"O, məni döyədöyə oxutmasaydı, bu yerə gəlməzdim" Azərbaycanlı aktyor


Kriminal 02 Mar 2018 22:50:00 318 0

"O, məni döyədöyə oxutmasaydı, bu yerə gəlməzdim"  Azərbaycanlı aktyor

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Ömrünün hər saniyəsinin dəyərini bilir. Hətta həyatdan aldığı zərbələri belə sevir. Düşünür ki, əgər çətinlik görməsəydi, uşaq qalardı. Ona görə, insanı böyüdən və kamilləşdirən yaşı deyil, çəkdiyi ağrılar, əzablar, çətinliklərdir. 

"Keçmişdəki mən" rubrikasının bu dəfəki qonağı "Vicdan haqqı" serialının Yusifi, tanınmış aktyor Kamran M.Yunisdir. K.Yunis 1974-cü ildə Bakıda anadan olub. Keçmişinə səyahət edərkən kövrəlir və həyatın o vaxt daha maraqlı, rəngarəng olduğundan bəhs edir: "Ailənin ikinci oğluyam. 11 ildən sonra isə 3-cü qardaşım dünyaya gəldi. Aramızda 11 il məsafə olduğu üçün mənimlə evin sonbeşiyi kimi davranırdılar. Evin kiçiyi olanda, sanki daha çox sevilirsən. Düzdür, bizim ailədə heç birimizi ərköyün böyüdüb, nazımızla oynamayıblar. Xüsusilə də, anam tərbiyəmiz üçün çox çalışıb. Amma hər ailədə olduğu kimi bizi çox sevirdilər. Müəllim ailəsində böyümüşəm. Atam internat məktəbində loqoped deffektoloq, anam isə bağçada müəllimə işləyirdi".

"Səhər əl-üz yumaq söhbəti yox idi"

Xalq şairi Xəlil Rza Ulutürkün bacısı oğlu olan həmsöhbətimizin elə uşaqlığının ən gözəl xatirələri dayısıyla bağlıdır. Deyir ki, həmin günlərin qiyməti yoxdur: "Yay tətilimi ya Balakəndə, ya da Salyanda keçirirdik. Yadımdadır, Xəlil dayımın yanına bağa gedirdik. Kim hansı işi görəcək püşk atırdıq. Onun yanında rus sözlərini işlətmək qadağan idi. Məsələn "uje" deməyin cəriməsi var idi . Deyirdi ki, Azərbaycan türkcəsini korlamayaq. Hər dəfə həyəti bizə şumlatdırırdı. Bir dəfə dedi ki, igid, hamısını şumla, buraya dəymə. Deyirdim niyə? Mənə qarışqa yuvasını göstərirdi ki, yuvalarını dağıtma... Şəhər uşağı idim, amma heç kim mənim kimi ot çala, odun kəsə bilmirdi. Xəlil dayımgildə səhər 8-ə 10 dəqiqə işləmiş durmağın da cəzası var idi. Günə saat 7-də başlamalı idik. Kim gec dursa, onu yorğan üzünə bürüyüb hovuza atırdıq. Ümumiyyətlə, Xəlil dayımın "kitabında" səhər əl-üz yumaq söhbəti yox idi. Deyirdi ki, yuxudan duran kimi hovuza kəllə vurun, çıxın. At sürməyi sevirdim. Rayona gedəndə, atın belindən düşmürdüm".   Valideyn tənəsi, ana şilləsi...

