Prezident İlham Əliyev: "Qoşulmama Hərəkatı dünyada sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır"


Siyasət 05 Apr 2018 10:37:00 267 0

Prezident İlham Əliyev: "Qoşulmama Hərəkatı dünyada sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır"

Qoşulmama Hərəkatı dünyada sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimində çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Qoşulmama Hərəkatı beynəlxalq hüquq normalarına, ərazi bütövlüyü prinsiplərinə, bütün üzvlərinin suverenliyi və müstəqilliyinə qətiyyətlə sadiqdir.

Prezident vurğulayıb ki, Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür: "Biz bu ailəyə 2011-ci ildə qəbul edilmişik və elə həmin andan təşkilatımız, üzv ölkələr tərəfindən dəstək görməyə başlamışıq. Bu dəstək Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi proseduru zamanı da nümayiş etdirildi. 2011-ci ildə qəbul edildikdən dərhal sonra tərəfdaşlarımızdan da bu dəstəyi hiss etmişik. Bu, asan olmayıb, çünki bizim güclü rəqiblərimiz var idi. Rəqiblər təşkilatımızın üzvləri deyildilər. Bizə seçilməyimiz üçün 155 ölkənin dəstəyi ilə 16 raund lazım oldu. Qoşulmama Hərəkatının, eləcə də İslam Əməkdaşlıq Təşkilatının dəstəyi bizim aparıcı beynəlxalq orqana seçilməyimiz üçün həlledici oldu".

İlham Əliyev bildirib ki, Azərbaycan torpaqları 25 ildən artıqdır ki Ermənistanın işğalı altındadır: "Dünya qəbul edir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, etnik təmizləmə aparılıb. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib. Dünyanın bir sıra ölkələri bu soyqırımı tanıyıb. Xocalı soyqırımı insanlığa qarşı bir cinayət idi".

Prezident əlavə edib: "Təəssüflər olsun ki, işğal bu günə qədər davam edir. Beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, Azərbaycan torpaqları işğal altındadır. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə qətnamələri indiyə qədər yerinə yetirilməyib. ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların bu sahədə qərarları da yerinə yetirilməyib. Ermənistanın etnik təmizləmə siyasətinə baxmayaraq, Ermənistana qarşı hər hansı sanksiya qəbul edilməyib".

İlham Əliyev vurğulayıb ki, işğal olunmuş ərazilərimizdə hər şey dağıdılıb: "ATƏT-in faktaraşdırıcı missiyasının hesabatı göstərir ki, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz erməni vandalları tərəfindən dağıdılıb. Bu, mədəniyyətimizə qarşı soyqırımdır. Azərbaycan ərazisinin işğalı dayandırılmaılıdır, yalnız bundan sonra regiona sülh gələ bilər".

Dövlət başçısı bildirib ki, Ermənistan monoetnik ölkədir, orada yalnız bir etnik qrup yaşayır: "Ermənistandan azərbaycanlılar və digər etnik qruplar qovulub".