Qarderobdan başlayan tamaşaçı mədəniyyəti


Kriminal 10 Yan 2018 23:54:00 403 0

Qarderobdan başlayan tamaşaçı mədəniyyəti

Və ya Yeni il şənliklərində valideynlərin “göz oxşayan” davranışları

Və ya Yeni il şənliklərində valideynlərin "göz oxşayan" davranışları 

Yeni il ərəfəsində mədəniyyət ocaqlarında uşaqların və yeniyetmələrin əylənmələri üçün bayram tədbirləri, şənliklər təşkil edildi. Mədəniyyət ocaqlarının bir neçəsinin bayram tədbirində biz də iştirak etdik.  İlk olaraq onu qeyd deyək ki, bayram günlərində teatrlarda yeni il şənliklərini keçirilməsi valideynlərin işlərini nəinki yüngülləşdirir, hətta uşaqların həyatında unudulmaz anlar yaşadır. Repertuarında uşaq tamaşalarının olduğu və daha çox uşaq auditoriyası ilə işləyən teatrlarımız əyləncəli tamaşalarla balacalara yeni ili maraqlı keçirmələrinə imkan yaradırlar. Amma, şahidinə çevrildiyimiz bir sıra məsələlərdən yan keçə bilmədik. Belə ki, uşaqlarını şənliyə gətirən valideynlərin bir çoxunda tamaşaçı mədəniyyətinin yoxluğu bizi məyus etdi.  Təbii ki, bunu bütün valideynlərə şamil etmək olmaz. 

Məşhur bir deyim var: teatr qarderobdan başlayır. Doğurdan da elədir, biz də valideynlərin tamaşaçı mədəniyyətini elə qarderobdan müşahidə etməyə başladıq. Qarderobda üst geyim üstündə əlbəyaxa davaya çıxan və teatrın işçisini təhqir edən valideynlərin davasını da izlədik. Digər teatrda  nəzarətçilər zala daxil olmaq istəyən valideynə üst geyimini çıxarmaqla bağlı nə qədər irad bildirsə də, o, bahalı şubasının qiymətinin nəzarətçinin illik qazancı qədər olduğunu deməkdən də çəkinmədi. Uşaqlarının yanında teatr işçisini təhqir etdi. Açığı, valideynlərə təmkinlə cavab verən nəzarətçilər səbirinə də heyran qaldıq. 

Teatrlarda nümayiş olunan tamaşalar başa çatdıqdan sonra növbəti bir "şou" başlayır. Bunun adı "birinci kim şəkil çəkdirdi şousu"dur. Tamaşa bitdikdən sonra hər bir uşaq istəyir ki, sevimli personajlarla şəkil çəkdirsin. Ancaq bu mərasim o qədər acınacaqlı keçir ki, uşaqların halına yanmamaq mümkün deyil. Şaxta Baba və Qar Qızla şəkil çəkdirmək üçün yarışa çıxan valideynlər hətta digər uşaqları itələyib, onların yerinə öz uşaqlarını qabağa çəkməkdən belə çəkinmədilər. Uşaqların sevimli personajları o auradan qopub, valideynlərə söz deməyə belə çəkinirdilər. Hətta uşaqlardan biri əlindəki məktubu Şaxta Babaya vermək istəsə də, ancaq sosial şəbəkədki dostlar üçün video-rolik hazırlayan valideynlərin "şou"su ona bur arzusunu reallaşdırmağa imkan vermədi. Bu məqamda aktyor və aktrisalar çox təmkinlə onları yola salmağa çalışır, heç bir valideynin narazı getməməyi üçün əllərindən gələni edirdilər.    Teatra daxil olarkən hədiyyə istəyən uşaqların arzusuna "yox" deyildiyi üçün öncə teatrın əməkdaşlarını qınasam da, tamaşadan sonra zalda gördüyüm mənzərədən sonra fikrimi dəyişdim. Oturacaqların altı su butulkaları, "popkorn"la dolu idi. Hədiyyələr uşaqlara tamaşadan əvvəl verilsəydi, zalın durumunu necə olacağını özünüz təsəvvür edin...  

