Türkiyəyə olarsa,


Siyasət 23 Yan 2018 11:22:00 273 0

Türkiyəyə olarsa,

Son.az xəbər verir ki, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu Türkiyənin Suriyadakı hərbi əməliyyatlarını Azərbaycan üçün bir nümunə kimi göstərib.

Onun sözlərinə görə, Azərbaycan da Türkiyənin bu hərbi-siyasi strategiyasından istifadə etməklə Dağlıq Qarabağda hərbi əməliyyatlara başlayıb Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizi qaytara bilər:

"Türkiyə sərhəddi pozan Rusiyanın hərbi təyyarəsini vurduqdan sonra iki ölkə arasındakı münasibətlər gərginləşdi. O zaman rusiyalı rəsmilər və hərbçilər deyirdilər ki, Türkiyənin cəsarəti varsa, hərbi təyyarəsi və texnikası Suriya sərhəddini pozsun. Həqiqətən, o günlərdə Türkiyə Suriya sərhəddində suyu üfürə-üfürə içirdi və bilirdi ki, Rusiya məqam axtarır ki, Türkiyənin təyyarəsini vursun və Ankaradan intiqam alaraq hesabı 1:1 etsin. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın vurulan təyyarəyə görə rusiyalı həmkarından üzr istəməsi strateji baxımından doğru addım idi. Əgər iki ölkə arasında münasibətlər gərgin olsaydı, Türkiyə ordusu bu gün Suriya ərazisində əməliyyat həyata keçirə bilərdimi? Əsla! İndi Rusiya Türkiyə ordusunun Suriyadakı hərbi əməliyyatına faktiki gözünü yumub, vəziyyətin bu həddə çatmasında Amerikanı, radikal kürdlər isə Moskvanı xəyanətdə ittiham edirlər. Yəni tam Türkiyəyə uyğun bir durumdur.

Türkiyə ordusunun Suriya ərazisindəki ikinci hərbi əməliyyatı Fətullah Gülən tərəfdarlarının ilyarım bundan əvvəlki ordu içindəki təxribatını da unutdurdu. Açıq demək lazımdır ki, 2016-cı ildə hərbi çevrilişə cəhd və həbslər Türkiyə ordusunun nüfuzuna zərbə vurdu. Lakin Türkiyə ordusunun Suriyadakı iki uğurlu hərbi əməliyyatı nüfuzunu yenidən özünə qaytardı. "Türkiyədə o qədər pilot həbs olunub ki, hərbi təyyarələri havaya qaldıra biləcək kimsə qalmayıb" mifinə də axırıncı hərbi əməliyyatla son qoyuldu. Göstərildi ki, Türkiyədə hərbi tapşırığı uğurla yerinə yetirəcək kifayət qədər peşəkar pilot var.

Gəlirik Dağlıq Qarabağa probleminə. Bugünlərdə ən çox eşitdiyim tezis budur: "Türkiyə qonşu dövlətdə təhlükəsizliyini artırmaq üçün hərbi əməliyyat həyata keçirdiyi halda, biz niyə öz ərazimizdə eyni hərbi əməliyyat həyata keçirib işğala qon qoymayaq?" Məntiqli sualdır. Ancaq Türkiyənin həyata keçirdiyi hərbi əməliyyatdan əvvəl Ankara fəal diplomatik təmaslar həyata keçirdi, Moskvaya, Vaşinqtona, Tehrana və digər paytaxtlara hərbi əməliyyatın məqsədi izah edildi, razılıq alındı və düyməyə basıldı. Gələcəkdə elə etmək lazımdır ki, bizim qonşular da Azərbaycan ordusunun öz torpaqlarında hərbi əməliyyatına mane olmasınlar, Bakıya "hücumu dayandırın!" kimi mesaj göndərilməsin. Bunun üçün isə Türkiyədə olduğu kimi Azərbaycan XİN-lə Müdafiə Nazirliyi birgə çalışmalı, ortaq strategiya formalaşdırmalıdırlar".

İlkin İzzət Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində