Azərbaycan İranın dünya maliyyə bazarlarına çıxışı üçün körpü rolunu oynayır


Siyasət 30 Mar 2018 17:25:00 283 0

Azərbaycan İranın dünya maliyyə bazarlarına çıxışı üçün körpü rolunu oynayır

Azərbaycan İranın dünya maliyyə bazarlarına çıxışı üçün özünəməxsus körpü rolunu oynayır.

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, iqtisadiyyat elmləri doktoru Rüfət Quliyev deyib.

Deputatın sözlərinə görə, hazırda İran dünya maliyyə bazarlarına çıxışda və beynəlxalq ödəniş sistemlərinin tətbiqində müəyyən çətinliklərlə üzləşir:

"ABŞ və Avropa ölkələri tərəfindən tətbiq olunan sanksiyalarla əlaqədar İranın maliyyə və bank sahələrində problemləri mövcuddur. Yalnız qısa müddət əvvəl onlar beynəlxalq ödəniş sistemlərinə qoşulmağa başlayıblar, amma problemlər əvvəlki kimi qalmaqdadır".

R.Quliyev qeyd edib ki, bununla bağlı olaraq İranın Azərbaycanla bank sektorunda əlaqələrinin genişləndirilməsində marağı başa düşüləndir.

Deputat hesab edir ki, Azərbaycan dünya maliyyə bazarlarına çıxışda İranı əhəmiyyətli dərəcədə dəstəkləyə bilər:

"Azərbaycan qlobal maliyyə bazarında böyük çəkiyə malikdir. Biz artıq dünya maliyyə sisteminə inteqrasiya olunmuşuq, İran isə hələlik bu yoldadır. Ona görə də Azərbaycan İranın beynəlxalq maliyyə bazarlarına çıxışı üçün özünəməxsus körpü rolunu oynayır".