"Bunlara nəsə anlatmağın xeyri yoxdur"


Siyasət 05 Apr 2018 08:40:00 241 0

"Bunlara nəsə anlatmağın xeyri yoxdur"

Millət vəkili Adil Əliyev sosial şəbəkələrdə ona böhtan atan, aşağılayan "siyasi mühhacir-bloqer"lərə cavab verib.

Son.az A.Əliyevin Facebook-dakı profilində paylaşdığı açıqlamasını təqdim edir:

"Dostlar artıq vətəndəyəm. Bunu həm də ona görə yazıram ki, günlərdir mənimlə mübarizə aparmağa çalışan, daha doğrusu dillərindən söyüş və təhqir düşməyən müxtəlif radikal qüvvələr guya mənim Almaniyada polisə çağrıldığımı iddia edirlər. Başqa bir yalanları da odur ki, guya məni polis məntəqəsində bir neçə saatlığına saxlayaraq 100 min avro "cərimə" yazıblar. Deməli, bunlar bir yalan quraşdırırlar, sonra həmin yalana müxtəlif yalanlar qoşurlar və ardı-arası kəsilmir. Kölndəki tədbirdən sonra nə polisdə olmuşam, aydındır ki, olmadığım yerdə də mənə qarşı "100 min avroluq" cərimə barədə iddia qaldıra bilməzdilər. Ancaq bunlara heç nə təsir etmir, tutduqları yalanı buraxmırlar, özü də yuvarlaq rəqəmlərdən yapşıblar, yazırdılar ki, guya Köldəki tədbir üçün "80 min avro xərcləmişəm" yazdım ki, yalandır, otel zalının 3 saatlıq icarəsinə cəmi 1.400 avro ödənib, çeki də var, yenə yalanlarını təkrar edirlər, "80 min avro" deyib tutular. Türkləruin yaxşı bir sözü var, deyir ki, çamur at yapşmasa da izi kalsın. İndi bunlar çamur, yəni palçıq atmaqla məşğuldurlar, palçıq bizə nə yapşar, nə də izi qalar! Bunlara nəsə anlatmağın xeyri yoxdur, bağırtıları, söyüşləri, yalanları və iftiraları özlərinə qalacaq.

Məni başqa məsələ də narahat edir. Bu gün Milli Məclisin iclasında həmkarım Siyavuş Novruzov mənim təşəbbüsümlə Kölndə keçirilən tədbiri pozmaq istəyən qüvvələr barədə bunları deyib: "Bu insanlara azərbaycanlı demək mümkün deyil. Onlar Azərbaycanı, xalqı, milləti təhqir edirlər. Səfirliyimiz Azərbaycanın orada bir parçasıdır, bizim səfirliyimizi təhqir edirlər. Azərbaycanlı olan torpağını, ordusunu təhqir etməz, ona qarşı bu şəkildə müxaliflik etməz. Eyni zamanda buna qarşı susan bəzi şəxsləri də başa düşmürəm. Avropadan Azərbaycana qarşı təhqirlərlə bağlı bağıranlara qarşı niyə susursunuz? Burada təriflə bağlı mövzu olsaydı, növbə əlindən mənə çıxış çatmazdı. Səsiniz çıxarın, mövqeyinizi bildirin!".

Bu fikirlə tam razıyam. Təxribatçılar hələ aylar əvvəl dövlətimizi, millətimizi və prezidentimizi təhqir etməyə başladıqda, Avropada təhqiredici şəkillər yapışdırmağa başladıqda sosial şəbəkələr üzərindən onlarla savaşa başaldım. Birini dedilər, üçünü dedim, beşini yazdılar, ondan ikiqatını yazdım, onlar təhqirə keçdilər, mən etik çərçivədə onların cavabını verdim. Ancaq elə o zaman bu mübarizədə kifayət qədər dəstək hiss etmədim. Susanların əvəzinə də mən cavab verirdim. Bəli, daha sonra dövlət səviyyəsində bu məsələ diqqətə alındı, konfrans və seminarlar keçirildi, məhz bundan sonra söyüş söyənlərə cavab verilməyə başlandı. Elə o zaman məni bu sual düşündürürdü: Kimi və nəyi gözləyridiniz? Bayrağımıza, dövlətimizə, millətimizə və prezidentimize yönələn təhqirləri cavablandırmaq üçün xüsusi təlimat lazım idi, yoxsa bunun üçün xüsusi konfrans keçirilməli idi?

Düşünürdüm ki, bəlkə indi söyüş qrupuna qarşı təbliğat güclənə. Axı bu çirkin kampaniya sabitliyimizə, gələcəyimizə, qazandığımız uğurlara təhlükədir. Ancaq təəssüf ki, bəziləri yenə gözləmə mövqeyindədirlər, Kölndəki tədbirdən sonra anladım ki, yenə də yuxarıdan əmr və təlimat gözləyənlər var. Kölndəki tədbirə diplomatlarımızın və diaspora işinə məsul olanların qatılmasını arzulayırdım. Bu olmadı. Üstəlik indinin özündə Qərb ölkələrdə sığınacaq tapan məlum qrupların və onların arxasında dayanan mərkəzlərin hücumuna məruz qalmışam, ancaq yenə də təkbaşına və yaxın dostlarımla mübarizə aparmaq, onlara cavab vermək məcburiyyətindəyəm.

Sosial şəbəkələri söyüş qrupunün və onların arxasındakı gizli qrupların alətinə çevrilməsinə imkan verməməliyik. Bu təhlükəsizlik probleminə çevrilir, dövlətin müvafiq orqanları təbliğat işini gücləndirməlidirlər, ancaq bu tək mənim və yaxın dostlarımın problemi olmamalıdır, deputat həmkarım demişkən, tərif demək üçün növbəyə düzülənlərin çoxunu mən söyüşçül qrupla mübarizədə görmürəm. Mərhum prezidentimiz, ümumilli liderimiz Heydər Əluyev də hər zaman deyərdi: "Mövqe bildirin!". Bu şüar bu gün də aktuallığını itirməyib".