Prezident İlham Əliyev: "Bizim üçün pambıqçılığın inkişafında əldə edilmiş nəticələr arasında məhz sosial amil ön plandadır"


Siyasət 26 Mar 2018 13:50:00 267 0

Prezident İlham Əliyev: "Bizim üçün pambıqçılığın inkişafında əldə edilmiş nəticələr arasında məhz sosial amil ön plandadır"

Bizim üçün pambıqçılığın inkişafında əldə edilmiş nəticələr arasında məhz sosial amil ön plandadır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bərdədə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində giriş nitqində deyib.

Dövlətimizin başçısı bundan əvvəlki dövrdə Azərbaycanda pambıqçılığın tədricən məhv olub getdiyini bildirib: "Statistik göstəricilərə baxmaq kifayətdir görək ki, 2015-ci il pambıqçılıq tarixində ən acınacaqlı il olmuşdur. Cəmi 18 min hektarda pambıq əkilmişdir və cəmi 35 min ton pambıq tədarük edilmişdir. 2015-ci ilin sonlarından etibarən biz bu məsələ ilə ciddi məşğul olmağa başladıq. Qeyd etdiyim kimi, 2016-2017-ci illərdə müşavirələr keçirildi. 2017-ci ildə pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edildi, biz bu işlərlə planlı şəkildə məşğul olmağa başladıq və bu gün gözəl nəticələr haqqında danışa bilərik".

Prezident əlavə edib ki, iki il ərzində Azərbaycanda pambığın tədarükü 35 min tondan 207 min tona çatıb: "Yəni, biz iki il ərzində pambığın yığımını altı dəfə artıra bilmişik. Bu da son hədd deyil. Bu gün biz gələcəkdə pambığın tədarükünü artırmaq üçün görüləcək işlər haqqında danışacağıq.

Biz dövlət xətti ilə böyük həcmdə müasir texnika almışıq, - 500-ə yaxın pambıqyığan kombayn, - onların böyük hissəsi artıq alınıb. Digər texnika - Azərbaycanda istehsal olunan traktorlar, eyni zamanda, xarici texnika, qoşqular. Dünən mən Bərdədə də texnikanın bir hissəsi ilə tanış olmuşam. Bu məqsədlər üçün böyük vəsait ayrılır".

İlham Əliyev qeyd edib ki, son illərdə meliorasiya sahəsində böyük layihələr icra edilib: "On minlərlə hektar torpaqda meliorativ tədbirlər görülmüşdür. O cümlədən, Bərdə rayonunda və digər rayonlarda bu sahəyə də çox böyük vəsait ayrılmışdır və digər kompleks tədbirlər görülmüşdür. Pambıqçılığın inkişafı ilə bağlı mərkəzləşdirilmiş idarəetmə sistemi yaradılmışdır. Prezident Administrasiyası, yerli icra orqanları, şirkətlər, fermerlər, zəhmətkeşlər artıq bir nöqtəyə vuraraq yaxşı nəticələrə imza atmışlar. İki il ərzində əldə edilmiş rəqəmlər bunun ən yaxşı göstəricisidir.

Pambıqçılıq əmək tutumlu sahədir. Biz pambıqçılığın inkişafı ilə bağlı, eyni zamanda, on minlərlə yeni iş yeri yaratdıq. Bütövlükdə son illərdə pambıqçılıqla məşğul olan insanların sayı 200 minə yaxınlaşır. Bu insanların böyük əksəriyyəti işləmirdi, ancaq bu gün işlə təmin olunurlar. Əlbəttə ki, bu, xüsusən bölgələrdə işsizliyin aradan qaldırılması istiqamətində çox ciddi sosial sahədir. Mən əvvəlki çıxışlarımda da bunu qeyd etmişəm, bu gün də qeyd etmək istəyirəm, bizim üçün pambıqçılığın inkişafında əldə edilmiş nəticələr arasında məhz sosial amil ön plandadır. İş yerlərinin yaradılması əsas vəzifəmizdir, biz buna da nail ola bilmişik".