Peşəkar güləşçini öldürən şəxs: "Bıçağı çıxarmasaydım, məni öldürəcəkdilər"


Kriminal 24 Yan 2018 15:18:00 223 0

Peşəkar güləşçini öldürən şəxs: "Bıçağı çıxarmasaydım, məni öldürəcəkdilər"

Bakıda peşəkar güləşçi olan dostunu qətlə yetirməkdə təqsirləndirilən Loğman Alıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən Loğman Alıyev özünü qismən təqsirli bildiyini deyib.

Sərbəst ifadə verən Loğman Alıyev  bildirib ki,  onun Elçini öldürmək niyyəti olmayıb: "Kafedə oturub pivə içirdim. Yanımda iki tanışım da vardı. Elçin kafenin qabağından keçəndə biz tərəfə baxıb söyüş söydü. Daha əvvəl də aramızda söz-söhbət olub. Mən onu çağırıb söyüşü kimə söydüyünü aydınlaşdırmaq istədim. O, əvvəllər dəfələrlə bizim evdə olub, birlikdə çörək kəsmişik. Amma 2 dəqiqə keçməmiş özü qayıtdı. Ondan söyüş söyməsinin səbəbini soruşmaq istədim. Dedi ki, yaxşı edib söyürəm".

L.Alıyev qeyd edib ki, məsələni aydınlaşdırmaq üçün Elçinlə heç kimin olmadığı yerə gediblər. Onun sözlərinə görə Elçin həmin ərəfədə onu yenə söyüb:

"Elçin qayıdanda maşınında başqa adamlar da var idi. Söhbətə başlayanda Elçin yenə də söyüş söyürdü. O da içkili idi. Birinci o məni vurdu. Sonra da yanında olanlar məni vurmağa başladılar. Başıma o qədər vurdular ki. Mən də bıçağı çıxarıb özümü müdafiə etmək üçün sağa-sola hərəkət etdirdim. Onu öldürmək istəmirdim. Əgər bıçağı çıxarmasaydım, məni öldürəcəkdilər".