"Zərif əllər, incə tellər" adlı tədbir keçiriləcək


Kriminal 06 Mar 2018 19:32:00 330 0

"Zərif əllər, incə tellər" adlı tədbir keçiriləcək

Martın 7-də, 8 Mart - Beynəlxalq Qadınlar günü ərəfəsində Beynəlxalq Muğam Mərkəzi öz tamaşaçılarına "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində "Zərif əllər, incə tellər" adlı konsert hədiyyə edəcək. Bu axşam kişilərdən ibarət aşıqlar qrupunun üzvləri öz ifalarını Azərbaycan qadın aşıqları məktəbinin nümayəndələrinə həsr edəcəklər.

Beynəlxalq Muğam Mərkəzi bir neçə böyük layihələrin təşəbbüskarıdır. Bunlardan "Muğam axşamları" layihəsi keçən ilin may ayının 16-da başlamış, dekabrın 27-nə qədər davam etmişdir. Bu layihə çərçivəsində istedadlı xanəndə və musiqiçilərin ifasında əsas Azərbaycan muğamları - "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-Şiraz", "Şüştər", "Hümayun" və "Mahur-Hindi", "Bayatı-Kürd", "Orta-Mahur", "Rahab", "Bayatı-Qacar", "Şahnaz", "Qatar", "Dəşti", "Mirzə Hüseyn Segahı", "Xaric Segah", "Heyratı", "Mənsuriyyə", "Qarabağ  Şikəstəsi", "Osmanlı", "Heydəri", "Simayi-Şəms", "Ovşarı", "Arazbarı" muğamları muğamsevər tamaşaçılara təqdim edilmişdir.

Yeni "Aşıq musiqisi axşamları" layihəsi isə yanvarın 12-də başlamış və mayın 16-na qədər davam edəcəkdir.Layihənin əsas məqsədi,Azərbaycanın qədim musiqi irsinin geniş ictimaiyyət arasında təbliğidir.

Azərbaycan Aşıq musiqisi xalqımızın şifahi ənənələrə söykənən musiqi növlərindəndir. Xalqımızın dilinin, ədəbiyyatının, xalq şeirnin etibarlı saxlancıdır. Bu musiqi növü özündə xalqın qəhrəmanlıq tarixini, azadlıq arzularını yaşadır, dostluğu, məhəbbəti və sədaqəti tərənnüm edir. 2009-cu ildə aşıq sənəti YUNESKO-nun qeyri-maddi irs üzrə reprezentativ siyahısına daxil edilmişdir.