Azərbaycan xalqı müsbət dəyişikliklərə şahidlik edir


Siyasət 20 Mar 2018 10:53:00 299 0

Azərbaycan xalqı müsbət dəyişikliklərə şahidlik edir

Azərbaycan xalqı öz ölkəsinin iqtisadi inkişafının və siyasi sabitliyinin şahidi olmaqla yanaşı, azadlıq və dini tolerantlığa sahibdir.

Son.az bildirir ki, bunu Trend-ə "Caspian Group Holdings"in baş direktoru Rob Sobhani deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev son 10 il ərzində orta hesabla 12 faiz artan iqtisadiyyata rəhbərlik edir ki, bu da həqiqətən çox yaxşı haldır:

"Bundan başqa, Prezident İlham Əliyev Azərbaycanda ümumi yoxsulluq səviyyəsini azalda bilib, bu isə orta təbəqənin inkişafı və orta statistik Azərbaycan vətəndaşının alıcılıq qabiliyyətinin artması deməkdir. Dünya Bankının hesabatına görə, Azərbaycanda yoxsulluq səviyyəsi 6 faizədək azalıb".

O xatırladıb ki, analoji göstərici qonşu Ermənistanda 29,8 faiz, İranda isə 44 faizə bərabərdir.

R.Sobhani hesab edir ki, Azərbaycanda aprelin 11-i keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısı qələbə qazanacaq:

"Hakim partiya və onun lideri İlham Əliyev bütün vədlərini yerinə yetirib. Bu səbəbdən də səslərin böyük hissəsi Prezident İlham Əliyevə veriləcək".

R.Sobhani onu da vurğulayıb ki, Azərbaycanda seçkiqabağı mühit əmin-amanlıq, çiçəklənmə və sabitlikdən xəbər verir:

"Qeyd etmək lazımdır ki, bu müsbət məqamlar qısa zamanda baş verməyib. Bu gün Azərbaycanda gördüyümüz dayanıqlılıq həm ümummilli lider Heydər Əliyevin, həm də hazırkı Prezident İlham Əliyevin müdrik rəhbərliyinin nəticəsidir. Azərbaycan xalqı ölkənin hazırkı rəhbərliyinin siyasəti sayəsində bu müsbət dəyişikliklərə şahidlik edir".

O bildirib ki, Prezident İlham Əliyevin iqtisadi və siyasi sahələrdə islahatlar proqramı seçicilərin böyük hissəsinin ona səs verəcəyinin əsas səbəbləridir:

"Hələ Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti olduğu müddətdə İlham Əliyevin işi Azərbaycan xalqının rifahına yönəlmişdi. Onun məqsədi xarici neft şirkətləri ilə öz ölkəsi üçün səmərəli sazişlər imzalamaq idi. İlham Əliyevin bu müdrik qərarları Azərbaycanın sabit iqtisadiyyatının təməlini qoyub".

R.Sobhaninin sözlərinə görə, ölkədə yoxsulluqla mübarizə məsələsi vacib yer tutur və daha yaxşı iqtisadi göstəricilərə nail olmaq üçün bu məsələyə diqqət ayırmaq vacibdir:

"Xatırlatmaq istərdim ki, Azərbaycan müstəqilliyinin ilk illərində çox çətin dövrlərdən keçib və ölkədəki vəziyyətin sabitləşməsində, eləcə də xarici investisiya axınının cəlb olunmasında böyük rol Heydər Əliyev və İlham Əliyevə məxsusdur".