"Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin Bakı konfransı yüksək səviyyədə təşkil edilib"


Siyasət 05 Apr 2018 13:58:00 264 0

"Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin Bakı konfransı yüksək səviyyədə təşkil edilib"

Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçirilən aralıq nazirlər konfransı çərçivəsində BMT Baş Assambleyasının sədri Miroslav Layçakı qəbul edib.

Son.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, M.Layçak Slovakiyanın xarici işlər naziri kimi 2010-cu ildə Azərbaycana səfərini xoş təəssüratlarla xatırlayaraq, bu illər ərzində Azərbaycanın bütün sahələrdə inkişafının təqdirəlayiq olduğunu vurğulayıb və yenidən ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edib.

M.Layçak, həmçinin Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin Bakı konfransının yüksək səviyyədə təşkilini qeyd edib.

Tərəflər Azərbaycan və BMT əlaqələri barədə geniş fikir mübadiləsi aparıb və münasibətlərin daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. E.Məmmədyarov Azərbaycanın BMT-nin seçkili orqanlarında iştirak etməklə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin yerinə yetirilməsinə öz töhfəsini verdiyini vurğulayıb və bu xüsusda, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünə seçilməsi, eləcə də TŞ-yə sədrlik dövründə fəaliyyəti barədə danışıb. O, həmçinin ölkəmizin BMT-nin ixtisaslaşmış və digər qurumları ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

M.Layçak BMT-nin fəal üzvü kimi təşkilatın Azərbaycanla əlaqələrə önəm verdiyini və münasibətlərin dərinləşməsində Azərbaycanın səylərinin, BMT-nin təşəbbüsü ilə təşkil olunmuş qlobal miqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin son statusu, eləcə də gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. E.Məmmədyarov BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi müvafiq qətnamələrin işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb etdiyi halda Ermənistanın bu tələblərə əməl etmədiyini və güc tətbiq edərək Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etdiyini qeyd edib.

Görüşdə BMT Baş Assambleyasının gündəliyinə duran məsələlər, Azərbaycan tərəfindən Dayanıqlı İnkişaf Məqsədlərinin uğurla icrası və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.