Azərbaycanda seçki öncəsi tam demokratik abhava var


Siyasət 05 Apr 2018 21:01:00 285 0

Azərbaycanda seçki öncəsi tam demokratik abhava var

Azərbaycanda prezident seçkiləri öncəsi tam demokratik ab-hava var və bütün tərəflərə bərabər imkanlar yaradılıb. Müşahidlər göstərir ki, bu seçkilər tam azad, demokratik, şəffaf şəraitdə keçəcək. 

Bu barədə Son.az-a açıqlamasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Azərbaycan Avro-atlantik Mərkəzinin təsisçisi və prezidenti Asim Mollazadə bildirib.

Partiya sədri qeyd edib ki, onlar Azərbaycanda keçiriləcək prezident seçkisinə hazırlıq prosesini yaxından müşahidə edirlər: "Qeyd edim ki, seçki kampaniyası dövründə prezidentliyə hər bir namizədə öz fikrilərini ifadə etmək, seçicilərlə sərbəst görüşmək üçün hər cür imkan və şərait yaradılıb. Hətta bu seçkilərin gedişi ilə razı olmayan, iqtidara qarşı olan qüvvələrin də etiraz aksiyaları həyata keçirmək və öz fikirlərini ifadə etmək imkanları var. Ölkədə azad internet mövcuddur, məhdudiyyətlər, qadağalar yoxdur. Xüsusən sosial şəbəkələrdə hamı öz mövqeyini sərbəst şəkildə ifadə edə bilir".

Bununla yanaşı, A.Mollazadə hesab edir ki, Azərbaycan gənc dövlət olduğundan onu oturuşmuş demokratiyalarla eyni səviyyədə qiymətləndirmək düzgün deyil: "Postsovet, totalitar rejimindən çıxmış gənc Azərbaycan dövləti inkişaf yolundadır. Mənə elə gəlir və ümidvaram ki, apreldəki prezident seçkiləri də ölkəmizin inkişafına öz töhfəsini verəcək".

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkisi keçiriləcək.

İlkin İzzət Son.az