Müxalifətfasonlarla bağlı maraqlı suallar


Siyasət 01 Apr 2018 09:49:59 311 0

Müxalifətfasonlarla bağlı maraqlı suallar

Yenə də özünü müxalifət adlandıran, amma əsl müxalifətin etməli olduğunun heç onda birini də edə bilməyən və ya etməli olduqlarından xəbəri olmayan bir qrup yığışıb stadionda mitinq elədi.

Xatırladım ki, mitinq 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə təyin edilmişdi və bu günün bizim üçün nə anlama gəldiyini Azərbaycanda bilməyən demək olar ki, yoxdur. Amma özünə radikal dindarların simasında dəstək tapmağa çalışan "Milli Şura" bu günə siyasi mitinq təyin etməklə nə dərəcədə milli olduğunu bir daha nümayiş etdirdi. Deməli, onlar məhz ayın 31-də mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməklə ya tariximizdən xəbərsiz olduqlarını, ya da bunu qəsdən getdiklərini sübuta yetirdilər.

Nə isə... Yenə də stadionda yığışıb "eyni hamam, eyni tas" platformasından çıxış etdilər. Yenə xalqı hakimiyyətə qarşı kütləvi iğtişaşlara, vətəndaş itəaətsizliyinə çağırdılar. Məsələ ondadır ki, AXCP sədri Əli Kərimli, "Milli Şura"nın rəhbəri Cəmil Həsənli, "Müsavat" Partiyasının başqanı Arif Hacılı və onlarkimilər hələ də ötən əsrin 90-cı illərinin çərçivəsindən kənara çıxa bilməyiblər. Özləri iddia edir ki, guya iqtidar onlara siyasi texnologiyalardan tam bəhrələnərək istifadə etməyə imkan vermir.

Onların siyasi texnologiyalarında dəyişən şey isə yalnız söyüş və təhqirlərin virtual müstəviyə ötürülməsi, həmin mexanizmin icraçılarının arasında isə muzdlu "trol"ların, eləcə də Azərbaycanı qapazaltı etmək istəyənlərin sifarişini yerinə yetirənlərin sayının çoxalması, səlis məntiqin, vicdan, həya, abır, utancaqlıq hissinin azalmasıdır.

Çox maraqlıdır, bunlar iddia edirlər ki, çox güclüdürlər və sosial bazaları da çox genişdir. Amma nədənsə ən böyük mitinqlərinə belə rəsmi məlumata görə 1500-2000-dən, lap vur öldür, 5 mindən çox adam yığışmır. Əgər həqiqətən də özünü müxalifət adlandıran bu qrupun tərəfdarı onların dediyi kimi çox olsaydı, gərək ən azından stadionun təkcə futbol oynanılan yeri yox, tamaşaçı oturacaqları da dolu olaydı? Hanı? Axı hanı? Deməli, bunun özü bir oyundur...

Əgər onlar belə güclüdürlərsə, o zaman niyə ümumrespublika mitinqi keçirib əzələ nümayiş etdirmirlər? Axı Azərbaycan təkcə Bakıdan ibarət deyil. Əgər həqiqətən də çoxminli sosial bazaya malikdirlərsə, o zaman eyni gündə bütün rayonlarda mitinq keçirsinlə, həm iqtidara gücünü göstərsinlər ki, biz buyuq, həm də sifarişçilərinə sübut etsinlər ki, onların verdikləri pullar hədər getmir. Bəs hanı? Sadəcə yeni sözlər, təhqir, söyüş, boşboğazlıq, siyasi demoqoqiya...

Müasir siyasi texnologiyalara yiyələnə bilməyənlərin, əbədi müxalifət olub kənarda durmağı, xaricdən qrant, "yardım" hesabına yaşamağı üstün tutanların görəsən əsl məqsədləri nədir? Həqiqətənmi demokratiya, insan hüquqları, hakimiyyət uğrunda sivil mübarizə, xalqın gününə ağlamaq və s., yoxsa şəxsi və marginal maraqlarını təmin etmək, əsl sifarişçilərə hesabat vermək? Barı, heç olmasa arada çıxışçıları, şüarları dəyişəydilər. Amma onları "qınamağa" da dəyməz. Axı kim və nə ilə?! Əslində, bu suallar ritorikdir və cavabları da çoxlarına bəllidir. 

Gör nə günə qalıblar ki, Qərbdəki antiazərbaycançı, antiislamçı qüvvələrin müəyyən etdiyi istiqamət və qurduğu planlar üzrə hərəkət etmələrinə baxmayaraq, tam əks qütbdən olan və Azərbaycanda cihad edib teokratik hakimiyyət qurmaq istəyən radikal dindarları öz tərəfinə çəkməyə çalışır, əndarabadi manevr edirlər. Bu iki qeyri-konstruktiv qüvvənin bir araya gəlməsi isə bizə yaxşı heç nə vəd etmir. Çünki məlumdur ki, təmayülündən, əqidəsindən asılı olmayaq istənilən sahədə radikallar yalnız bir nöqtəyə doğru getməyə, kütlə psixologiyası ilə hərəkət etməyə, "vur!" deyəndə düşünmədən vurmağa üstünlük verirlər. Deməli, məqsəd Azərbaycanda demokratiya, azad seçkilər, hakimiyyət uğrunda sivil siyasi mübarizə deyil, ara qarışdırmaq, gərginliyi artırmaq, əmr gəldiyi halda ölkəni döyüş meydanına çevirməkdir... Çox təəssüf!!!

Tez-tez Qərbi, Avropanı, Amerikanı nümunə göstərirlər. Onlardan kimsə bizə istinad etdikləri coğrafiyada 25 ildir yerində sayan, uğur qazana bilməyib fəaliyyətini davam etdirən siyasi fiqur və ya partiya göstərə bilərmi? Görəsən, 25 ildir iqtidar üçün "istefa!" qışqıran müxalifətfasonların özləri niyə istefa nümunəsi göstərə bilmirlər? Axı özünə hörmət edən heç bir siyasi fiqur səhnədə bu qədər qalmazdı. Yaponiyada isə özünə hörmət edənlər bu qədər ardıcıl biabırçı məğlubiyyətlərdən sonra hətta xarakiri edirlər. Özünə hörmət edənlər...  

Özünə hörmət etməyənlərdən xalqa hörmət də gözlməyə dəyməz!

Məmməd Hüseynov Son.az