Uşaqlığını həyatının ən rəngli illər adlandırsa da, məktəbə başladıqdan sonra yaşamının rəngi bir qədər tündləşib. Valideyn tənəsi, ana şilləsi, "işgəncə"si ilə tanış olub: "Məktəb dövrü başlanana qədər evin ən sevimlisi mən idim. Lakin həmin illər hər şey dəyişdi. Düzdür, sevgi azalmadı, amma ciddilik artdı. Anam mənim təhsilim üçün böyük əziyyət çəkirdi. Bu gün Kamran Yunis məqamına çatmağımın hər bir zərrəsində anamın əvəzolunmaz zəhməti var. Çünki o, məni döyə-döyə oxutmasaydı, bu yerə gəlməzdim. Əzbərçi idim, bu gün öyrəndiyim sabah yadımdan çıxırdı. Həm də 2-ci sinifdən aktyor olmaq istədiyim üçün meylimi ədəbiyyata salmışdım. Qalan fənlər isə 2-ci, 3-cü dərəcəli idi. Təbii məktəbi bitirmək üçün ədəbiyyat kifayət etmirdi, ona görə, döyülə-döyülə oxuyurdum". Deyir ki, anası onu dəhşətli dərəcədə döysə də, bu, heç vaxt pisinə gəlməyib. Oxumaq və böyük adam olmaq üçün döyüldüyünün fərqində idi: "Valideynlərim aktyor olmağımı istəmirdilər. Mənim üçünsə, kino, teatr sehirli dünya idi. Artıq aktyor olmaq istəyi bütün ruhuma yayılmışdı. Anam da teatrı dəhşətli dərəcədə sevirdi. Sadəcə düşünürdü ki, o qədər böyük sənətkarlar var ki, onların fonunda itib-batacam".    "Ağzından" tökülən kəlmələr həyatımı dəyişdi"

Aktyorluq arzusuna çatsa da, ailə xoşbəxtliyini tapa bilməyib. Bunu günahını isə, uşaq vaxtı "ağzından" tökülən kəlmələrdə görür: "Evimizdə mənim aktyor olmağımla bağlı söhbətlər gedəndə, valideynlərim deyirdi ki, aktyorların ailəsi tez dağılır. Həmişə bir cavabım var idi: "Ailəm dağılır, dağılsın da, cəhənnəmə dağılsın. Yetər ki, aktyor olum". Hərdən bu barədə düşünürdüm ki, həqiqətənmi bu cümləni deyəndə Allah eşidirmiş. Sanki mənim həyatım o cümlədən sonra quruldu.  Ailə qurdum, bir qızım oldu. Ailəm dağıldı. Həyatım qaynar qazana döndü, amma aktyor oldum. Bəzən deyirlər ki, dua edəndə düşünüb-daşınıb dua edin, birdən göylərin qapısı açıq olar, Allah səni eşidər. Ona görə də, mən həmişə əzizlərimə deyirəm ki, qarğış etməyin. Həmişə xoş arzular dilə gətirin".

"Yekə kişisən, danışığına fikir ver"

Amma yenə də bu həyatı yaşamaqdan, aktyor olmaqdan peşman deyil. Gözlərindən, hətta saçlarının rəngindən oxunan əzablarını belə sevir: "Yaşadıqlarımdan peşman deyiləm. Ömrümün hər saniyəsinin dəyərini bilirəm. Bütün yıxılmaqlarımın bu gün "mən" olaraq yetişməyimdə böyük haqqı var. Nə yaxşı ki, yıxıldım. Yeniyetmə, uşaq qalmamağıma görə, yıxılmaqlarıma minnətdaram. İnsanı böyüdən ağrılar, əzablar, çətinliklərdir. Çox adamın həsəd apardığı, bir çoxunun isə rənglə ağartdığımı düşünən ağ saçlarımın hər birində ömrüm, günüm yazılıb. Ağ saçlarıma belə, minnətdaram. Hər bir hüceyrəmə görə, Allaha, anama, atama, qardaşlarıma minnətdaram. Qardaşlarım bəzi məqamlarda mənə atalıq ediblər. Mən təpədən dırnağa anamam, atamam, qardaşlarımam. Özümü bu gün də böyük aktyor saymıram. Al Paçino, Mel Gibson gələr, adama deyər, "yekə kişisən, danışığına fikir ver"... Mənim uğurlarım ətrafımdakılardır".

Yuxarıda da qeyd etdiyimiz kimi, 2-ci sinifdən artıq gələcək sənətini seçib. Deyir ki, sehirli səhnəyə bir dəfə çıxdı, bir də düşə bilmədi: "Milli Dram teatrında Xəlil dayımın gecəsi keçirilirdi. Biz də ailəlikcə tədbirə getmişdik. O vaxt teatra gedən adam mütləq gül alırdı. Mikayıl Mirzə şerlər dedi və gülləri səhnədə ona verəndə məni qucağına götürdü. O vaxt səhnə məni çəkdi və o gündən səhnənin sehrinə qapıldım.  İnsanların baxışı məni sehirlədi".   "Yaş böyüdükcə sevgilər, xəyanətlər də böyüdü"


Xəbərə aid fotolar