"Bu səfər regionda baş verən proseslər kontekstində mühüm əhəmiyyət daşıyır"


Siyasət 26 Apr 2018 17:09:00 260 0

"Bu səfər regionda baş verən proseslər kontekstində mühüm əhəmiyyət daşıyır"

Azərbaycan Prezidenti İlham Əliyevin prezident seçildikdən sonra ilk səfərini qardaş Türkiyəyəyə etməsi iki dövlət arasında formalaşmış tarixi ənənələrin davam etdirilməsi baxımından çox əhəmiyyətlidir. 

Bunu Son.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, siyasi analitik Elçin Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan-Türkiyə münasibətlərinin bənzəri yoxdur və bu münasibətləri bu gün dünyada mövcud olan dövlətləriarası münasibətlərlə müqayisə etmək mümkün deyil:

"Çünki bu münasibətlər ortaq tarixə, mədəniyyətə, dilə, ənənələrə söykənir. Bu baxımdan, ölkə başçısının Türkiyəyə səfəri çərçivəsində səsləndirdiyi bəyanatlar, iki ölkə arasında əməkdaşlığın inkişafına xidmət edəcək sənədlərin imzalanması Azərbaycan-Türkiyə münasibətlərinin nə qədər sabit, dayanıqlı olduğunu, ortaq strateji maraqlara söykəndiyini, ortaq hədəflərə apardığını göstərir.

Azərbaycan prezidenti Türkiyəli həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərlə bir daha iki ölkə arasındakı münasibətlərin əhəmiyyətinə diqqət çəkdi, Türkiyənin hər zaman Azərbaycanın, Azərbaycanın da hər zaman Türkiyənin yanında olduğunu vurğuladı. Türkiyənin istehsal etdiyi silahlarla Azərbaycan ordusunun daha da güclənəcəyini bildirdi".

E.Mirzəbəylinin fikrincə, dövlət başçısı İlham Əliyevin yenidən prezident seçildikdən sonra ilk xarici səfərini Türkiyəyə etməsi iki ölkə arasında müdafiə sahəsindəki əməkdaşlığı da gücləndirəcək, həmçinin, qarşılıqlı investisiyaların təşviqi istiqamətində intesiv fəaliyyətin həyata keçirilməsini stimullaşdıracaq: "Səfər regionda baş verən proseslər kontekstində də olduqca mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasındakı əlaqələrin inkişafı baxımından deyil, həm də bölgədə sülhün, əminamanlığın qorunması, ədalətin bərqərar olması baxımından da mühüm əhəmiyyət daşıyır".

İlkin İzzət