"Cəbhədə vəziyyət hər an gərginləşə bilər"


Siyasət 24 Apr 2018 10:51:00 292 0

"Cəbhədə vəziyyət hər an gərginləşə bilər"

Ötən illərin təcrübəsi göstərir ki, yazda, havalar nisbətən istiləşəndə, xüsusən apreldə cəbhədə adətən gərginlik artır. Ermənistan tərəfi müxtəlif təxribatlara əl atır. Ermənistanda hadisələrin gərginləşməsi və siyasi qarşıdurma fonunda mövcud rejimin tərəfdarlarının cəbhədə belə bir plana əl atacağı ehtimalı daha da yüksəlir. Bu günlərdə Azərbaycan Müdafiə Nazirliyinin son bəyanatında da deyilir ki, Ermənistanın hərbi-siyasi hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin tərəfdarlarının qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif təxribatlara cəhd göstərəcəkləri istisna edilmir.

Bununla bağlı vəziyyəti Son.az-a şərh edən sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib ki, cəbhədə vəziyyət hər an gərginləşə bilər. Ona görə də ordumuz ayıq-sayıqlığını itirməməlidir, çünki öz məqsədlərinə çatmaq istəyən ermənilərdən hər an xain hərəkət gözləmək olar:

"Azərbaycan Ordusu müxtəlif hava şəraitində döyüşməyə qadirdir. Bunun səbəbi onun döyüş qabiliyyətinin, şəxsi heyətin peşəkarlığının yüksək səviyyədə olması ilə yanaşı, dövlət tərəfindən, həmçinin ölkə başçısı, Ali Baş Komandan tərəfindən orduya göstərilən birbaşa diqqət və qayğı, onun maddi-texniki təminatının yüksək dərəcədə olması, hərbi büdcəyə kifayət qədər vəsaitin ayrılmasıdır.   

Artıq cənab İlham Əliyev yenidən prezident seçilib və o, orduya hər an komanda verə bilər. Çünki düşmən sakit durmur, daim təxribata cəhd edir. Onlar nəinki ön xətti, bizim yaşayış məntəqələrimizi də atəşə tuturlar. Ola bilər ki, Ali Baş Komandanımız 2016-cı ilin aprelində olduğu kimi, yenə də komanda versin, düşmənə bir neçə zərbə endirilsin, özü də kəskin, amma daha əvvəlki kimi xırda bölmələrlə yox, ola bilər ki, bir və ya iki birlikləşmə ilə... Ona görə də hər an belə bir şeyi gözləmək lazımdır". 

İlkin İzzət Son.az