"Ermənistan cəmiyyətinin hərəkətə keçəcəyi gözlənilən idi"


Siyasət 18 Apr 2018 17:34:00 309 0

"Ermənistan cəmiyyətinin hərəkətə keçəcəyi gözlənilən idi"

"Ermənistanda Serj Sarkisyana qarşı etiraz aksiyalarının keçiriləcəyi gözlənilən idi".

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Millət vəkili bildirib ki, S.Sarkisyanın rəhbərlik etdiyi "Qarabağ klanı"ndan canını qurtarmaq istəyən Ermənistan cəmiyyətinin hərəkətə keçəcəyi gözlənilirdi:

"Parlamentdə 17 deputat Sarkisyanın əleyhinə səs verdi. Bunun özü də kifayət qədər önəmli məsələdir. Düşünürəm ki, bu proses ciddi şəkildə davam edəcək, cəmiyyət bu klanla barışmayacaq. Aksiyalar artıq ciddi xəsarət almalar və həbslərlə müşahidə olunur. Yerevan 1 milyonluq şəhərdir. Burada 100 min nəfərin aksiyaya qoşulması kifayət edir ki, hakimiyyətin taleyi həll olunsun. Narazı vətəndaşlarla yanaşı, artıq aksiyaya gənclər, tələbələr də qoşulub".

Deputat aksiyaların hələ çox davam edəcəyini hesab edir: "Bu, çox ciddi prosesdir, yaxın vaxtlarda bu hadisələrin bir nəticəsi olacaq".

Qeyd edək ki, aprelin 16-dan Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb, saxlanılanlar var.