İctimai qınaq kütləviliyi...


Siyasət 28 Mar 2018 12:30:00 261 0

İctimai qınaq kütləviliyi...

Yaxud, Əli Həsənovun stauslarından doğan həqqətlər

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun sosial şəbəkədə bir sıra avropalı "siyasi mühacirlər" barədə irəli sürdüyü fikirləri növbəti dəfə sübut etdi ki, əslində, söyüş və təhqir etmək yolu ilə heç bir siyasi uğur, yaxud üstünlük əldə etmək olmaz. Daha doğrusu, sivil mübarizənin özü də tərbiyədən keçən faktordur. Təəssüf ki, "avropalı mühacirlər" deyilən dırnaqarası zümrə bu və ya digər baxımdan, istədiklərini məhz söyüşlər üzərində qurdular. Ancaq bu kimi "siyasi yol" əslində həmin tərəflərin sözün həqiqi mənasında axrıncı yolda olduqlarını sübuta yetirmiş oldu. Alınmadı... Yaxud, təhqirlərdən yoğrulmuşlar bəlli xarici dairələr tərəfindən onlara verilən sifarişlərin öhdəsindən gəlməyi bacarmadılar. Halbuki, onlara müxtəlif yerlərdən və müxtəlif cinahlardan, hətta müxalifətdən kütləvi qınaqlar oldu. Fəqət, nə qınaq, nə tövsiyə, nə də digər mühüm amilləri qulaqardına vuran avropalı Vətən xainləri bu gün də öz iyrənc əməllərini "siyasət" adı altında, yaxud "müxalifətçilik" pərdəsi arxasında davam etdirməkdədirlər.

Bu arada sosial şəbəkələrdə də Əli müəllimin tövsiyə xarakterli statusları müzakirə olunmaqda davam edir və Avropada heç bir mənəvi dəyərlərə sığmayan ünsürlər barədə ən sərt tənqidlər yazılır.

Sahib Kərimov: "Bəlkə də belələri pula aldanıb şərəflərini satdıqları günə lənət oxuyurlar..."

Misal üçün, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının şüra üzvü Sahib Kərimov sosial şəbəkədə yazdığı statusunda qeyd edir. SİTAT: "Siz Avropada təhqir kampaniyasını aparanlara fikir verməyin. Onları dəstəkləyən "intiligentlər" kimlərdir? Bəziləri burada yaşayır, bəziləri Avropada. Hiss olunur ki, sınmış və alçalmış adamları müdafiə etmək hətta onlara da çətindi. Amma lazımdı. Şəbəkənin tələbi budur. Bəlkədə belələri pula aldanıb şərəflərini satdıqları günə lənət oxuyurlar. Amma variant da yoxdur. Dairəyə düşən ordan çıxa bilməz".

Göründüyü kimi, Avropada "siyasi mühacir" adı altında çirkin məqsədli fəaliyyətlər göstərənlərin əsas məqsədləri heç də siyasi maraqları deyil, tamamilə başqa maraqları sərgiləyir. Davamlı oturum izni almaq və s...

Sənan Nəcəfov: "Qarşı tərəfi natamamlıq və milli-mənəvi dəyərlər sayğısızlığına inandırmaq- manupulyativ proqramların nəticəsidir"

QHT xəbər saytının baş redaktoru Sənan Nəcəfov isə geniş məqaləsində sözügedən məsələyə toxunaraq bu fikirləri qeyd edib. SİTAT: "Əgər klassik müharibələrin hədəfi düşmənin fiziki məhvidirsə, informasiya müharibəsinin hədəfi müxtəlif manipulyasiya metodları ilə rəqibi mənəvi məhv etməkdir. Burada Qarabağ müharibəsində silahsız Azərbaycanın mübarizəsini, Ramil Səfərov məsələsini, Avropa oyunlarını, Avroviziya yarışmasını, bir müddət rekord olaraq qeydə alınan dünyanın ən hündür Bayraq Sütunu haqda deyilənləri xatırlatmaq yerinə düşər. Qarşı tərəfi natamamlıq və milli-mənəvi dəyərlər sayğısızlığına inandırmaq- manupulyativ proqramların nəticəsidir".

