"Vurğuna vurğun gəlin"in sevgi hekayəti


Kriminal 10 Yan 2018 20:00:00 261 0

"Vurğuna vurğun gəlin"in sevgi hekayəti

90 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni ilin ilk ayında öz seyrçiləri ilə görüşə "Monotamaşalar paradı" ilə gəldi.

Yanvarın 9-dan 16-dək teatrın "kiçik səhnə"si təqdim ediləcək paradın ilk tamaşası isə Əməkdar artist Lətifə Əliyevanın iştirakı ilə Z.Ziyadoğlunun "Vurğuna vurğun gəlin" əsəri oldu. Tanınmış şair-dramaturq, Səməd Vurğun mükafatı laureatı Zaməddin Ziyadoğlunun görkəmli Azərbaycan şairi Səməd Vurğunun xatirəsinə həsr etdiyi pyes əsasında hazırlanan eyniadlı tamaşa kiçik səhnədə böyük təəssüratlar yarada bildi.

Tamaşada Xalq şairi Səməd Vurğuna ümumxalq məhəbbəti öz əksini tapıb. Aktrisa oyunu ilə bu məhəbbəti həm aktyor oyununda nümayiş etdirə bilirdi həm də zalda əyləşən hər kəsə əsl sevgini aşılaya bildi. Əsəri həyati əsər də adlandırmaq olar. Çünki, zaman-zaman dövrün yazıb yaradan insanlarına xalqın , fərd olaraq hər hansı bir vətəndaşın hörmət və sevgisi bu tamaşada bütünlüklə öz əksini tapıb. Tamaşa ilə bağlı fikirlərini bizimlə bölüşən Əməkdar artist Lətifə Əliyeva bildirdi ki, tamaşanın ideya müəllifi elə özüdür. Düz 16 il əvvəl şairə bu mövzuda bir monoəsər yazmasını xahiş edib. Şair aktrisanın istəyi ilə əsəri yazır amma mənzum şeir, poema formasında. İlk dəfə tamaşanı 16 il əvvəl tamam fərqli formada oynayan aktrisa sonradan teatr və kinodakı işləri ilə əlaqədar bir də həmin tamaşaya qayıda bilmir.