"Azərbaycan manipulyasiya edilməsinə imkan verməyəcək"


Siyasət 27 Mar 2018 17:28:00 258 0

"Azərbaycan manipulyasiya edilməsinə imkan verməyəcək"

Azərbaycan üçüncü ölkələrin maraqları naminə manipulyasiya edilməsinə imkan verməyəcək. Məsələn, Rusiya ilə münasibətləri ikitərəfli maraqlar əsasında qururuq, Vaşinqton, Brüssel, hətta Ankaranın bizə nə deməsi ilə yox.

Son.az xəbər verir ki, bunu report-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, Azərbaycan da başqa ölkələr kimi, milli maraqlarına uyğun siyasət yürüdür: "Azərbaycanın geosiyasi mövqeyi onun xarici siyasətini müəyyənləşdirir. Prioritetlərin bölüşdürülməsi sayəsində inkişaf və təhlükəsizlik üçün əlverişli şəraitin təmin olunması müvəffəqiyyətlə həll edilir".

R.Musabəyov ölkənin yeganə probleminin həll olunmamış Dağlıq Qarabağ münaqişəsi olduğunu bildirib və bu il münaqişə ilə bağlı danışıqlar prosesinin aktivləşdiriləcəyini istisna etməyib.

"Həm Azərbaycanda, həm də Ermənistanda seçki prosesi apreldə başa çatır və hesab edirəm ki, bundan dərhal sonra intensiv danışıqlar mərhələsinin başlaması doğru olardı. Çoxları Qarabağ məsələsini qısa müddətdə həll etməyin və gündəmdən çıxarmağın mümkün olması ilə bağlı illüziyalar qurur. Bu, utopiyadır. Həll prosesini elə mərhələyə keçirmək lazımdır ki, irimiqyaslı hərbi əməliyyatlar riski minimuma endirilmiş olsun", - ekspert bildirib.

O, Ermənistanın bu gün qonşuları ilə münasibətləri normallaşdırmağa məcbur qaldığını vurğulayıb və nümunə kimi onların İran, Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin bu yaxınlarda keçirilən görüşündən təcrid edildiyini göstərib.

Politoloq qeyd edib ki, belə format Cənubi Qafqaz regionunun birləşməsinə aparır: "Gürcüstan-Azərbaycan-Türkiyə formatını götürsək, bu, işləyən uzunmüddətli əməkdaşlıqdır. Üç ölkə birlikdə dar mənada Xəzər dənizi ilə Qara dəniz, geniş mənada isə Asiya ilə Avropa arasında enerji nəqli körpüsü rolunu oynayır. İranın müxtəlif regional formatlara qoşulması ölkənin sanksiyalardan azad olması ilə şərtlənir. Kommunikasiya baxımından Azərbaycan İran üçün Rusiyaya və daha sonra Şimali Avropaya çıxışdır, Azərbaycan-Gürcüstan-Türkiyə körpüsü isə İranın Cənubi Avropaya çıxışı imkanıdır. Digər tərəfdən, həm Azərbaycan, həm də Gürcüstan Şərq-Qərb dəhlizi ilə yanaşı, cənub istiqamətində də çıxış əldə etməkdə maraqlıdır".

O həmçinin qeyd edib ki, Azərbaycan tərəfindən yaradılan kommunikasiya şəbəkəsindən istifadə etmək istəyən Rusiya artıq bu formata qoşulub.