“Azərbaycan kinosu: dünən, bu gün, sabah” adlı məqalə və resenziyaların müsabiqəsi başladı


Kriminal 24 Yan 2018 13:55:00 343 0

“Azərbaycan kinosu: dünən, bu gün, sabah” adlı məqalə və resenziyaların müsabiqəsi başladı

Azərbaycan Respublikasının Kinematoqrafiyaçılar İttifaqı Azərbaycan kinosunun 120 illik yubileyinə həsr olunmuş "Azərbaycan kinosu : dünən, bu gün, sabah" adlı məqalə və resenziyaların müsabiqəsini elan edib.

İttifaqın mətbuat xidmətindən Son.az-a bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir gətirməkdir. Müsabiqə həm də digər sahələrdə çalışan gənclərə, kinoda özlərini sınamaq imkanı yaratmaq və bununla da mövcud rəqabəti gücləndirmək üçün nəzərdə tutulub.

Müsabiqəyə Azərbaycan kinosuna həsr olunmuş məqalə və resenziyalar qəbul olunur. Yaşı 30-a qədər olan bütün şəxslər müsabiqəyə məqalə və resenziyalar təqdim edə bilər. Həmçinin müsabiqəyə təqdim olunan məqalə və resenziyaların hüquqları müəllifə məxsus olmalı, mətbuatda dərc olunmamalıdır. Məqalə və resenziyalar müsabiqəyə 10 səhifədən çox olmamaq şərti ilə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda şrift-12 "Courier New"də təqdim olunmalıdır. Çap olunmuş məqalə və resenziyalarda müəllifin ad və soyadı qeyd olunmamalıdır.

Müəllif məqalə və resenziya ilə birgə tərcümeyi-halını və şəxsiyyət vəsiqəsinin surətini də təqdim etməlidir. Hər bir müəllif 3 (üç) məqalə və resenziyadan artıq təqdim edə bilməz. Müsabiqəyə təqdim olunan məqalə və resenziyalar geri qaytarılmır. Məqalə və resenziyalar mayın 25-dək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına göndərilməlidir.