"Evinin qabağında döyüb, pulunu aldıq"


Kriminal 13 Apr 2018 16:30:00 279 0

"Evinin qabağında döyüb, pulunu aldıq"

Bakıda quldurluqla məşğul olan dəstə üzvləri saxlanılıblar.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, Bakı şəhər sakini olan Taleh Həşimov Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə məlumat verərək bildirib ki, aprelin 4-də paytaxtın Sabunçu rayonu Məhəmmədi qəsəbəsi yeni yaşayış massivində yaşadığı evə gedərkən 3 nəfər naməlum şəxs onun qarşısını kəsərək döyüb və cibində olan 3000 manat pulu ələ keçiriblər.

Məlumat Sabunçu Rayon Polis İdarəsinə ötürülən kimi dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri - Ceyhun İsmayılov, Murad Əliyev və əvvəllər məhkum olunmuş Həmid Allahverdiyev saxlanılıblar. İlkin ifadələri zamanı onlar törətdikləri cinayəti etiraf ediblər.

Araşdırma zamanı məlum olub ki, dəstə üzvü H.Allahverdiyev Sabunçu rayonunda yerləşən kafelərdən birində olan zaman zərərçəkənin cibində külli miqdarda pul olduğunu müşahidə edib. Daha sonra bu barədə digərlərinə məlumat verib. Onlar birlikdə zərərçəkəni kafedən çıxıb evə gedən zaman izləyiblər və qeyd edilən ünvanda planlaşdırdıqları cinayəti həyata keçiriblər. Əldə edilən pul dəstə üzvlərinin arasında bölünüb.

Həmid Allahverdiyev (saxlanılan şəxs): "Kafedə oturmuşdum. Birinin üstündə pul görüb, dostuma zəng vurdum. Dostum gəldi, kişini izlədik və evin qabağında vurub pulunu aldıq. 2700 pulun 1000-i mənə, 1000-i Ceyhuna, 700-də Murada çatıb".


Xəbərə aid foto