ABŞ Azərbaycanı terror təhlükəli ölkə elan etdi


Siyasət 11 Yan 2018 13:50:58 256 0

ABŞ Azərbaycanı terror təhlükəli ölkə elan etdi

Son.az xəbər verir ki, ABŞ Dövlət Departamenti vətəndaşları üçün yeni səyahət məsləhətləri hazırlayıb (New Travel Advisories for U.S. Travelers). Ermənistan və Gürcüstan birinci kateqoriyada - "Normal Precautions" - yer alıb. Bu kateqoriya daha aşağı riskli sayılır.

Azərbaycan 2-ci kateqoriyada - "Increased Caution"da yer alır. ABŞ Azərbaycana səfər edən vətəndaşlarını terrorizm riski ilə əlaqədar daha diqqətli olmağa çağırır. Qeyd edilir ki, terrorist qruplar Azərbaycana mümkün hücumları planlaşdırmağa davam edirlər. Terrorçular turistik yerlərə, nəqliyyat mərkəzlərinə, bazarlara, ticarət mərkəzlərinə, yerli hökumət qurumlarına, hotellərə, klublara, restoranlara, ibadət yerlərinə, parklara, əsas idman və mədəni tədbirlərin keçirildiyi məkanlara, aeroportlara və digər ictimai yerlərə hücumlar edə bilərlər.

Məsələ ilə əlaqədar xüsusi xidmət orqanlarının yüksək rütbəli sabiq əməkdaşı, təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev Son.az-a açıqlamasında bildirib ki, amerikanların bu addımı anlaşılmazdır və buna mütləq aydınlıq gətirilməlidir:

"Ümumiyyətlə, belə siyahılar hazırlananda informasiyanın mənbəyi məlum olmalıdır. Azərbaycanda təhlükəsizliyə təhdidin olması ilə bağlı məlumatların haradan götürüldüyü, onu tərtib edərkən nəyə istinad edildiyi bilinməlidir. Daha sonra bu təhdidlərin nədən ibarət olduğu daha konkret açıqlanmalıdır. Ola bilsin ki, amerikanlar Azərbaycanı digər terror təhlükəsi olan dövlətlərdən biri hesab edirlər. Əgər Azərbaycan NATO-nun sülhməramlı missiyalarında və ya müəyyən koalisiyalarda hansısa formada təmsil olunursa, bu, o demək deyil ki, burada tam şəkildə terror təhlükəsi var. Düşünürəm ki, onlar Rusiyanın cənubunda baş verənləri də məhz Azərbaycanla əlaqələndirirlər. Amma bütün bunların hamısı təəssüf hissi doğurur.

Azərbaycanda son illər bu qədər beynəlxalq siyasi forumlar, idman və mədəniyyət tədbirləri keçirilib və onların heç birində ən kiçik neqativ hal da baş verməyibsə, hansı terrordan, təhlükədən danışa bilərlər?!

Problemlərin isə kökündə mənbənin məlumatlarının düzgün araşdırılmaması durur. Təssüf ki, dövlət orqanları arasında məlumat mübadiləsi aparılmadan belə hesabatlar yayılır. Yəqin ki, Azərbaycanın müvafiq orqanları da bununla bağlı öz mövqeyini bildirəcək".

Qeyd edək ki, hələlik Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsinə münasibət bildirməyib.

Lakin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev rəsmi Bakının mövqeyini ifadə edərək bu məlumatın təəccüblə qarşılandığını açıqlayıb:

ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı son açıqlaması çox təəccüblüdür - XİN "Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və pisləyir. Son illərdə Azərbaycana turist axınının 24 faiz artdığı, ölkəmizə gələn əcnəbi vətəndaşların sayının 2,7 milyon nəfəri ötdüyü, Azərbaycanın I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları, mədəniyyətlər və dinlərarası dialoq forumları, digər yüksək səviyyəli siyasi, iqtisadi, idman və mədəniyyət xarakterli mötəbər tədbirlərə, o cümlədən ABŞ və Rusiya Baş qərargah rəislərinin, NATO hərbi komitəsinin rəhbərinin və Rusiya Baş qərargah rəisinin görüşləri kimi tədbirlərə ev sahibi etdiyi halda, ABŞ Dövlət Departamentinin belə bir açıqlaması çox təəccüblüdür".

"Azərbaycanın sözügedən mötəbər tədbirlərə ev sahibliyi etməsi digər amillərlə bərabər, ölkəmizdə mövcud olan sabitlik, təhlükəsizlik və ictimai asayişin yüksək səviyyədə təmin olunması ilə bağlıdır. Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş əraziləri istisna olmaqla, Azərbaycan hökuməti ölkədəki təhlükəsizlik və operativ vəziyyəti tam nəzarətdə saxlayır. Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalır," - deyə XİN-nin sözçüsü əlavə edib.

İlkin İzzət Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində      


Xəbərə aid fotolar