Əli Həsənov: ""Ermənistan hakimiyyəti qeyrikonstruktiv mövqe tutmaqda davam edir"


Siyasət 08 Yan 2018 17:22:00 273 0

Əli Həsənov: ""Ermənistan hakimiyyəti qeyrikonstruktiv mövqe tutmaqda davam edir"

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşüb.

Son.az xəbər verir ki, Komitədən Trend-ə verilən məlumata görə, görüşdə ölkəmizin Aİ ilə əlaqələrinin gələcək illərdə də davam etdiriləcəyinə ümidvar olduğunu vurğulayan Ə.Həsənov K.Yankauskasın Azərbaycandakı fəaliyyəti müddətində bu əməkdaşlığın müxtəlif sahələrdə daha da möhkəmləndiriləcəyinə əminliyini ifadə edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi kökləri və yaranma səbəbləri barədə məlumat verən Baş nazirin müavini qeyd edib ki, çar Rusiyasının və keçmiş sovet hökumətinin köməyi ilə ermənilər Azərbaycanın tarixi torpaqlarında özlərinə dövlət yaratdılar: "Bu gün onların Yerevan adlandırdıqları torpaqda azərbaycanlıların İrəvan xanlığı olub və XIX əsrin əvvəlində orada yaşayanların 95 faizini azərbaycanlılar təşkil edib. Lakin bütün bunlar onlara bəs etmədi. Tədricən bizim digər torpaqlarımızı da işğal etdilər - Zəngəzur, Göyçə mahalları SSRİ tərəfindən ermənilərə hədiyyə verildi. Ermənistan ərazisində doğma torpaqlarında yaşayan azərbaycanlılar son 100 ildə 4 dəfə deportasiya edilib. Sonuncu deportasiya M.Qorbaçovun prezident olduğu dövrdə həyata keçirilib. O, deportasiya deyil, əslində etnik təmizləmə oldu".

Baş nazirin müavini Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin - Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, bütün infrastrukturun dağıdıldığını diqqətə çatdırıb.

Ə.Həsənov qeyd edib ki, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həlli ilə bağlı mötəbər beynəlxalq qurumların, o cümlədən BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdikləri qərar və qətnamələrin tələblərini Ermənistan hələ də yerinə yetirmir. Məsələnin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu iyirmi beş ildən artıq müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, ortaya heç bir səmərəli nəticə qoymayıb.

Münaqişənin həlli ilə bağlı avropalı diplomatın sualına cavab verən Ə.Həsənov bildirib ki, Azərbaycanın Prezidenti İlham Əliyev münaqişənin sülh yolu ilə həllinə nail olmağa üstünlük verir və hər zaman müstəqil siyasət yürüdür. Azərbaycan bölgədə sabitliyin, əmin-amanlığın təmin olunmasında, əməkdaşlığın inkişafında maraqlıdır. Bunun üçün ilk növbədə, beynəlxalq qurumların qətnamələri yerinə yetirilməli, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. Ermənistan intensiv olaraq, danışıqlar prosesini pozur. Ermənistan hakimiyyəti münaqişənin həllini istəmir və qeyri-konstruktiv mövqe tutmaqda davam edir.

K.Yankauskas qarşılıqlı faydaya, ümumi dəyərlərə və bütün sahələrdə qarşılıqlı maraqlara əsaslanan Avropa İttifaqı-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

O qeyd edib ki, Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların mənzil probleminin həlli ilə bağlı gördüyü işlər alqışa layiqdir.

K.Yankauskas məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrə səfər etmək və gələcəkdə onlar arasında müvafiq inkişaf layihələrinin həyata keçirilməsini nəzərdə tutduqlarını bildirib.

Son.az 

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində