Gənclər günü ərəfəsində görüş keçirilib


Kriminal 31 Yan 2018 18:58:00 278 0

Gənclər günü ərəfəsində görüş keçirilib

2 fevral Gənclər günü ərəfəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun üzvlərinin iştirakı ilə "Ağ ölüm" tamaşasını təqdim etmişdir.

Tamaşadan öncə idarənin məsul işçisi Raqif Allahverdiyev və ADGTT-nın gənclərlə və yeniyetmələrlə iş üzrə pedaqoq-təşkilatçısı, Əməkdar artist Ötkəm İsgəndərov çıxış edərək bildirdilər ki, müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmışdır. Bu bəla ilə mübarizə etmək bir o qədər asan deyil. XX əsrin bəlalarından sayılan narkomaniya XXI əsrin də ən ağır problemləri sırasında qalmaqdadır. Dünyanın bütün dövlətlərində mövcud olan narkomaniya, əfsuslar olsun ki, Azərbaycandan da yan keçməmişdir. Narkomanlığın yayılması, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə məsələləri ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən müvafiq sənədlər qəbul edilmiş, dövlətimiz beynəlxalq miqyasda qəbul olunmuş konvensiya, sazişlərə qoşulmuşdur. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Məhz bunlara görə ümummilli liderimiz Heydər Əliyev bu növ cinayəti cəmiyyətin "sosial bəlası" adlandırmışdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2013-2018-ci illər üçün Proqram"ının icrası ilə bağlı ADGTT-da 2014-cü ildən bəşəriyyəti narahat edən narkomaniya və onun törətdiyi bəlalardan bəhs edən V. Siqarevin "Şeytan ailəsi" əsəri əsasında "Ağ ölüm" tamaşası hazırlanmış və uğurla nümayiş edilməkdədir.