin pərəstiş obyekti idi. Bütün uşaqlara, yeniyetmələrə, gənclərə onu nümunə göstərirdilər. Lakin ailədə belə bir amilin olmasına baxmayaraq, mən heç vaxt düşünməmişdim ki, bu sənətin arxasınca gedərəm...

- Yadınızda necə qalıb Mehdi Məmmədov? 

- İdeal görünüşlü bir şəxsiyyət kimi. Tələbələri, həmkarları üçün olduğu kimi ailə üzvləri üçün də əlçatmaz insan idi. Elə bir aurası var idi ki, hər kəsin hünəri deyildi onunla daha fərqli ünsiyyətə girmək. 

- Ola bilər ki, ailədə Mehdi Məmmədov miqyasında teatr adamının varlığı bu sahəni peşə seçməyi şüuraltınızda saxlayıb...

- Bəli, yəqin ki, onun nüfuzunun təsir gücündən məhz belə olub. Amma ailəmizin bir çox üzvlərinin bu sahədə bacarığı var. Məsələn, kino çəkilişi ilə məşğul olduğum vaxt bibim nəvəsi, gənc bir qız da çəkiliş meydançasında idi. Birdən başladı mənə rejissorluğa aid məsləhətlər verməyə. Halbuki bu sahədə heç bir təhsili yoxdu. O bu məsləhətlərini adi müşahidə qabiliyyəti hesab etsə də, mən yaxşı bilirəm ki, belə yanaşma yalnız müvafiq məktəb görmüş insanlarda ola bilər. Genetik bağlılığa inansaq, görünür ki, bizim ailənin üzvləri belə məktəbi genlərimiz vasitəsilə keçiblər...

- Bəs sizə öz kitablarını bağışlayan o qadınla sonralar daha rastlaşmadınız?

- Yox...

- Siz o xatirəni danışdıqca gözlərimin qarşısında maraqlı bir kino epizodu canlandı. Gələcəkdə hansısa kino layihənizdə ekrana gətirərsiz yəqin...

- Ola bilər... Nə vaxtsa...

İlklər və daha bir opera

- İrəvan Teatrında qoyduğunuz "Min möhtəşəm günəş" tamaşası və Opera Studiyasında quruluş verdiyiniz "Norma" operası son iki teatr mövsümünün ən uğurlu səhnə əsərləri kimi yadda qaldılar. Və bu uğuru həm də hər iki əsərin Azərbaycan səhnəsində ilk dəfə tamaşaya qoyulması amili müşayiət etdi. "Min möhtəşəm günəş" isə hətta ümumiyyətlə rejissor nəfəsini birinci dəfə idi hiss edirdi, yanılmıramsa...

- Bəli, belə demək olar. sadəcə bizimlə təxminən eyni vaxtda o romanı San-Fransisko teatrlarından biri da qoyurdu, amma bir qədər fərqli janrda. Və bu iki quruluşdan başqa "Min möhtəşəm günəş"in səhnə və ya kino versiyası yoxdu. Ümumiyyətlə, hesab olunur ki, Xalid Hüseyni kino üçün tamamilə uyğun, səhnə üçün isə tamamilə narahat müəlliflərdəndi. Bu əsəri və onun müəllifi Xalid Hüseynini çox sevirəm. Hətta hesab edirəm ki, o, bizim dövrün Şekspiridir. Dialoqları, replikaları o dərəcədə dəqiqdir ki, bir kəlməni belə dəyişməyə lüzum qalmır. Bu əsəri tamaşaya qoymaq bütün yaradıcı kollektivə çox böyük zövq verdi. Müəllifin özünün də xəbəri var idi bizim quruluşumuzdan, məşqlər boyunca yazışırdım onunla. Təəssüf ki, iş qrafikinin sıxlığı üzündən premyerada iştirak edə bilmədi. Mən bir çərçivədə özümü görmürəm. Ümumiyyətlə, anlamıram rejissor hər hansı janrda nələrəsə quruluş verməyi bacarmasın. Portfoliomda təkcə opera yox idi, indi şükür ki, o da var. 

- İlk dəfə "Əli və Nino", ilk dəfə "Min möhtəşəm günəş" və ilk dəfə "Norma"... 

- Məqsəd olaraq belə etməmişəm. Çünki adamın ürəyi bir işə "hə" deməsə, o iş alınan deyil. Hər hansı əsər məni çox maraqlandırmalıdır ki, ona rejissor yozumu verməyə zərurət duyum. Sevmədiyim işi ən böyük ödəniş müqabilində də ərsəyə gətirə bilmərəm. Öz-özümün əleyhinə getdiyimə görə o iş uğursuzluğa düçar olur. Ürəyimcə olan layihə, mövzunu isə təmənnasız da çox uğurla reallaşdıra bilərəm. Bu zaman sanki kainatda hər şey məhz bu cür uğurun tərəfində olur. Mən belə şeylərə çox inanıram...Çünki ömrüm boyu işlərim məhz bu şəkildə baş verib...

