Ermənistan aprel müharibəsini niyə uduzdu?


Siyasət 04 Apr 2018 12:05:00 237 0

Ermənistan aprel müharibəsini niyə uduzdu?

THE JERUSALEM POST, İsrail

04.04.2018 

Müəllif: Seymur Məmmədov

Aprel müharibəsi Azərbaycanın işğal altındakı ərazilərinin itirilməsilə barışmadığını və heç vaxt barışmayacağını, Dağlıq Qarabağdakı status-kvonu qəbul etməyəcəyini bir daha ortaya qoyub. 

2016-cı il aprelin ilk 4 günündə Ermənistan Azərbaycana qarşı növbəti təcavüz və barbarlığını edib. O, Azərbaycan qarşı 1990-cı illərin ilk 4 ilində də eyni addımları atıb. Nəticədə Ermənistan Azərbaycan ərazisi olan Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal edib.

2016-cı il aprelin 2-dən 5-nə qədər də Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı fəal təcavüzə başlamışdı. Həmin günlərdə Azərbaycan ordusunun mövqeləri, xüsusilə, təmas xəttində yerləşən yaşayış məntəqələri raket, artilleriya qurğuları, qırıcılar və zirehli texnikalardan atəşə tutulurdu. Lakin Azərbaycan ani əks-hücumla düşmənin planını poza, üstəlik bəzi ərazilərini işğaldan azad edə bildi.

1990-cı illərdən fərqli olaraq, 2016-cı il Yerevan üçün uğursuz oldu. Bu, eyni zamanda Ermənistan prezidenti Serj Sarqsyanın siyasətinin iflasa uğradığının da göstəricisi idi. Aprel müharibəsi hələ uzun müddət məhz belə xatırlanacaq. Niyə? Çünki prezident Sarqsyan aprel müharibəsindəki məğlubiyyətdən dərhal sonra Müdafiə Nazirliyinin bir neçə yüksək rütbəli generalını işdən qovdu. 3 generalın dərhal işdən qovulması Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyat zamanı ciddi səhvlərə yol verdiyinin nümayişi idi. Məhz bu üzdən dövlət başçısı məsələyə reaksiya vermək məcburiyyətində qalmışdı.

Bəs Ermənistan aprel müharibəsini niyə uduzdu? Birincisi, son illərdə Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası kifayət qədər yaxşılaşıb. Ölkə ordusunun arsenalına müasir silahlar və hərbi texnikalar əlavə olunub. Bununla yanaşı, Azərbaycan hərbçiləri tez-tez təşkil olunan hərbi təlimlərlə döyüş hazırlığını da artırıb. Əlbəttə ki, bütün bunlar Azərbaycan prezidenti İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasətinin nəticəsidir.

Rəsmi Bakının İsraillə sıx münasibətləri var. Azərbaycan bu ölkədən dronlar, zirehli texnika, elektron kəşfiyyat avadanlıqları, tank və aviasiya əleyhinə raketlər və s. alır. Aprel müharibəsi zamanı məhz bu silahların da bəzilərindən uğurla istifadə edilib. Məsələn, "kamikadze" dronları vasitəsilə erməni könüllülərilə dolu avtobus, "Akatsiya" özüyeriyən artilleriya qurğusu, Ermənistan ordusunun arxa cəbhədə yerləşən bir qrup şəxsi heyəti və zərbə qrupu məhv edilib. Ermənistanın elektron hərbi avadanlıqları və aviasiya əleyhinə silahları bu zərbələrin qarşısında aciz qalıb.

Bundan başqa, Azərbaycan "4 günlük müharibə" zamanı İsrail istehsalı olan "Spike" tankəleyhinə raket kompleksindən də istifadə edib. Bu, düşmənin onlarla döyüş maşının məhvinə imkan verib. Erməni tərəfinin özünün etirafına görə, aprel müharibəsi zamanı o, 14 tank (çox güman ki, real rəqəm daha yüksəkdir), 4 piyadaların döyüş maşını, bir neçə artilleriya qurğusu və aviasiya əleyhinə silahlarını itirib. Bir sözlə, erməni əsgərləri İsrail istehsalı olan bu silaha adekvat cavab verə bilməyib.

Yeri gəlmişkən, Azərbaycanla İsrail arasında hərbi-sənaye sahəsində əməkdaşlığa dair təxminən 5 milyard dollarlıq müqavilə imzalanıb. Azərbaycan prezidenti İlham Əliyevin sözlərinə görə, bu müqavilələrin böyük hissəsi artıq icra olunub.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun bu yaxınlarda dərc etdiyi hesabatda deyilir ki, Azərbaycan İsraildən silah, hərbi avadanlıq və hərbi texnologiya alan 3 əsas ölkədən biridir. İnstitutun hesabatına əsasən, Azərbaycan İsraildən ümumilikdə 137 milyon dollar dəyərində slah alıb.

Bu da Azərbaycan rəhbərliyinin müdrik siyasətinin göstəricisidir. Bakının məhz İsraillə hərbi əməkdaşlıq etmək qərarı çox doğru seçimdir. İsrail silah və hərbi texnikasının dünyada ən yaxşıların sırasında olduğu hər kəsə bəllidir. Onlar yüksək keyfiyyəti, texnoloji üstünlükləri və davamlılığı ilə seçilir. Bundan başqa, Azərbaycanın İsrailin müasir hərbi texnikasını əldə etməsi, ona qısa vaxtda öz şəxsi silahlarını istehsal etmək imkanı da varib.

Bir sözlə, "4 günlük müharibə" Azərbaycanın hərbi sahədə Ermənistandan xeyli üstün olduğunu nümayiş etdirib. Bu müharibə zamanı Ermənistan 200-dən çox hərbçisini itirib, 500-dən artıq erməni əsgəri yaralanıb. Azərbaycan isə bu döyüşlərdə 31 hərbçisini itirib.

Bu gün Azərbaycan Ermənistanın onun torpaqlarına hücumu zamanı həyatını itirmiş qəhrəmanlar qarşısında baş əyir. Bu qəhrəmanlar Azərbaycan xalqına qarşı vəhşiliyin qarşısını həyatları bahasına alıblar. Onların parlaq və əbədi xatirəsi qəlbimizdə hər zaman yaşayacaq.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)