Əli Kərimlinin özünü sığortalamaq cəhdi


Siyasət 04 Apr 2018 15:32:00 234 0

Əli Kərimlinin özünü sığortalamaq cəhdi

Və ya Milli Şura rəhbərliyi uğursuzluqlarını etiraf etməkdə niyə çətinlik çəkir?

Və ya Milli Şura rəhbərliyi uğursuzluqlarını etiraf etməkdə niyə çətinlik çəkir?

Son.az olaylar.az-a istinadən yazını təqdim edir.

Radikal düşərgə bir-birinin ardınca məğlubiyyət sindromu ilə qarşılaşır. Aprelin 11-də keçiriləcək prezident seçkilərini boykot qərarının cəmiyyət, hətta müxalif düşərgə tərəfindən belə dəstəklənməməsinin ardınca kütləvi aksiyalara qərar verən Milli Şura adlanan qurumun etiraz aksiyaları vasitəsilə ictimai-siyasi sabitliyi pozmaq cəhdləri də iflasa uğrayır.  Ən son 31 mart aksiyasına ümid bəsləyən Milli Şura rəhbərliyi mitinqə kifayət qədər etirazçı cəlb edəcəyinə arxayın olsa da, lakin bu dəfə də gözləntilər özünü doğrultmadı və cəmiyyət hər zamankı kimi radikalların aksiyasına dəstək vermədi. Hətta mitinqdən bir neçə gün əvvəl Milli Şuranın ölkənin radikal dini kəsimi ilə tələm-tələsik yaratmış olduğu  Koordinasiya Şurası da bu düşərgəni uğursuzluq sindromundan çıxara bilmədi. İndi xaricdəki ağalarının qarşısında gözükölgəli, yalançı çıxan radikallar müxtəlif cəhdlərlə uğursuzluqlarını sığortalamağa, prt-basdır etməyə çalışırlar. Elə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin 31 mart mitinqindən dərhal sonra bu düşərgəyə yaxın media qurum və quruluşlarına çıxaraq aksiya ilə bağlı  dəyərləndirmələri də məhz bu məqsədə xidmət edirdi. Həmin müsahibələrdə Əli Kərimli dolayı yolla da olsa təsdiq edirdi ki,  cəmiyyət onlara dəstək vermir.

Yeni Azərbaycan Partiyasının üzvü Aygün Osmanova da hesab edir ki, artıq radikal düşərgə cəmiyyət tərəfindən qəbul edilmədiyi, dəstək görmədiyinin fərqindədir: "Milli Şura adlanan qurumun sonuncu 31 mart aksiyası da bunu bir daha təsdiq etdi. Baxmayaraq ki, mitinqdən bir neçə gün əvvəl Milli Şura rəhbərliyi radikal dindarlarla Koordinasiya Şurası yaratmışdı və aksiyaya dini kəsimin ciddi dəstək verəcəyi ümidi var idi. Ancaq Əli Kərimlinin proqnozları özünü doğrultmadı və hər kəsə bəlli olduğu kimi Milli Şuranın son aksiyası da uğursuz, ciddi xalq dəstəyi olmadan başa çatdı". Aygün Osmanova deyir ki, indi Milli Şura, xüsusilə Əli Kərimli illərdir üzləşdiyi uğursuzluqları müxtəlif bəhanələrlə sığortalamağa çalışır: "Əli Kərimli radikallara yaxın olan mediaya verdiyi müsahibədə etiraf edir ki, təşkil etdikləri mitinqlərə xalq tərəfindən dəstək verilmir. Ancaq nə qədər də qəribə olsa Əli Kərimli bu uğursuzluğu özlərində deyil kənarda axtarmağa çalışır.  İddia edir ki, ölkədə fikir, söz azadlığının olmadığı, siyasi təzyiqlərin edildiyi bir vaxtda cüzi sayda belə insanların aksiyaya gəlməsi uğurdur. Əvvəla onu qeyd edim ki, Əli Kərimlinin ölkədə fikir, söz azadlığının olmaması barədə iddiası tamamilə absurddur və heç bir həqiqəti özündə əks etdirmir. Sual oluna bilər ki, doğurdan da ölkədə fikir, söz azadlığı yoxdursa o zaman sizlərə yaxın olan onlarla media orqanı necə fəaliyyət göstərir? Yaxud həmin media qurumlarında hakimiyyəti əsassız, absurd fikirlərinlə necə tənqid edirsən? Göründüyü kimi Əli Kərimli özü özünü təhrif etməklə məşğuldur". Hakim partiyanın üzvü deyib ki, hazırkı situasiyada Milli Şura rəıhbərliyinin özünü sığortalamaq cəhdi onlara xaricdəki antiAzərbaycan qüvvələr tərəfindən verilən maddi dəstəyin hesabının sorulması ilə bağlıdır: "Şübhəsiz ki, həmin antiAzərbaycan dairələr ölkədə ictimai-siyasi sabitliyin pozulması, xaos, anarxiyanın yaranması üçün Əli Kərimliyə külli miqdarda pul veriblər. Lakin radikallar ortaya nəticə qoya bilməyib və indi çətin vəziyyətdə qalıblar. Ona görə də müxtəlif bəhanələrlə uğursuzluqlarını sığortalamaq istəyirlər". Aygün Osmanova onu da qeyd edib ki, Əli Kərimlidən siyasətçi deyil, yaxşı şoumen çıxar: "AXCP sədri iddia edir ki, bir neçə gün əvvəl hava şəraitinin kəskin pisləşməsi və paytaxt da daxil olmaqla bölgələrdə güclü küləyin olması barədə verilən xəbərdarlıq guya Milli Şuranın 31 mart mitinqinə maneçilik yaratmaq məqsədi daşıyıb. Bu adam öz yalanına artıq özünü də inandıra bilib. Məlumdur ki, həmin xəbərdarlıq xüsusilə məktəblilər üçün edilmişdi və onların valideynlərinə övladlarından küləkli havada ehtiyatlı olmağı tövsiyə edirdi. Və küləkli havanın da vurduğu ziyan hər kəsə bəlli oldu. İndi belə çıxır ki, bu kimi arzuedilməz situasiyalarda əhaliyə xəbərdarlıq edilməsin? Və sonra da Əli Kərimli bunu əlində bayraq etsin ki, nə üçün xalqa əvvəlcədən məlumat verilməyib. Yaxud Əli Kərimlinin mitinqdəki elektoratı məktəblilərdən ibarət olacaqdı ki, Milli Şura rəhbərliyi belə narahat olub?. Göründüyü kimi Milli Şura rəhbərliyi xaricdəki ağalarından alıb yediyi və ortaya heç bir nəticə qoya bilmədiyinin acısını yaşamaqdadır".