Azərbaycan müxalifəti, onlar səni məhv edir


Siyasət 25 Mar 2018 13:15:00 322 0

Azərbaycan müxalifəti, onlar səni məhv edir

Onlar sadəcə, könül bulandırmırlar - çirkin istəklərini təmiz məram kimi təqdim edirlər

"Sənə nifrət edirik və səni hakimiyyətdən getməyə vadar edəcəyik! Sən bizdən qorxursan! Sənin adamların bizi söyür,  təhqir edirlər və biz də elə söyüşlə cavab verməyə məcburuq! Salam, Amerikam! Salam, mənim müdrik və dəyərli xalqım!"

Hər səhər darısqal, yoxsul, divarlarının boyası ləkələrə qarışan otağında yuxudan ayılan kimi Edrian Ross köhnə, ayaqları əyilmiş masanın arxasına oturar, portativ radiostansiyanı işə salar, ABŞ-a, vətəninə "müxalifət yayımı"na başlardı.

O, Ronald Reyqanı, Birləşmiş Ştatların 40-cı prezidentini təhqir edirdi, dövlət başçısını dəstəkləyən hər kəsi, nazirləri, məmurları, siyasətçiləri, jurnalistləri - Ermosilyo şəhərinin cənub ucqarındakı "Panço" kafesində qabyuyan işləyən bu adamın fikrincə, "Böyük Şər"ə qulluq edən hər kəsi aşağılayırdı.

45 yaşlı Rossu özlərini şəstlə "siyasi mühacir" adlandıran, efirə Uasabas, Masatani və Noqales şəhərlərindən çıxan üç sabiq amerikalı da dəstəkləyirdi.

Həmin şəhərlər Meksikanın Sonora ştatında, ABŞ-la sərhədin yaxınlığında yerləşirlər.

Onlar özlərini "demokratik meksikalıların dostu, ABŞ-dakı Şərə qarşı mübarizlər" adlandırırdılar.

Hər ay Nikaraquanın Meksikadakı səfirliyində çalışan "əsl sandinoçu", Esteban Frio adlı adamdan pul aldıqlarını təbii ki, demirdilər.

"Dörd mübariz"ə amerikalılarla bahəm, amerikalılara xüsusi sevgisi ilə seçilməyən meksikalılar da nifrət edirdilər.

Sonoralılar bu "mübariz"ləri "satqınlar, xainlər" adlandırırdılar. Meksikalılar əmindilər ki, ölkədən qaçandan sonra vətəni qarışdırmağa çalışmaq, dövlət məmurlarını və siyasətçiləri təhqir etmək ən azı əclaflıqdır.

Edrian Ross bilmirdi, ağlına da gətirmirdi ki, öləndən sonra onu şəhər məzarlığında yox, məzardan kənarda, trasın yanında basdıracaqlar. Məzarına da xaç yox, "Ehtiyatlı olun, döngə var!" nişanı qoyacaqlar.

Nişandakı işarənin altına isə yazacaqlar: "Cabron!"

"Mənim əziz xalqım, bəyəm "şərəfsiz", "ləyaqətsiz" kəlmələri söyüşdür?!" Smartfonun kamerası qarşısında durub bu sözləri deyən insanın şərəf və ləyaqət hisslərinin anlamasının özü əcaibdir. Beləsi "şərəfsiz" kəlməsini özü demişkən, "söyüş", yəni təhqir saymırsa, artıq kliniki mənzərədir. Belə adamın islahı, tərbiyəsi, normal ədəb və əxlaq qaydaları çərçivəsində davranması mümkün deyil.

Çox istərdim əksi ola, amma nə yazıq ki, mümkün deyil.

Orduxan Bəbirov, Vidadi İsgəndərli, Elşad Quliyev, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Rafael Piriyev və bu dəstədən olan üzüqara soydaşlarım çətin ki, həmin o "Cabron" kəlməsinin mənasını bilsinlər.

Bilmirlər, lütfən, "Google"a baxsınlar.

Avropa ölkələrində, daha dəqiq yazsaq, Hollandiyada, Fransada, Almaniyada, Belçikada oturub bizi söyənlər özlərini cəsarətli sayırlar, heç kimdən və heç nədən qorxmadıqlarını deyirlər.

Yalan danışırlar. Avropada olduqlarına, orada Azərbaycana ünvanlanmış söyüş, kin, nifrin və təhqirlərinə görə ağır cəza almayacaqlarını əla bilirlər. Necə ki, Monqolustanın çöllüyündə qarşısına smartfon qoyub İsrailin və ya ABŞ-ın dövlət başçısını asanlıqla söymək, sonra da sosial şəbəkələrdə paylaşmaq olar.

