Səfirlik: “Rahim Namazov mafiozdur, jurnalist deyil” FOTO


Kriminal 01 Apr 2018 11:29:23 293 0

Səfirlik: “Rahim Namazov mafiozdur, jurnalist deyil”  FOTO

Azərbaycanın Fransadakı səfirliyi nəhayət Tuluzada iki azərbaycanlı mühacirin güllələnməsi hadisəsi ətrafında getdikcə qızışmaqda olan informasiya kampaniyasına reaksiya verib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, səfirlik bəyanatla çıxış edərək silahlı hücuma məruz qalan Rahim Namazovun jurnalist yox, mafioz olduğunu bildirib. Xəbər verildiyi kimi martın 30-da səhər saatlarında Fransanın Tuluza şəhərinin Kolomie kantonunda kriminal aləmdə özünü "Rahim Şəkinski" və ya "Opasnıy Roma" kimi tanıdan Rahim Namazovun və həyat yoldaşı Aida Namazovanın olduğu avtomobil killerlər tərəfindən atəşə tutulub. Bu zaman 39 yaşlı Aida Namazova başından aldığı güllə yarasından ölüb, Rahim Namazov ağır yaralanıb. 

Bu hadisə dərhal Fransa və Avropa media ictimaiyyətində geniş rezonans doğurub. Çünki Namazov 2010-cu ildə Azərbaycandan jurnalist adı altında mühacirət edib, iki il sonra ona siyasi sığınacaq verilib. Namazov iddia edib ki, Azərbaycan ordusunda baş verən əsgər ölümlərini araşdırdığı üçün təqiblərə məruz qalıb, həbs edilib, işgəncə görüb. Nəticədə Tuluzada baş vermiş hadisəni aparıcı KİV-lər "Azərbaycan hakimiyyətinin tənqidçisinin güllələnməsi", yaxud "mühacirətdə olan müxalif jurnalistə qəsd" kimi işıqlandırıblar. Hətta ATƏT-in söz azadlığı üzrə xüsusi nümayəndəsi Harlem Dezir xüsusi bəyanatla çıxış edib. 

Tuluza meri yerli KİV-lərə müsahibə verərək Namazova hücumun siyasi motivli ola biləcəyini açıqlayıb. Mətbuat bu hadisəni az qala Böyük Britaniyada zəhərlənən Rusiya kəşfiyyatçısı Skripalın işi ilə müqayisə etməyə başlayıb. İş o yerə çatıb ki, Türkiyə və Rusiya mediası da iki gündür "Fransada azərbaycanlı müxalif jurnalistə silahlı hücum" barədə yazırdı. Əslində isə "Rahim Şəkinski" YouTube-də son günlər bir neçə dəfə İstanbulda mənzillənmiş kriminal avtoritet "Lotu Quli"nin ünvanına söyüşlər yağıdırıb. "Lotu Quli"nin tərəfdarları isə onu söyüb və ölümlə hədələyib. Azərbaycan səfirliyi isə bu müddət ərzində susub, qalmaqal bir yana, Fransada kimliyindən asılı olmayaraq iki Azərbaycan vətəndaşının güllələnməsinə operativ reaksiya verməyib.