Dünya çempionunu öldürən azərbaycanlının atası qətlə yetirildi


Kriminal 18 Yan 2018 17:35:00 297 0

Dünya çempionunu öldürən azərbaycanlının atası qətlə yetirildi

Rusiya İstintaq Komitəsinin Xabarovsk əyaləti üzrə İstintaq İdarəsi pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçovun qətlində təqsirli bilinən azərbaycanlı Anar Allahverənovun atasının ölümünün qisas olub-olmadığı araşdırır.

Son.az APA-ya istinadən xəbvər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Xabarovsk əyaləti üzrə İstintaq İdarəsinin yaydığı məlumatda bildirilir.

İstintaq İdarəsinin məlumatına görə, Əliyar Allahverənovun yol-nəqliyyat hadisəsi nəticəsində ölümü ilə bağlı açılmış cinayət işi çərçivəsində bütün versiyalar, o cümlədən qisas versiyası araşdırılır.

Məlumatda Ə. Allahverənovun ölümü ilə bağlı məsələnin əyalətin İstintaq İdarəsinin xüsusi işlər üzrə İstintaq Şöbəsi tərəfindən araşdırıldığı da vurğulanıb.  

Qeyd edək ki, yerli "AmurMedia" informasiya agentliyi müstəntiqlərin Ə. Allahverənovun ölümü ilə bağlı qisas versiyasını nəzərdən keçirdikləri barədə məlumat yayıb. Lakin, mənbə qisas versiyası ilə bağlı hələlik heç bir sübutun olmadığını bildirib. Anar Allahverənovun vəkili Konstantin Lısenko Ə. Allahverənovun hədələndiyini söyləyib. 

Xabarovskdakı Azərbaycan icmasının rəhbəri Nəriman Şükürov isə APA-ya açıqlamasında Ə. Allahverənovun ölümü ilə bağlı bunları deyib: "Yerli mətbuat baş vermiş hadisənin qisas olduğunu yazır. Lakin biz həm müstəntiqlərlə, həm də Anarın vəkilləri ilə danışdıq. Mərhum Əliyar Allahverənov səhər işə gedən zaman piyada keçidinin üstündə avtomobil tərəfindən vurulub. Hadisəni törədən şəxs hadisə yerindən qaçmayıb. O, hadisə yerinə polis çağırıb. Hazırda hüquq-mühafizə orqanları bu məsələni araşdırır".