Dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminarlar başlayıb FOTO


Siyasət 26 Mar 2018 11:34:00 266 0

Dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminarlar başlayıb  FOTO

Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) müxtəlif statuslu seçki prosesi iştirakçılarının maarifləndirilməsi məqsədilə genişmiqyaslı layihələri davam etdirir.

Son.az Trend-ə istinadən bildirir ki, martın 26-dan etibarən Mərkəzi Seçki Komissiyası növbəti layihəyə - dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminarlara başlayıb. Tədbirin gerçəkləşdirilməsində əsas məqsəd "Seçkilər" Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yenilənmiş və daha da təkmilləşdirilmiş imkanları barədə dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə ətraflı məlumat vermək, onların proqram təminatları ilə birbaşa və praktiki şəkildə istifadəsinə şərait yaratmaq, o cümlədən mütəxəssislər üçün maraq kəsb edən məsələlərə yerindəcə aydınlıq gətirməkdir.

Seminarlar çərçivəsində seçki günü məlumatların MSK-ya ötürülməsi üçün yeni hazırlanmış xüsusi proqram modullarından test rejimində istifadə ediləcək ki, bu da kompüter mütəxəssislərinin praktiki biliklərini və iş təcrübələrini daha da artıraraq seçki günü sistemdən rahat və peşəkarlıqla istifadəni təmin edəcək.

Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş Təqvim Planına uyğun olaraq ardıcıl və keyfiyyətlə həyata keçirilmiş əksər irimiqyaslı layihələrin artıq uğurla başa çatdığı prezident seçkiləri ilə bağlı son maarifləndirmə tədbirlərindən olan dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün seminarların 3 gün davam etməsi və martın 28-də yekunlaşması nəzərdə tutulur.


Xəbərə aid fotolar