“Milli Şuranın mitinqi ancaq pozuculuq fəaliyyətinə xidmət edir”


Siyasət 31 Mar 2018 20:02:00 453 0

“Milli Şuranın mitinqi ancaq pozuculuq fəaliyyətinə xidmət edir”

"Ümumiyyətlə, bu cür mitinqlərin keçirilməsi Azərbaycanda ancaq pozuculuq fəaliyyətinin göstəricisidir. Niyə? Birincisi, kifayət qədər yerlər ayrılmışdı. Əgər mitinq keçirmək və yaxud da hansısa tədbir keçirmək iqtidarına malik idinsə, o zaman seçkidə iştirak edərdin. Bütün regionlarda, rayonlarda görüşlər keçirərdin və insanlara öz fikirlərini, rəylərini çatdırardın. Amma ayda bir dəfə iki min və yaxud iki min beş yüz adam toplamaqla hər hansı bir mitinq keçirməyin heç bir əhəmiyyəti yoxdur".

Son.az bildirir ki, bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasından (YAP) prezidentliyə namizəd cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

YAP İcra katibinin müavinin sözlərinə görə, bu addımlar sırf müəyyən dairələrin təhriki ilə və onlardan ayrılan maliyyə yardımının nəticəsi olaraq atılır: "Özünüz də görürsünüz ki, paralel olaraq Avropada yalandan mühacir adı almış adamlar o tərəfdən, erməni lobbisi digər tərəfdən təzyiqlər edirlər. Bu eyni mərkəzdən idarə olunan qüvvələrdir. Bu mitinqə toplaşanlar nə əqidəyə, siyasi baxışa, nə də demokratiyaya və digər amillərə görə yığışmayıblar. Onların mitinqində bir tərəfdə islamçı dayanır, bir tərəfdə guya Avropaya inteqrasiya etmək istəyən şəxslər, digər tərəfində isə bu və ya digər şəkildə cinayət törətmiş şəxslərin valideyinləri durur və s. Bura o qədər qarışıq bir kontingentdir ki, müəyyən etmək olmur ki, kim burada nə istəyir və tələb nədən ibarətdir. Yəni bu cür insanların hesabına say artırmağa çalışmaq və yaxud da hansısa bir təsir, təzyiq göstərmək mənasızdır".

S.Novruzov əlavə edib ki, bu gün 31 Mart Azərbaycanlıların soyqırımı gündür: "Belə bir ərəfədə Milli Şuranın mitinq keçirməsi xalqa hörmətsizlikdən xəbər verir. Bu insanların sosial bazası, elektorarı olmadığına görə onlar seçkidən yayındılar və qaçdılar. Çünki orada imza toplamaq, görüşlər keçirmək, təbliğat kampaniyasını aparmaq və proqram yazıb masaya qoymaq lazım idi ki, mən nə etmək istəyirəm. İndiyədək onların bir səhifə yazılı şəkildə proqramı yoxdur. Elə iyirmi ildir söylədiklərini yenə təkrarlamaqla məşğuldurlar. Ancaq "Azadlıq" şüarı ilə çıxış edirlər. Bəyəm biz azad deyilik? Bu gün Azərbaycanda olan azadlıq heç bir ölkədə yoxdur. Bu gün Azərbaycan qədər müstəqil siyasət yürüdən (daxili və xarici) heç Avropa İttifaqına daxil olan ölkələr yürütmür. Eləcə də bu gün Azərbaycan xalqının maraqları qədər heç bir ölkə öz xalqının maraqlarını müdafiə edə bilmir. Azərbaycan Prezidenti gecə və gündüz bu xalqın maraqlarını müdafiə edir. Bəs bundan artıq nə istəyirsən? Bu gün Azərbaycanda yaradılan təhlükəsizlik sistemi, ictimai-siyasi sabitlik və s. bütün bunlar hamısı ölkəmizin gücüdür. Azərbaycanda xalqla dövlətin və iqtidarın bir yerdə olmasıdır".