Əslində, bu, müzakirə olunası ciddi bir mövzudur. Bu gün valideynin belə davranışını görən övlad, sabah onun kimi hərəkət edəcək. Belə olan halda, gələcəyin mədəni, alicənab tamaşaçılarının sayı daha da azalacaq.     Məsələ ilə bağlı teatrlarımıza müraciət etdik.    "Bu narahatlığı anlayırıq"   Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirdi ki, tamaşaçı mədəniyyəti ilə bağlı problem bütün mədəniyyət müəssisələrində  mövcuddur, xüsusən də yeni il şənliyi təşkil olunan teatrlarda: "Bizim teatrımızın axşam tamaşaları ilə bağlı  ciddi mənada qayğımız olmur. Gecikən, səs salan, telefonla danışan tamaşaçılara izah etməyə çalışırıq ki, teatrda belə hallar yol verilməzdir və bu hərəkət  digər izləyicilərə qarşı hörmətsizlikdir. Yeni il şənliklərinə gəlincə isə etiraf edim ki, valideynlərlə bəzi çətinliklərimiz olur. Amma iş düzgün təşkil olunduğuna və bilet nəzarətçiləri tamaşaçılarla normal  münasibət qurmağı bacardığına görə, hər hansı qarışıqlıq, böyük problem yaranmır. Valideynlər israrla istəyirlər ki, tamaşa zamanı uşaqlarının yanında olsunlar. Bu narahatlığı da anlayırıq. Sadəcə, reallıq budur ki, Yeni il şənliyi uşaqlar üçündür. Böyüklər bunu anlayışla qarşılamalıdırlar. Bütün hallarda, teatrımızın kollektivinin öz tamaşaçılarımıza sevgisi böyükdür. Əsas odur ki, teatrı sevsinlər və hər zaman bizim daimi tamaşaçılarımız olsunlar. Yerdə qalan bütün qayğılar öz həllini tapacaq".  

"Tamaşaçıların qarşılanma, yola salınma xidmətinə ciddi şəkildə nəzarət edirik"

Gənc Tamaşaçılar Teatrının inzibatçısı Elşad Hacıkərimov "Kaspi"yə açıqlamasında bildirdi ki,  son illər tamaşaçıların teatra münasibəti və axını artıb. Bu da teatrların repertuar siyasəti və maraqlı tamaşalarla izləyiciləri cəlb etməyindən qaynaqlanır: "Son illər tamaşaçıların teatra axının yarandığının şahidinə çevrilirik. Bu, çox sevindirici haldır. Böyüklərlə bərabər, uşaqların da teatrlara cəlb olunması təqdirəlayiq haldır. Yeni il şənliklərinə gəlincə isə əlbət ki, biz də zaman-zaman neqativ hallarla rastlaşırıq. Bizim daimi tamaşaçılarımız var və onlara teatr sevgisini aşılaya bilmişik.  Əgər hər hansı neqativ hal baş verərsə, maarifləndirmə nöqteyi-nəzərindən mədəni formada onların teatra olan münasibətini dəyişməyə çalışırıq. Tamaşa bitdikdən sonra tamaşaçıların rəyini öyrənirik. Tamaşaçıları qarşılama, yolasalma xidmətinə ciddi şəkildə nəzarət edirik. O ki, qaldı şəkil çəkdirmə mərasiminə, burada mili-mentalitet məsələləri rol oynayır. Bizim işimiz olaraq onları maarifləndirməkdir.  Bacardığımız qədər bunun öhdəsindən gəlməyə çalışırıq". 

"Bu il vəziyyət qənaətbəxş idi"   Abdulla Şaiq adına Kukla Teatrının baş inzibatçısı Səidə Haqverdiyevabizimlə söhbətində bildirdi ki, ötən illərə nisbətən,  bu il tamaşaçı kobudluğu ilə rastlaşmayıblar:  "Bundan əvvəlki illərdə təbii ki, xoşagəlməz hadisələrlə rastlaşmışıq, bununla bərabər maraqlı hadisələrə də üzləşdiyimiz məqamlar olub. Özünüz də bilirsiniz ki, teatrımızda gözəl, komfortlu şərait var, istilik sistemi ilə mükəmməl təchiz olunmuşuq.  Tamaşaya baxmağa gələn valideynlər palto, plaş, şuba ilə zala daxil olurlar. Nəzarətçilər onlara hər nə qədər irad bildirsələr də, məsələni qalmaqla həddinə çatdırırlar, üst geyimlərini çıxartmaqdan qəti imtina edirlər. Elə girişdəcə nəzarətçi tamaşaçıya bildirir ki, üst geyimini çıxartsın və  özləri ilə gətirdikləri içkiləri qarderoba təhvil versin. Üst geyimində içəri keçdikdən sonra isti olduğunu görüb, ağır geyimi oturacaqların başına atırlar. Bu da arxada əyləşən tamaşaçıya səhnəni görməsi üçün mane olur və o, rahat otura bilmir. Bəzən görürük ki, nə qədər xəbərdarlıq edilsə də, valideynlər zala "popkorn", dönər, mineral sular  keçirmək istəyirlər".