Xalq artistinin nəşi Azərbaycana gətirilib


Kriminal 15 Yan 2018 17:15:00 235 0

Xalq artistinin nəşi Azərbaycana gətirilib

ABŞ-da vəfat edən xalq artisti, pianoçu Çingiz Sadıxovun nəşi Azərbaycana gətirilib.

Son.az xəbər verir ki, bu barədə apa-ya Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov məlumat verib.

O, bildirib ki, sabah Çingiz Sadıxovla vida mərasimi keçiriləcək: "Azərbaycan prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən görkəmli musiqiçi Çingiz Sadıxovun nəşi vətənə gətirilib. Yanvarın 16-da Çingiz Sadıxovla Təzə Pir məscidində 12.00-dan 14.00-dək vida mərasimi keçiriləcək, xalq artisti Bakıda II Fəxri xiyabanda dəfn ediləcək".

Qeyd edək ki, Çingiz Hacı oğlu Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk musiqi təhsilini paytaxtdakı Onillik musiqi məktəbində (indiki Bülbül adına Orta ixtisas musiqi məktəbi) alıb. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub.

Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri olub, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalar və başqa məşhur vokalçıları müşayiət edib. Çingiz Sadıxov Bakıda 16 saylı musiqi məktəbinin direktoru, "Azkonsert" yaradıcılıq birliyinin bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb, eləcə də Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi olub.