Kərimlini "biliyi" peşman etdi:


Siyasət 15 Mar 2018 16:21:00 282 0

Kərimlini "biliyi" peşman etdi:

AXCP sədri Əli Kərimlinin yalnız mitinqlərdə, müsahibələrdə, bir də öz kiçik və rəngli dünyasında "siyasi lider" olması ilə bağlı gümanlar günbəgün güclənir.

Bu, subyektiv fikir yox, gerçəkdir.

Fəaliyyətini az qala bütünlüklə sosial şəbəkəyə köçürən və Facebook bloqerinə çevrilən Əli Kərimli indi, heyhat, kətil üzərinə çıxaraq bərkdən, qışqıraraq şeir deyən cocuğu xatırladır.

O cocuğu ki, şeirin məzmunu ona əsla önəmli deyil. Əsas odur sözlər yaxşı səslənsin, qiraətlə, özü də mümkün qədər ucadan deyilsin.

Və nə yazıq ki, Əli Kərimlinin bəlağəti son vaxtlar isteriyaya çevrilməklə yanaşı, böyük işlər görməyə çalışan kiçik bəy istinad etdiyi mənbələr sarıdan da yarımayıb.

Ya da onu yarıtmırlar - həmişə olduğu kimi.

Əli Kərimlinin 18 saat əvvəl Facebook profilində paylaşdığı bir "haray"ı oluduğu kimi təqdim edirik: "Axır ki, bu gözəl ölkəni Suriya, Əfqanıstan və İraqın sırasına da saldılar. Almaniyanın Münster şəhər məhkəməsi bildirib ki, qaçqın statusu almaq üçün ən çox müraciəti Suriya, Əfqanıstan, İraq və Azərbaycan vətəndaşları edir. Görün, bu cənnət diyarı hansı hala salıblar".

İlk baxışdan çox ciddi ittihamdır.

Bizsə deyirik ki, Ə.Kərimli şakərinə sadiq qalıb, dəyişməyib və həmişə olduğu kimi, bu dəfə də yalan yayır.

Əli Kərimlinin bəlağətlə - bəhs etdiyimiz aşırmalı şalvarlı cocuq obrazını unutmadınız? - yazdığı bu cümlələrdə "Almaniyanın Münster şəhər məhkəməsi" ifadəsindən başqa bütün sözlər yalnız AXCP "sədri"nin ambisiyalarının təminatına, onun yalanı reallıq kimi təqdim etmək istəyinə xidmət edir.

Sadəcə, faktlara müraciət edək.

Bu ilin fevralın 21-də Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Münster şəhərindəki Ali İnzibati Məhkəməsi (Verwaltungsgericht Münster) xüsusi iclas keçirərək Almaniyanın Miqrasiya Və Qaçqınlarla İş üzrə Federal İdarəsinin (Bundesamt für Migration und Flüchtlinge, BAMF) qərarını təsdiqləyib.

Həmin qərarda deyilirdi ki, Suriyadan olan qaçqınlar Almaniyada yalnız subsidiar yardımlar ala bilərlər, yəni ailələri ilə birləşmə hüququ olmadan ölkədə iki il qala bilərlər.

Vəssəlam, Münsterdəki Ali İnzibati Məhkəmənin açıqlamasında bu deyilir.

Əli Kərimlinin yalan yazmadığını fərz etsək belə, məhkəmənin rəsmi saytında "İraq, Suriya, Azərbaycandan olan, qaçqın statusu almaq üçün müraciət edənlər" barədə heç nə deyilmir.

Görünür, Ə.Kərimli Almaniyadakı miqrantlarla bağlı bu gün yayılan məlumatı ya çox pis oxuyub, ya da onun çoxsaylı "troll" dəstəsindəki şəxslərdən biri AXCP-nin baş bloqerinə xəbəri alayarımçıq çatdırıb.

Həmin xəbər isə  Deutsche Welle-nin yaydığı məlumatın təhrif olunmuş formasıdır yəqin.

Deutsche Welle-nin məlumatına görə, Almaniyada ölənlərin sayı yeni doğulanların sayından artıq olsa da, məhz miqrantların sayəsində son 3 ildə ölkə əhalisi 2 milyon nəfər artıb.

Almaniyanın Federal Statistika Agentliyinin (Statistisches Bundesamt, Destatis) son hesabatına görə, ötən il Almaniyaya üz tutan insanların sayı ölkəni tərk edənlərin sayından təqribən 450 min nəfər artıq olub.

Almaniyada qaçqın statusu almaq üçün müraciət edənlərin sayına gəldikdə isə, yenə də rəsmi alman mənbələrə görə, "lider" mövqedə Rumıniya vətəndaşları durur.

Sonrakı yerləri Suriya, Polşa, İraq, Əfqanıstan, Liviya, Əlcəzair, Tunis və Ukrayna tuturlar.

Hakimiyyətə gəlmək üçün heç bir şansı olmayan, yalnız ətrafındakı bir ovuc insanın ümidinə qalan AXCP sədrinin daha bir, doğrusu, növbəti yalanı göz qabağındadır.

Böhtan, təhqir və hər leksikonunu seçmiş birisinin AXCP-yə rəhbərlik etməsi isə bu təşkilatın hər baxımdan qürubu sayıla bilər.

Ümid edirik sıravi "cəbhəçilər" bunu artıq çox gec də olsa, dərk etməyə başlayacaqlar.

Cənnət diyar məsələsinə gəldikdə isə, görün ölkənin siyasət müstəvisində müxalif düşərgənin halı nədir ki, Əli Kərimli özünü "həqiqət carçısı" və "partiya lideri" sanır...

Orxan Hun Son.az