Məsələn, "Norma" operasını səhnəmizə gətirmək mənim ideyam deyildi. Opera studiyasında tamaşalar hazırlamaq ənənəsi bir müddət idi ki, dayanmışdı. İndi şükür ki, bu ənənə yenidən qüvvədədir. Məni də bu ildən bura dərs deməyə dəvət ediblər. Solo ifa kafedrasında aktyorluq sənətindən dərs deyirəm. Rejissorluq fəaliyyətimdən xəbərdar olduqları üçün buranın rəhbərliyi "Norma"nı tamaşaya qoymağı mənə həvalə etdi. Demək istəyirəm ki, quruluş verməyi arzuladığım əsərlərdən olmasa da, bunu mənə təklif etdilər və mən də məmnuniyyətlə razılaşdım. Çünki operanın mövzusu həyatı, dünyanı duyma, dərketmə meyarlarıma tam uyğun, içimlə səsləşən, sənətkarlıq baxımından mükəmməlcəsinə qələmə alnmış olduğu üçün ürəklə işə girişdim. Bu operanın, ümumiyyətlə, Vinçenso Bellininin möhtəşəm musiqisi o qədər şöhrət qazanıb ki, bir sıra filmlərdə də istifadə olunur. Bellini Bethovenin də musiqisinə təsir edib, Çaykovskinin də. 

- Özünüz seçdiniz partiyaların ifaçılarını?

- Xeyr. Mənim musiqi təhsilim olsa da, opera tamaşasının ifaçılarını yalnız aktyorluq bacarıqlarına görə seçə bilərəm. Bu operadakı bütün əsas partiyalar çox mürəkkəb, vokal baxımından çox çətindi. Yaradıcı heyətin hər bir üzvü ilə işləməkdən böyük zövq aldım. Mənim üçün çox önəmli idi ki, opera artistləri ilə işləmək bacarığım hansı səviyyədə özünü göstərəcək, bu çevrilmə, sınma necə baş verəcək. Çünki opera artistlərinin spesifikası tam fəqrlidir. Dram aktyorunun asanlıqla edə bildiyini opera artisti bacarmaya da bilər. Və yaxud hər hansı mizan onun müəyyən vəziyyətinə uyğun gəlməyə də bilər. Buna görə opera tamaşasının rejissorundan daha artıq səy tələb olunur. Mən onlara maksimal rahatlıq yaratmalıydım ki, arzuolunan nəticə əldə edilsin. Məsələn, do notunu götürəndə artistin mizanı buna uyğun qurulmalıdı. Və belə incəlikləri tamaşaçı hiss etməməlidi. Bunlar yaradıcı prosesin sirləridi.       Opera studiyasında hazırlanacaq növbəti səhnə əsərini isə mən çoxdandır ki, arzulayıram... 

- Deməyəcəksiniz hansı əsərdi?...

- Deyə bilərəm - "Faust". Allah qoysa, bu əsərin opera versiyasını hazırlayacam və çoxdankı arzumu reallaşdıracam.  Ümumiyyətlə opera janrında özümü sınamaq çoxdankı arzum idi və o arzunun tərkib hisssələrindən biri də məhz "Faust"du...

- Opera tamaşasının tamaşaçısı olmaq istənilən vaxt istənilən kəsin işi deyil. "Norma"nı hazırlayanda hansısa baryer yarmalı olmadınız ki bu mənada?

- Tamaşaçının diqqəti mənim üçün çox vacibdi. Hər tamaşaçı qızıla bərabərdi. Buna görə də təbii ki, hər zaman çalışıram ki, tamaşaçı zalı yarımçıq tərk eləməsin. İndiyə qədər hansısa effektlərlə buna nail olmağa çalışırdım. Son zamanlar isə özümü tamaşaçının yerinə qoyub düşünürəm ki, mən özüm bu quruluşu, bu yozumu sona qədər izləyə bilərəmmi? Vinçenso Bellinidə istədik nəyisə ixtisar edək. Amma lakoniklik elə bir səviyyədədir ki, nəyisə kəssən korlanacaqdı. Bu müəllif haqqında az-çox məlumatı olan insan artıq bilirdi ki, hansı tamaşaya gedir. 

- Hansısa beynəlxalq teatr festivalına çıxmaq perspektivi varmı bu tamaşaların? Xüsusən nəzərə alsaq ki, daha öncəki quruluşlarınızla bağlı belə təcrübəniz artıq var... 

- Belə bir imkan yaransa, niyə də olmasın? Dünya səhnəsinə çıxmaq üçün promouşen, reklam işi düzgün qurulmalıdır.     


Xəbərə aid fotolar