Fəqət, Birləşmiş Ştatlarda və İsraildə, demokratik ölkələr sayılan bu dövlətlərdə ölkə başçısını Orduxan və ya Vidadi kimi siyasət rüşeymi indi lüğətlərində olan sözlərə tuş etsəydilər, onların halının nə olacağını bilirsinizmi?

Zibil qutuları, küçələrdəki banner lövhələri, ayaqyolu kabinlərində "aksiya" keçirənlər, simalarına az qala oliqofren gülüşünü yayıb əllərini kustar yolla hazırladıqları "plakatcıq"lara zərbə vuran və "Baxın, qorxmuruq! Bütün dünyaya yayılacaq aksiyamız!" deyən binəvalar kimə, niyə və nə zamandan bəri qulluq etdiklərinin fərqindədirmi?!

Çətin.

Bu "kamera qəhrəman"ları indi və ya dünən peyda olmayıblar. Onların mənəvi validələri Azərbaycanın radikallaşıb özünü yeməyə başlamış müxalifətidirsə, maddi dayaqları yaşadıqları ölkədə onları tumarlayan kəslərdir.

Facebook bloqerinə çevrilmiş AXCP sədri Əli Kərimli və onun sosial şəbəkələrdəki trolları müxalifətdə özlərinə rəqib və düşmən saydıqları, xəyanətkar və kollaborasionist hesab etdikləri, hakimiyyətlə sövdələşməkdə suçladıqları insanların ünvanlarına söyüş, böhtan, şər və hədyanlar yyağdıranda Orduxan və Vidadi, Məhəmməd və Tural ədəbsizlik siyasətinin rüşeymində siyasi döl idilər.

Sonra onlar islamçılarla belə, "Tilzit müqaviləsi" bağlamış "lider"lərin, Əli Kərimli  və Cəmil Həsənlinin virtual inkubatorunda doğuldular, ərsəyə gətirildilər, baxıcıları da Leyla Yunusla Hüseyn Abdullayev oldu.

"Hüquq müdafiəçisi" ilə sabiq deputatsa ən yaxşı halda, söyənlərlə söydürənlər arasında vasitəçi, aparıb gətirənlər, aralıq mərhələdəki idarəçilərdir.

Söyənləri söydürənlərsə Azərbaycana qarşı yeni siyasi texnologiya metodlarından yararlanırlar. Əslində, bu metod əvvəllər də dəfələrlə tətbiq olunub, amma hər kərə uğursuzluqla sonuclanıb.

Ukraynada, Moldovada, Gürcüstanda, Çexiyada, Monteneqroda, Slovakiyada, Bolqarıstanda - prezident və parlament seçkiləri ərəfələrinlə hər dəfə xaricdəki "siyasi mühacir"lər aqressivləşir, videomüraciətlər və sosial şəbəkələrdə xitablar yayır, təhqirlərə və söyüşlərə keçirdilər.

Və hər dəfə də qanun qarşısında cavab verirdilər.

Məsələn, Almaniyada bundestaqa son seçkilərdə Xristian-Demokrat Partiyasının liderlərini aşağılayan, Fransada və Britaniyada yaşayan iki "bloqer", özlərini "siyasi mübariz"lər adlandıran kəslər 6 və 8 ay müddətinə azadlıqdan məhrum olundular. Slovakiyada baş naziri söyən, Belçikada yaşayan iki "bloqer" məhkəmə ilə susduruldu ki, indi cınqırları da çıxmır.

İndisə o gəvəzəlik texnologiyası Azərbaycana qarşı tətbiq olunur və zavallıların son ümidləri anlaşılandır.

Ölkəmizdə ənənəvi müxalifəti Əli Kərimli və Cəmil Həsənli kimi siyasi karikaturalar bir küncə sıxışdırıblar. Radikal islamçılarla Qərb dəyərlərinin daşıyıcıları olduqlarını deyənlər Qərbdə də, Şərqdə də absurd, irreal sayılan ittifaq qurublar.

İş elə bir biabırçı həddə çatıb ki, solçular sağçı mövqelərdən çıxış edir, sağçılar solçu şüarlar söyləyir, meydansa qalıb trolların və saxta vətənpərvərlərin əlində.

