Bolqarıstanda Qara Qarayevin 100 illik yubileyi qeyd olunub FOTO


Kriminal 03 Apr 2018 22:26:00 288 0

Bolqarıstanda Qara Qarayevin 100 illik yubileyi qeyd olunub  FOTO

Bolqarıstanın Ruse şəhərində Qara Qarayevin 100 illik yubileyi qeyd olunub.

Son.az Trend-ə istinadən bildirir ki, Prezidentin "Qara Qarayevin 100 illik yubileyi haqqında" Sərəncamından irəli gələrək Bolqarıstanın Dunay çayı üzərində ən böyük şəhəri, ölkədə isə 5-ci böyük şəhər olan Ruse şəhərində Azərbaycanın böyük bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin qeyd olunması çərçivəsində səfirlik, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyi və Ruse İncəsənət Qalereyasının birgə təşkilatçılığı ilə "Mart musiqi günləri" beynəlxalq festivalı çərçivəsində dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edən foto-sərgi keçirilib.

Gecədə Ruse şəhər icra hakimiyyətinin rəsmi şəxsləri, şəhərin digər dövlət və özəl qurumlarının nümayəndələri, aparıcı QHT və KİV nümayəndələri və yerli incəsənət xadimləri, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova, Ruse şəhərinin merinin "Humanitar fəaliyyət" üzrə müavini İvan Qriqorov, Ruse İncəsənət Qalereyasının direktoru Yelena Velikova iştirak ediblər.

Ruse şəhərinin meri Plamen Stoilov tərəfindən təbrik məktubu ünvanlanıb. Məktubda Qara Qarayevin 100 illik yubileyinə həsr olunan sərginin təşkilinə görə təşəkkür ifadə olunur və sərginin mədəni dəyər və ənənələrin qorunmasına töhfə verən bu görkəmli bəstəkarı yad etmək üçün mükəmməl təşəbbüs olduğu bildirilir.

"Mart musiqi günləri" beynəlxalq festivalı Bolqarıstanın ən qədim və nüfuzlu festivallarından hesab olunur. 1961-ci ildə əsası qoyulan və Ruse Bələdiyyəsi tərəfindən təşkil olunan festival şəhəri əsl musiqi paytaxtına, Avropa və dünyanın yüksək səviyyəli musiqiçilərinin görüş yerinə çevirir.

Gecənin açılışında çıxış edən səfir N.Qurbanova cari ildə Azərbaycanda bir sıra yubileylərin qeyd olunduğunu, belə ki, cari ildə Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinin qeyd olunduğunu və onun müsəlman Şərqində ilk demokratik respublika olduğunu söyləmişdir. AXC-nin yaranması və fəaliyyəti barədə qonaqlara qısa məlumat verən səfir 100 bundan öncə qadınlara səsvermə hüququ verən AXC-in müsəlman Şərqində qadınlara bərabər siyasi hüquqlar verən ilk dövlət olduğunu və bu göstəriciyə görə bir çox Avropa ölkələrini qabaqladığını əlavə etmişdir.

Səfir N.Qurbanova cari ilin həmçinin Azərbaycan milli operasının 110 illik yubileyi ilə əlamətdar olduğu, müsəlman Şərqində ilk opera olan "Leyli və Məcnun" operasının əsasının Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən qoyulduğu, yeni özünəməxsus janr - muğam-opera janrında olan bu əsərin Şərq və Avropa musiqisini özündə ehtiva etdiyi barədə qonaqlara məlumat vermişdir.