Bəli, məhz aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə deyil, daha öncəki mühüm ictimai-siyasi, mədəniyyət və idman hadisələri ərəfəsində də bizlər eyni mənzərənin şahidləri olmuşduq. Bu baxımdan, illər keçsə də, sözdə müxalifət adı altında müxtəlif ölkələrdə Azərbaycan dövlətinin maraqlarına qarşı canfəşanlıq edənlər dəyişiməyiblər. Hətta belə deyək, 80-ci illərin sonlarındakı, 90-cı illərin əvvəllərindəki küçə müxalifəti postlarını qoruyub-saxlayıblar.

Hikmət Babaoğlu: "Nəticədə bu marginallar özlərini bir daha ifşa etməklə kimə xidmət etdiklərini göstərmiş oldular və yenidən ictimai qınaq obyektinə çevrildilər"

Bu arada "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlunun mətbuata verdiyi açıqlamasına bir daha diqqət yetirə bilərik.

"Siyasi mübarizəni şər-böhtan səviyyəsinə endirmək anti-Azərbaycan mərkəzlərin yeni taktikası kimi müəyyənləşdirilib"-deyə qeyd edən Hikmət müəllim əlavə edib ki, bu kimi davranışlar xüsusi məqsədə xidmət etməklə milli-mənəvi dəyərlərimizə qarşı yönəlib: "Seçki prosesi mərhələsində belə qüvvələrin fəallaşması da təsadüfi deyil. Çünki seçki mədəniyyəti siyasi mədəniyyətin mühüm tərkib hissəsi olmaqla həm də ümumi mədəniyyətimizin keyfiyyətini müəyyənləşdirir. Ona görə də seçki ilində siyasi dəyərlərimizin və mədəniyyətimizin hədəfə alınması, ictimai nüfuz sahiblərinin, mühüm dövlət məmurlarının gözdən salınması, onların fikirlərinin təhrif edilməsi təsadüfi deyil".

"Elə bu günlərdə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Ə.Həsənov da bu məsələni diqqətə çəkərək bir qrup insanın xaricdə milli maraqlarımıza zidd hərəkət etdiyini və bunun planlı şəkildə həyata keçirildiyini söyləmişdi"-deyə xatırladan millət vəkili daha sonra bildirib: "Görünür, hədəfi düzgün göstərdiyinə görə Əli Həsənovun obyektiv və milli maraqlarımız baxımından tamamilə haqlı olan fikirlərini elə həmin xaricdəki "ideoloji təxribat" qrupu manipulyasiya etməyə başladı. Məsələ xaricdə yaşayan bütün azərbaycanlıların mənafeyinə zidd kimi təqdim olundu".

Beləliklə, Hikmət Babaoğlu bu fikirləri ilə demək istəyib ki, məqsəd isə kütləvi narazılıq yaratmaq cəhdi idi: "Ancaq həqiqət bu idi ki, Əli Həsənov sadəcə bir qrup anti-azərbaycançı ünsürlərdən danışmışdı. Əlbəttə, Azərbaycandan kənarda yaşayan çoxsaylı vətənpərvər və intellektual azərbaycanlılar həqiqətin nə olduğunu dəqiq bilirlər. Ona görə də islamofob marginalların qaralama kampaniyasına əsla inanmırlar. Nəticədə bu marginallar özlərini bir daha ifşa etməklə kimə xidmət etdiklərini göstərmiş oldular və yenidən ictimai qınaq obyektinə çevrildilər".

Ümumiyyətlə, bu kimi haqlı qınaqlar və tənqidlər artıq o qədər çoxdur ki, onların hər birini bir qəzetə deyil, onlarla qəzet səhifəsinə sığdırmaq olmaz. Bu isə bütövlükdə sağlam düşüncəli ictimaiyyətin kütləvi etirazıdır - avropalı "siyasi mühacirlərə" və təhqirlərdən yoğrulmuş ünsürlərə...

SİA