Azərbaycanda müxalifət anlayışını və institutunu məhv edən, normal və demokratik müxalifətin qəbirqazanı kimi çıxış edən iki adam - Əli Kərimli və Cəmil Həsənli, onların ətrafında quyruq bulayanların fəsadlı əməllərinin törəmələridir Orduxanlar, Vidadilər və qeyriləri.

Bu insanlar Azərbaycanda müxalifəti yaylım atəşinə tutublar.

Vətəndaşlarımızın nəzərində müxalifət indi Avropada söyüş söyənlər, bir də Bakıdakı "Məhsul" stadionuna toplaşan bir dəstə adamın qarşısında siyasi rövzəxanlıq edib demokratiyaya mərsiyə deyənlərdir.

İki dəfə deputat seçilən və hər dəfə mandat uğruna silahdaşlarını, partiyadaşlarını satan, Azərbaycan iqtidarını daim tərifləyərək məqsədlərinə çatmağa çalışan, üçüncü dəfə deputat seçilməyəndə qəflətən "oyanan" və müxalifətçiyə çevrilən Cəmil Həsənli. O kəs ki, rəhmətlik Elmar Hüseynov bu adamı "renegat, xain, cılız varlıq" adlandırmışdı.

AXCP təki güclü partiyanı içdən məhv edən, tərəfdaşlarını özündən iyrəndirən, indi bir dəstə trollunun ümidinə qalan və siyasəti sırf biznes sayan Əli Kərimli.

Və onların yanındakı Gülçataylar, Pirverdilər, kimlər, kimlər.

Azərbaycan insanı "müxalifət" dedikdə bu kəsləri, bir də az öncə vurğuladığımız kimi, Avropadakı siyasi tərbiyəsizləri anladığından ikrahla yanaşır müxalifətə.

Hətta potensial narazı elektrat belə "müxalifət"in mitinqlərinə, aksiyalarına qatılmır.

Milli dəyərləri ayaqlar altına salan, ədəb-ərkan qaydalarını unudan, virtual İŞİD-çilərə çevrilən "mübariz bloqer"lərdənsə soruşmaq istəyirəm: sizin o hədyan, söyüş, təhqir videolarınızı ailə üzvləriniz, övladlarınız izləyirmi?

İzləyirlərsə, fəxrmi edirlər? Düşünmürəm, çünki onlar hər halda azərbaycanlılardır, milli dəyər və əxlaq kodlarımızın daşıyıcılarıdır.

Sözüm Azərbaycan müxalifətindəki normal, adekvat siyasətçilərədir.

Bəylər və xanımlar, ayılın! Onlar sizi məhv etməkdə, müxalifəti bitirməkdə, müxalifətçiliyin axırına çıxmaqdadır.

Söyüşdən sıvrınanların döyüşlərdə yoğrulanları əzmələrinə imkan verməyin.

Xarici ölkələrdə yaşayan soydaşlarımıza gəldikdə isə, səbrli olsunlar. "Biz virtual inqilaba başladıq!" tipli şüarlar söyləyən, Fransadakı ictimai ayaqyolundan vəcdə gəlib "Uyyy daaa!" deyənlər, məramı və mahiyyəti naməlum olan hərzələr rəqib deyil. Bunu düşünmək belə, ironiyadır.

Sadəcə, siyasəti degeneratlıq səviyyəsinə endirən o dəstə bilərəkdən həyanı unudaraq daha da aqressivləşir. Onlar cəza gözləyirlər ki, qəhrəman adlana bilsinlər.

"Bizi öldürmək istəyirlər!" kimi yalan haraylar çəkən və hansısa soydaşımızın onları söyüşlərinə, tərbiyəsizliklərinə görə şillələməsini böyük istəklə gözləyən, bundan sonra "gördünüz, bizə qəsd etmək istədilər!" bağırmaq tənəsində olanlar diqqət çəkəcək fiqurlar deyillər.

.

Puç, mənasız olduqlarını özləri bildikləri üçün.

Maddi baxımdan yaşadıqları ölkələrin xüsusi xidmət strukturlarından asılı olduqca həmin dövlətin maraqlarının dostu, Azərbaycanın düşməni olmağa  məcbur qaldıqları üçün.

Ümid edirəm Azərğaycanda adekvat, rasional müxalifətçilər az deyil. Xaricdəki "mübariz"lərin hədyanlarından onlar hamıdan çox narahat olmalıdır, çünki bu "bloqer"lər ölkədəki normal müxalifəti məhv etməklə müxalifəti anormallaşdırmaqdadır.

Nə qədən gec deyil, dərk edin bunu...

Elçin Alıoğlu Son.az